Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Konfransda YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, YAP Ağdam rayon təşkilatının fəaliyyəti partiyanın qarşıya qoyduğu vəzifələrə uyğun olaraq təşkilati işin gücləndirilməsi, üzvlərin fəallığının artırılması və ictimai-siyasi proseslərdə iştirakın genişləndirilməsi istiqamətində qurulub. “Təşkilat hesabat dövründə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Fəaliyyətimizdə ideya və əqidə birliyi, partiya üzvlərinin nizam-intizamı xüsusi diqqət mərkəzində saxlanılır”, - deyə Mansur Quliyev söyləyib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yüksək nüfuzunun əsas göstəricilərindən biri milli maraqların ifadəçisi kimi çıxış etməsidir. O qeyd edib ki, partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təməllər üzərində qurulduğunu və bu birliyin sarsılmaz xarakter daşıdığını təsdiqləyir. Vaqif Həsənov vurğulayıb ki, Azərbaycan xalqı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir.
Milli Məclisin deputatı Elman Məmmədov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası fəaliyyətini ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas milli prioritetlər istiqamətində qurmaqla cəmiyyətdə yüksək nüfuza malikdir: “Azərbaycan parlaq nailiyyətlər qazanır, milli gücümüz günbəgün artır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Əldə olunan uğurların siyasi müstəvidə möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının mühüm xidmətləri var”.
Ağdam Peşə Təhsili Mərkəzi ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Ağdam Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs ərazi partiya təşkilatının sədri Bəhram Qurbanov təşkilatın hesabat dövründəki fəaliyyətini müsbət dəyərləndiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə bildirib ki, Yeni Azərbaycan Partiyası bu günədək xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib: “Bu gün partiyamızın gücü Ulu Öndər Heydər Əliyev ideyalarından və Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. Prezident İlham Əliyev ölkəmizin nüfuzunu artırmaqla onu dünyada müstəqil xarici siyasət yürüdən dövlət və etibarlı tərəfdaş kimi tanıdıb. Tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövləti Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləməkdədir”.
Konfransda rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və YAP-ın VIII qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
L.QULİYEV,
«Azərbaycan»