02 May 2023 09:10
2089
SİYASƏT
A- A+

Ümummilli Lider və onun Azərbaycanı

 

Xalqın tarixi onun yetişdirdiyi dahi şəxsiyyətlərin həyat və fəaliyyətinin əsrlərlə həkk olunan salnaməsi kimi yaranır. 
Azərbaycanın müasir tarixi, ölkəmizdə müstəqil dövlətin qurulması və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyatından və siyasi fəaliyyətindən ayrılıqda dərk edilmir və edilə bilməz. 1970-ci illərdən etibarən Azərbaycanda müşahidə edilən yüksəliş və tərəqqinin bütün təzahürlərində Heydər Əliyev şəxsiyyəti başlıca və həlledici amil olmuşdur. Bu dahi insanın müstəqil Azərbaycan dövlətinin banisi sayılması və Ümummilli Lider statusunda qəbul edilməsi onun xalqımızın ən qüdrətli simaları sırasında layiqli yer tutmasının birbaşa təsdiqidir. Azərbaycanın müasir tarixinin Heydər Əliyevin adı ilə, Ulu Öndərin adının isə ölkəmizin müasir tarixi ilə yanaşı çəkilməsi azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən biri kimi qavranılmaqdadır.

 

Azərbaycanı dəyişdirən 14 il

 

