İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycanın İtaliyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan bəhs edib. Səfir Ümummilli Liderin müəllifi olduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb. O, həmçinin torpaqların işğaldan azad olunması istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu kursun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən tarixi Zəfərlə tamamlandığını diqqətə çatdırıb.
Səfir çıxışında Romada təhsil alan azərbaycanlı gənclərdən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin gənclərin inkişafına göstərdiyi xüsusi diqqət, eləcə də bu istiqamətdə həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Romadakı Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə çıxışında Ümummilli Lider Heydər Əliyevin yalnız görkəmli dövlət xadimi deyil, həm də Azərbaycan mədəniyyətinin, milli kimliyinin və mənəvi dəyərlərinin qorunmasına xüsusi önəm verən böyük şəxsiyyət olduğunu qeyd edib. O, Ümummilli Liderin rəhbərliyi dövründə milli mədəniyyətin dövlətçilik ideologiyasının ayrılmaz hissəsinə çevrildiyini və bu siyasətin bu gün də aktual olduğunu bildirib.
ASAP-ın nümayəndələri - İtaliyada təhsil alan Fidan Məmiyeva və Fariz Məsimli Ulu Öndərin gənclərə verdiyi dəyər, dövlətin gənclər siyasəti və gənclər təşəbbüslərini dəstəkləyən proqramlar haqqında təqdimatlar ediblər.
Çıxışlardan sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2024-cü ildə hazırlanan və Ümummilli Liderin həyat və fəaliyyət yolunu əks etdirən “İz” sənədli filmi nümayiş etdirilib.