10 Dekabr 2023 09:05
17975
SİYASƏT
A- A+

YAŞADAN və YAŞAYAN LİDER

 

12 dekabr - Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anım günüdür. Hər bir xalqın tarixində, hər bir dövlətin qurulmasında, yaşamasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər. Onların dövlət quruculuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırmaları, öz arxalarınca apara bilmək qabiliyyəti və sair kimi siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir. 
XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq Ümummilli Lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrdə davam edən şanlı tarixinin otuz beş illik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz bütün bu illərdə Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin mürəkkəb sınaqlarından uğurla çıxarmış, güclü, öz sözü olan demokratik, dünyəvi müasir Azərbaycan dövlətini yaratmışdır.
Zaman keçdikcə bir həqiqəti bütün varlığımızla dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini daha aydın görürük. Heydər Əliyev çağdaş və gələcək tariximizdə təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider olaraq deyil, eyni zamanda həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanıb. 
"Mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm" deyən Ümummilli Lider bütün ömrü boyu qəti və aydın şəkildə müəyyənləşdirilmiş yüksək prinsipləri və amalları, mənəvi dəyərləri rəhbər tutmuşdur. Bütövlük, tamlıq, ardıcıllıq, ədalətlilik, prinsipiallıq onun xarakterinin mühüm cəhətləri idi. Ulu Öndər həyatının bütün mərhələlərində öz ali məqsədini - mənsub olduğu xalqa və cəmiyyətə sadiq, vicdanlı və əzmkar xidmət prinsiplərini rəhbər tutmuş və bu yoldan heç zaman dönməmişdir. 
"Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam" - söyləyən Heydər Əliyevin həyat və fəaliyyəti barədə çoxlu kitablar yazılmış, məqalələr dərc olunmuş, filmlər çəkilmişdir. Amma bütün bunlar Heydər Əliyev dühasını tam əhatə edə bilmir. Çünki yarım əsrə yaxın bir zaman kəsiyində dahi şəxsiyyətin iqtisadiyyat, elm, mədəniyyət, təhsil, səhiyyə, bütövlükdə həyatın bütün sahələrində qurub-yaratdıqları, dərin düşüncəli ideyaları yalnız dünənki və bugünkü nəsillərə deyil, həm də gələcəyə hesablanmışdır. 
Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutmuşdur. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Ulu Öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!
Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli Lider, dünya üçün ümumbəşəri dəyərdir. Onun adı və fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır. Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir.
Bu gün heç kəsə sirr deyil ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırdı, müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi.
Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunan müstəqilliyi zamanın çətin və keşməkeşli sınaqlarından çıxararaq, onu qoruyub saxlamış, sivil dünyanın və Avropa ailəsinin bir üzvünə çevirmiş Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın tərəqqisi naminə respublikamıza rəhbərlik etdiyi 35 il ərzində göstərdiyi xidmətlər göz qabağındadır və onları saymaqla qurtaran deyil. İkinci dəfə respublika rəhbərliyinə qayıtdığı və ona başçılıq etdiyi 10 il ərzində ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini düzgün təsəvvür edib qiymətləndirmək üçün öncə onun ilk dəfə, yəni 1969-cu ildə hakimiyyətə gəldiyi vaxt respublikada yaranmış ictimai-siyasi və iqtisadi vəziyyətə nəzər salmaq lazımdır. Həmin dövrdə Azərbaycan gündən-günə kəskinləşməkdə olan sosial-iqtisadi, demoqrafik, mənəvi-psixoloji və sair sahələri əhatə edən bir sıra böyük çətinliklər və problemlərlə üz-üzə qalmışdı. Ötən əsrin 60-cı illərində Azərbaycan Respublikasının iqtisadiyyatı dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranan ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodlar tətbiq edilməli idi. 60-cı illərin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındaca Heydər Əliyevi rəğbətlə qarşıladı və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş dövrünə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.
Bütün bunlardan sonra Heydər Əliyevin müstəqillik dövründəki fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqəni, dialektik vəhdəti isbat etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir!
Həmin faktların ən böyüyü isə bu idi ki, dünya sosializm sisteminin və böyük Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.
Ulu Öndərin hakimiyyətinin sonrakı dövrü onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daim Ulu Öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və, nəhayət, Ulu Öndərin sonrakı mərhələdəki fəaliyyəti onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda bu dahi insanın qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.
Müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyinə səs verərək hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşunda dönüş nöqtəsi oldu. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyi itirmək təhlükəsindən qurtuldu. Heydər Əliyev öz doğma xalqını uçurumların üzərindən keçirib gələcəyə apardı. Ümummilli Lider müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoydu.
Ulu Öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı.
Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə xalqımızın da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünyaşöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi.
Heydər Əliyevin ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu Öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli Liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
Heydər Əliyev öz ideyalarında yaşatdığı müstəqil Azərbaycan dövlətinin gələcəyini yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, müstəqillik yolu bir çoxlarının düşündüyündən də uzun və əzablıdır. Ona görə də o, ilk növbədə Azərbaycanı taleyin ümidinə buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək amilləri vaxtında aradan qaldırdı. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin misilsiz xidmətləri sayəsində əldə olundu. Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə icitmai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. Bununla da Azərbaycan dünya dövlətləri içərisində özünəməxsus layiqli yerini tutdu, iqtisadiyyatımızdakı böhran aradan qaldırıldı və iqtisadi inkişaf dövrü başlandı. Demokratiya, siyasi sabitlik və ən başlıcası tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi.
Heydər Əliyev üçün hakimiyyət on minlərcə şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının bütövlüyünü, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək, müharibədən və keçid dövrünün əzablarından əziyyət çəkən xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvü etmək üçün lazım idi. Bunu dərk edən xalq da Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorudu, daim rəhbərinə dəstək oldu.
Yeni siyasi kurs və inkişaf perspektivlərini müəyyən edən Ümummilli Liderin həyata keçirdiyi təcili islahatlar nəticəsində hakimiyyət boşluğu aradan qaldırıldı. Respublikanın müxtəlif bölgələrində baş qaldırmış etnik separatçı qüvvələr qətiyyətlə zərərsizləşdirildi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Siyasi diplomatiya təcrübəsi ölkənin xarici siyasətinə tətbiq edildi, bu sahədə inamlı addımlar atıldı. Eyni zamanda dünyaya səs salan yeni-yeni neft müqavilələri imzalandı, hüquqi-demokratik islahatlar dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Bütövlükdə ölkə yeni inkişaf mərhələsinə keçdi.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. Məhz onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Azərbaycan yalnız Heydər Əliyevin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Artıq dünyanın bütün qurumlarında Heydər Əliyevin ucadan gələn səsi Azərbaycan həqiqətlərini dünyaya tanıtmağa başladı. Ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı. Müharibə şəraitində olan Azərbaycanın Silahlı Qüvvələrində həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərbi qaydaların tələblərinə uyğun idarə edilməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi.
Məhz Heydər Əliyevin apardığı müdrik xarici və daxili siyasət sayəsində dövlətimizin milli müstəqillik xətti dönmədən həyata keçirildi. Ümummilli Liderin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz islahatlar nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Beləliklə, həmin illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu, dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi.
Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu.
Heydər Əliyev öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər idi. Bu şəxsiyyətin xatirəsi Nəsimi rayonunun sakinləri tərəfindən də daim uca tutulur. Ümummilli Lider Heydər Əliyevin anım günü Nəsimi rayonunda da qeyd edilib. Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbirlərin iştirakçıları Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar təhsil müəssisələrində fotostend, sərgi, müsabiqə və idman yarışları təşkil olunub. Məktəblərdə keçirilən tədbirlərdə şagirdlər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər nümayiş etdirilib. Tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş olunub.
Ümummilli Liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irs bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızda elə bir sahə tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. 
Ulu Öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. 1969-1982-ci illərdə, respublikamıza ilk dəfə rəhbərlik etdiyi zaman görülən tədbirlər Azərbaycanı gələcəkdə siyasi müstəqilliyə aparan yolda mühüm rol oynamışdır. Keçmiş sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə doğma Azərbaycanının tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi və milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik mövqeyi göstərmişdir.
Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu olaraq çağdaş tariximizə şanlı səhifə yazmışdır. Xalqın təkidli istəyinə səs verərək 1993-cü ilin iyununda Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli təmsilçisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Ümummilli Lider Heydər Əliyevin xalqa son müraciətindəki müdrik mövqeyini, uzaqgörənliyini - "Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikrini möhtərəm Prezidentimiz öz uğurlu fəaliyyəti ilə ötən müddətdə tam təsdiqləməklə həm Ulu Öndərimizin, həm də bütün Azərbaycan xalqının ümidlərini doğrultdu.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün milli intibahının şərəfli mərhələsini yaşayır. Hazırda ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, Vətənimizi dünyaya yeni formatda təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun uğurlu davamıdır. 
XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətin parlaq təzahürüdür.
Müstəqillik tariximizdə Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin davamı olan Prezident İlham Əliyev dövrü Azərbaycanı bölgənin liderinə, dünyada söz sahibinə çevirən dinamik inkişaf və möhtəşəm quruculuq mərhələsi kimi tarixə yazılmaqdadır. Məhz 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev milli maraqların dövlət siyasəti səviyyəsində daha geniş şəkildə həyata keçirilməsini davam etdirdi. Bu maraqlar həm ölkə daxilində siyasi, iqtisadi, həm də Azərbaycan üçün xüsusi önəm daşıyan xarici siyasət sahəsində düşünülmüş və olduqca dəqiq hazırlanmış konsepsiyalar əsasında təmin edildi.
Bəli, bu gün müasir Azərbaycan cənab Prezidentin rəhbərliyi altında özünəməxsus inkişaf yolu ilə gedir. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin həyata keçirdiyi çoxsaylı qlobal tədbirlər, Azərbaycanın və xalqımızın inkişafı naminə imzaladığı fərman və sərəncamlar, mütəmadi xalqla birbaşa ünsiyyətdə olması Ümummilli Lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır. Hazırkı dövrdə Azərbaycanın yüksək templə hərtərəfli qüdrətlənməsindən danışarkən xalqına olan sədaqəti, davranışı, elmi bilikləri, dərin düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti və digər bu kimi Azərbaycan xanımına xas müsbət cəhətləri özündə birləşdirərək bütün dünya qadınlarına örnək olan Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında genişmiqyaslı fəaliyyəti haqqında danışmamaq mümkün deyil. Heç kəsə sirr deyil ki, xalqımızın qəlbində Mehriban xanıma dərin, misilsiz inam və etimad var.
Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün Ulu Öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmamış, ümummilli əhəmiyyət kəsb etməmişdir. Bütün bunlarla bərabər, 30 il düşmən işğalı altında olan ərazilərimizin işğaldan azad olunması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə Prezident İlham Əliyevin uzaqgörən dövlətçilik siyasəti, qətiyyəti sayəsində Azərbaycan Respublikası iqtisadi cəhətdən inkişaf etmiş ölkə səviyyəsinə yüksəlmişdir. 
Ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Davos İqtisadi Forumu və bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevrildiyini dönə-dönə, dəfələrlə bəyan etmişlər. Prezident İlham Əliyev Vətən müharibəsinə mühüm hazırlıqlardan sonra inkişaf etmiş Azərbaycan Ordusu və vətənpərvər Azərbaycan əsgəri ilə başlamışdır. Təməli böyük uzaqgörənliklə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş "Bir millət-iki dövlət" düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. 
Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 Noyabr - Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan 
İlham Əliyevin, xalqımızın və rəşadətli ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, "Bir millət-iki dövlət" strategiyasının real təntənəsidir. Böyük Zəfər Günü - gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısı olmuşdur. 
Xalqımıza böyük qürur bəxş edən hadisələr, o cümlədən bu ilin 19-20 sentyabr tarixlərində cəmi 24 saat ərzində lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonrakı hərbi-siyasi sahədəki uğurlar məhz Prezident İlham Əliyev siyasətinin qələbəsidir. Antiterror tədbirləri nəticəsində əldə edilən nailiyyət Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci ildönümündə xüsusi əhəmiyyət kəsb edir. 20 illik prezidentlik dövrünün zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmış, 8 Noyabr - Zəfər Gününü xalqımızın qürur mənbəyinə çevirmişdir. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük Zəfər ölkəmizə, regiona və dünyaya daha böyük zəfərlər vəd edir. Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaqdır.
Qələbədən sonrakı dövrdə Böyük qayıdışa dair həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Bütün bu müddət ərzində dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri Böyük qayıdışın təminatıdır.
Bizim qarşımızda duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Ulu Öndər vaxtilə deyib: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Həqiqətən də bu gün ölkəmiz möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın simasında dünyaya Günəş kimi parlayır.
Azərbaycan inkişaf edir, Azərbaycan gələcəyə böyük addımlarla irəliləyir. Onun getdiyi yol isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yoldur. Çünki Heydər Əliyev hər birimizə nümunə olan BÖYÜK AZƏRBAYCANLIDIR!

Asif ƏSGƏROV, 
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video