Taleyinə tarix yaratmaq qisməti düşən liderlər, bir qayda olaraq, xalqın taleyüklü dövrlərində siyasi səhnəyə çıxır və sosial sifariş kimi qəbul edilən missiyanı yerinə yetirməli olurlar. Ötən əsrin 60-cı illərində keçmiş sovet imperiyasının tərkibində olan Azərbaycanın dərin iqtisadi və sosial böhran zolağına daxil olması təkcə hakim dairələri ciddi narahat etməklə məhdudlaşmır, habelə cəmiyyətdə ruh düşkünlüyü, mənəvi deqradasiya və digər neqativ hallarla müşayiət olunurdu. 
Zəngin təbii sərvətlərə sahib olan Azərbaycanın iqtisadi gerilik və yoxsulluq kimi uğursuz tale yaşamağa məhkum edilməsi sosial bəla olmaqla yanaşı, daha çox milli özünüdərk və milli dirçəliş kimi milli-mənəvi amillərə çətin sağalan yaralar vururdu. İmperiyanın siyasi elitasını iqtisadi və sosial problemlər narahat etdiyi halda, milli ruhlu elitanı xalqın özünüdərki və dirçəlişi sahəsində müşahidə olunan böhran daha çox qayğılandırırdı. Yaranmış vəziyyət Azərbaycanda yeni tipli siyasi liderin meydana gəlməsini təxirəsalınmaz sosial sifarişə çevirmişdi. Bu elə bir lider olmalı idi ki, Azərbaycanı iqtisadi və sosial böhrandan çıxarmaq qüdrətinə malik olmaqla yanaşı, həm də xalqın buxovlanmış milli ruhunu dirçəltməyi istəsin və bacarsın. Yarım əsr bundan əvvəl azərbaycanlıların xəyallarında canlandırdıqları yeni liderin tarixi missiyası məhz bu şəkildə qavranılırdı.
1969-cu ildə Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə irəli çəkilməsi respublikanın həyatında böyük ümidlər verən bir sıra yeniliklərlə müşayiət olunmağa başlamışdı. Diqqəti cəlb edən əsas məqamlar idarəetmənin xarakterinin ciddi şəkildə dəyişməsindən tutmuş neqativ halların aradan qaldırılması sahəsində prinsipiallıq, dövrə məxsus işgüzar fəallığın artırılması, əhalinin güzəranının yaxşılaşdırılması sahəsində real layihələrin hazırlanması formalarında təzahür edən çoxvektorluluq idi. Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə ayrı-ayrı sahələrdə hiss edilən irəliləyişlərin özünü göstərməsi arasında tarixi məsafənin yetərincə qısa olması qeyd edilməsi gərəkən digər cəhət sayıla bilər. 1970-ci ilin Azərbaycanının ondan əvvəlki dövrün Azərbaycanından xeyli dərəcədə fərqləndiyini insanlar aydın şəkildə görür və qiymətləndirirdi. 
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən mühüm xidmətləri sırasında respublikanın iqtisadi potensialının inanılmaz dərəcədə yüksəlməsi ayrıca vurğulanmağa layiqdir. O dövrün tələbləri baxımından ən müasir sənaye sahələrinin qurulması, hazır məhsulların istehsalı müəssisələrinin istifadəyə verilməsi, yüksək elm və texnologiya tutumlu sahələrin yaradılması iqtisadi sahədə ciddi dəyişiklikləri stimullaşdırırdı. Neft sənayesi sahəsini çıxmaq şərti ilə əsasən aqrar iqtisadiyyat respublikası kimi tanınan Azərbaycan istifadəyə verilən çoxsaylı müasir zavod, fabrik, son məhsul istehsalı müəssisələri sayəsində dövrün inkişaf etmiş sənaye respublikasına çevrilərək iqtisadi inkişaf sahəsində inanılmaz sıçrayışa nail oldu. 
Qısa vaxtda qeyri-adi dəyişikliklərə məruz qalan digər iqtisadi fəaliyyət sahəsinin bariz nümunəsi kənd təsərrüfatı sayılmalıdır. Heydər Əliyevin rəhbərliyə gəlməsinə qədər əsasən aqrar respublika kimi tanınan Azərbaycanda kənd təsərrüfatı istehsalı səmərəlilik səviyyəsinə görə SSRİ-də ən aşağı pillədə qərarlaşırdı. Bu isə respublikanın iqtisadi göstəricilərində əks olunmaqla yanaşı, həm də əhalinin həyat səviyyəsini təyin edən başlıca amillərdən biri idi. Kənd təsərrüfatı sahəsində durğunluğu aradan qaldırmadan Azərbaycanın sosial və iqtisadi inkişafı sahəsində ciddi irəliləyişə nail olmağın qeyri-mümkünlüyünü Heydər Əliyev ona məxsus olan fəhm ilə çox aydın dərk edirdi. Ona görə də kənd təsərrüfatının yenidən qurulması və sürətli inkişafı onun fəaliyyət proqramının mərkəzi məsələsi kimi səciyyələndirilməlidir. Sözügedən proqramın uğurla reallaşmasının ən parlaq nümunəsindən biri ötən əsrin 60-cı illərində kənd təsərrüfatı sahəsində ən aşağı göstəricilərə malik olan Azərbaycanın artıq 70-ci illərdə keçmiş SSRİ-də ən çox üzüm istehsal edən respublikaya çevrilməsi hesab edilməsidir. Parelel olaraq pambıqçılıq sahəsində istehsal göstəricilərinin 5-6 dəfəyədək yüksəlməsi sayəsində Azərbaycan Sovet İttifaqının ən müasir aqrar-sənaye kompleksinə malik olan bölgəsi kimi tanınmağa başladı.
1970-ci illərin yüksəliş tarixinin diqqətəlayiq nümunələri sırasında Bakının və Azərbaycanın digər bölgələrinin simasının heyrətamiz dərəcədə dəyişdirilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycan eyni zamanda mədəni intibah dövrünü yaşayırdı. Elm, təhsil, mədəniyyət böyük canlanma mərhələsinə daxil olmuşdu. Azərbaycan mədəniyyəti respublika hüdudlarını inamla aşaraq iqtisadi inkişafı ilə məşhurlaşan respublikanın şöhrətinin artmasına öz əhəmiyyətli töhfəsini verməkdə davam edirdi.
Heydər Əliyevin titanik iradəsi, qətiyyəti və zəhməti sayəsində 1969-1982-ci illəri əhatə edən dövrdə Azərbaycan bütünlüklə dəyişdi, şan-şöhrət qazandı, insanların yaşayış səviyyəsi yüksəldi, həyat bütünlüklə yeni ölçülər kəsb etdi. Azərbaycanın gələcəkdə o zaman bəlkə də aydın görünməyən yeni keyfiyyət halına keçməsi üçün ilkin bünövrə qoyuldu. O keyfiyyət halının adı isə 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində milli məfkurə olaraq təzahür edən xalqın müstəqillik ruhu idi.

 

Heydər Əliyev və Azərbaycanın milli dirçəlişi

 

Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri sırasında Azərbaycan xalqının milli dirçəlişində oynadığı rol ayrıca vurğulanmağa layiqdir. Azərbaycanda milli dirçəliş yolunda milli ruhlu mütəfəkkirlərin bir neçə nəslinin qətiyyət və mübarizlik nümunəsi olan fədakarlığı xalqımızın milli yaddaşının parlaq səhifələrini təşkil edir. XIX əsrdən başlayan və bolşevik istilasından sonra müəyyən qədər səngiyərək əsasən Azərbaycandan kənarda yaşamağa məhkum edilən milli ruhlu mütəfəkkirlərin mücadiləsi formasında davam etdirilən milli dirçəliş hərəkatı XX əsrin 60-cı illərinin sonlarında Azərbaycanın ümumi inkişafının tərkib hissəsi kimi özünü göstərməyə başladı. Bunun həlledici səbəbləri arasında Heydər Əliyev amilinin mühüm əhəmiyyətə malik olması indi hamının etiraf etdiyi tarixi həqiqətdir. 
Milli dirçəlişin əsasında hamılıqla qəbul edilən milli ideya, ümumi milli inkişaf və xalqı təmsil etmək statusuna sahib olan liderin mövcudluğu dayanır. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı xalqımızın milli dirçəlişi yolunda gərəkli olan şərtlərin formalaşmasına birbaşa təkan verirdi. Ümummilli Liderin sovet dönəmində fəaliyyətinin hərtərəfli təhlili respublikada sürətli iqtisadi və sosial yüksəlişin uzağagedən məqsədlərinin olduğunu iddia etməyə əsas yaradır. Xalqın milli dirçəlişinin ilkin şərti onun ümumi, o cümlədən iqtisadi inkişafı hesab edilir. Milli dirçəlişin ilk olaraq istinad etdiyi bünövrə toplumun özünə inamı, sərvətlərinin sahibi olmaq məfkurəsinin formalaşması sayılır. Yalnız özünə inanan, öz dəyər və sərvətlərinə sahib çıxa bilən xalq həm də öz taleyinin sahibi olmaq səviyyəsinə yüksələ bilir. Ötən əsrin 70-80-ci illərinin iqtisadi yüksəlişi bütün digər müsbət təsirləri ilə yanaşı, xalqın milli dirçəlişinin əsaslarının yaradılması kimi tarixi missiyanı da qaçılmaz olaraq yerinə yetirirdi. Artıq 1980-ci illərin əvvəllərində nəinki Azərbaycan, habelə Azərbaycan xalqı 60-cı illərin Azərbaycanı və Azərbaycan xalqı deyildi.
Milli dirçəlişin ən mühüm şərtlərindən birinin milli lider amili ilə əlaqədar olması tarixi təcrübənin sübuta yetirdiyi həqiqətlər sırasındadır. Milli identikliyin və milli ideyanın formalaşması tarixi şəxsiyyətlər olan liderlərin yerinə yetirdiyi başlıca funksiyalardandır. Lideri rəhbərdən fərqləndirən cəhət birincinin xalqın maraqlarını daha aydın ifadə edə bilməsindən və bu zəmində onun özünü təkcə etnik birlik kimi deyil, həm də siyasi vahid kimi dərk etməsinə rəvac verməsindən ibarətdir.
Bu mənada Heydər Əliyev sovet sisteminin Azərbaycana təyin etdiyi növbəti rəhbər yox, millətin hamılıqla qəbul etdiyi lideri idi. O, təkcə Bakıda olanda deyil, həm də Moskvada, SSRİ-nin ali rəhbərliyində təmsil olunanda da eyni dərəcədə Azərbaycan xalqının lideri missiyasını yerinə yetirirdi. Bu o zaman idi ki, artıq Azərbaycanın sovet sisteminin təyin etdiyi başqa rəhbəri var idi. Heydər Əliyevin liderlik missiyası və rolu onun SSRİ rəhbərliyindən istefa verməsindən sonra yeni sovet rəhbərliyi tərəfindən haqsızlıqlarla, təzyiq və böhtanlarla üzləşəndə də xalq tərəfindən etiraf olunurdu. Ulu Öndərin Azərbaycanda müasir milli dirçəlişin beşiyinin başında dayandığını bundan daha inandırıcı şəkildə sübuta yetirə biləcək amili təsəvvür etmək mümkün deyildir.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində Azərbaycanı bürüyən xalq hərəkatı milli oyanışın parlaq ifadəsi sayılmaq qədər əhəmiyyətli və dəyərlidir. Heydər Əliyevin milli dirçəlişin, müstəqilliyə aparan mücadilənin hərəkətverici və ilhamverici qüvvəsi olması sübuta ehtiyac duymayan tarixi hadisə və həqiqətdir. Ümummilli Liderin müstəqil Azərbaycanın qurucusu missiyası əslində öz başlanğıcını məhz həmin vaxtdan götürür.

 

Kremli fəth edən azərbaycanlı

 

