Şeyx Seyid Yəhya Bakuvi Şirvani xəlvətilik təriqətinin (sufi mənəvi ənənəsi – red.) formalaşmasında və yayılmasında mühüm rol oynayıb, öz xəlifələri vasitəsilə Azərbaycanın mənəvi irsinin Anadoluda və Balkanlarda yayılmasına töhfə verib.
AZƏRTAC xəbər verir ki, bunu İstanbul Sabahattin Zaim Universitetinin İslam elmləri fakültəsinin dekanı professor Həsən Kamil Yılmaz Bakıda Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Təsəvvüf və irfan ənənələrinin Türk dünyasının dini və mədəni həyatında xüsusi yer tutduğunu qeyd edən professor bu ənənənin İslam dünyasının müxtəlif istiqamətləri üçün ümumi mənəvi məkanlardan biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Yəhya Bakuvi xəlvətilik təriqətinin tarixində əsas simalardan biridir. O, zikr, xəlvət və mənəvi kamilləşmənin digər formaları da daxil olmaqla, mənəvi yolun əsas prinsiplərini sistemləşdirib, həmçinin çoxsaylı xəlifələr yetişdirib.
“Yəhya Bakuvi çoxsaylı xəlifə və tələbələr yetişdirmiş mərkəzi fiqurdur. Xəlvətilik təriqəti məhz onların vasitəsilə Anadoluda və Balkanlarda geniş yayılıb”, – deyə professor bildirib. O vurğulayıb ki, Yəhya Bakuvinin əhəmiyyəti yalnız bir təriqətin tarixi ilə məhdudlaşmır. Alimin sözlərinə görə, onun fəaliyyəti Azərbaycanda formalaşmış və digər bölgələrdə geniş yayılmış mənəvi ənənənin ötürülməsinə, təşkilati baxımdan formalaşmasına və inkişafına töhfə verib.
“Yəhya Bakuvi mədəni və mənəvi baxımdan Azərbaycan ilə Anadolu arasında əlaqələndirici halqadır”, – deyə Həsən Kamil Yılmaz qeyd edib.
Professor, həmçinin Azərbaycanda Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsini yüksək qiymətləndirib, İslam dünyasının mənəvi və intellektual tarixinin görkəmli nümayəndələrinin irsinin öyrənilməsinin və tanıdılmasının vacibliyini vurğulayıb.