Sovet dövrü Azərbaycanın çoxəsrlik tarixinin bir hissəsidir. Bu dövr istər tarixçilər, istər siyasətçilər, istərsə də sadə vətəndaşlar tərəfindən çox fərqli şəkildə qiymətləndirilir. Onu tariximizin qürurverici səhifəsi saymasaq da, tam qara rəngli illər hesab etmək də ədalətli olmazdı. Müasir Azərbaycan Respublikasının iqtisadi potensialının əhəmiyyətli bir hissəsinin yaradılması həmin dövrün payına düşür. Elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafında sovet dövrünün rolunu danmaq mümkün deyil. Bu mənada sovet rejiminin xalqımıza vurduğu yaralardan düzgün nəticə çıxarmaq, eyni zamanda nailiyyətlərimizi qiymətləndirməyi bacarmaq ən müdrik seçim olardı. Azərbaycan xalqı zorən sovet rejimi çərçivəsində yaşamağa məhkum edilmişdi və mövcud imkanlardan maksimum faydalanmaqdan savayı seçimi yox idi. Heydər Əliyev respublika rəhbəri kimi bütün bu reallıqları dərk edərək və mövcud imkanlardan ən səmərəli şəkildə faydalanmaq yolunu tutaraq Azərbaycanın iqtisadi, sosial və mədəni yüksəlişinə möhtəşəm töhfələr verməyə nail oldu. 
 Heydər Əliyev dünyanın iki superdövlətindən biri sayılan Sovet İttifaqının xüsusilə seçilən parlaq partiya və dövlət xadimləri sırasında dayanırdı. Onun sovet siyasi olimpinin zirvəsinə yüksəlişi müəyyən mənada obyektiv zərurət, sosial sifariş parametrlərinə malikdir. Artıq qeyd edildiyi kimi, Heydər Əliyevin Azərbaycanın rəhbəri vəzifəsinə irəli çəkilməsi respublikanın həyatında narahatlıq yaradan böhranlı dövrə təsadüf edir. Üzərinə düşən vəzifələrin ağırlığına rəğmən yeni rəhbərin idarəçilik uğurları nəinki Azərbaycanın iqtisadi və sosial böhrandan çıxarılması ilə nəticələndi, habelə onun bacarıqlı dövlət xadimi imicini formalaşdırdı.
Ötən əsrin 70-80-ci illərində Azərbaycan SSRİ-nin ən dinamik inkişaf edən respublikası, Heydər Əliyev isə ən parlaq respublika rəhbəri hesab edilirdi. Onun idarəçilik uğurları və şəxsi keyfiyyətləri gələcək siyasi perspektivlərinə möhkəm zəmin hazırlamışdı. SSRİ rəhbərliyindəki süstlük, çeviklik və təşəbbüskarlığın çatışmaması, ölkədə müşahidə olunmağa başlayan böhran meyilləri və sairə Heydər Əliyev kimi təşəbbüskar, yenilikçi, eyni zamanda enerjili və yorulmaz rəhbərlərə tələbatı ön plana çıxarmışdı. Ölkənin həm siyasi elitası, həm də bütünlükdə cəmiyyət SSRİ-nin gələcəyini yeni rəhbərlərin irəli çəkilməsində görürdülər. Bu baxımdan artıq bütün dövlət miqyasında tanınan və böyük hörmət qazanmış Heydər Əliyevin Moskvaya, yüksək dövlət vəzifəsinə irəli çəkiləcəyi arzulanır və gözlənilirdi. Ona görə də 1982-ci ildə Azərbaycanın enerjili rəhbərinin həmin dövr üçün ən yüksək siyasi status sayılan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrinə irəli çəkilməsinin onun şəxsi siyasi karyerasının əlamətdar hadisəsi prizmasından qiymətləndirilməsi ilə yanaşı, süquta doğru gedən ölkənin xilasının şərtlərindən biri olaraq diqqətdən keçirilməsi doğru olardı.
SSRİ-nin süqutunun xiffətini çəkənlərin böyük qismi o zaman Heydər Əliyevin böyük təcrübəsindən yetərincə istifadə olunmadığını bu günə qədər vurğulamaqdan yorulmayıblar. Onun 1987-ci ilin sonlarında SSRİ rəhbərliyindən istefa verməsindən az keçmiş ölkədə çaxnaşmaların başlaması və imperiyanın 1991-ci ildə qəfildən çökməsi sözügedən iddialarda böyük həqiqət payı olduğunu söyləməyə əsas verir. Lakin bu fikirlər heç bir halda SSRİ-nin süqutuna fərqli prizmadan yanaşmaq cəhdi kimi qiymətləndirilə bilməz. Sovet imperiyasının ömrünü başa vurması Azərbaycanın müstəqilliyinə yol açmış, müasir Azərbaycan Respublikasının yaranması ilə nəticələnmişdir ki, hər bir azərbaycanlı bu tarixi hadisənin xoşbəxtliyini yaşamaqdadır. Heydər Əliyevin özü də SSRİ-nin süqutunu məhz bu nöqteyi-nəzərdən qiymətləndirir, müstəqil Azərbaycan dövlətinin qurulmasını böyük tarixi nailiyyət sayırdı. Bununla yanaşı, Azərbaycan xalqının nümayəndəsinin o dövrün superdövlətinin ali rəhbərliyində təmsil olunması özlüyündə böyük tarixi hadisə hesab edilməyə layiqdir. Bu, Heydər Əliyevin bioqrafiyasının əlamətdar hadisəsi olmaqla yanaşı, özündə möhtəşəm milli qürur və iftixar yükü daşıyırdı. Heydər Əliyevin Kremldə yüksək məqamda oturması onun ümummilli liderlik statusunun formalaşmasına bilavasitə təsir göstərərək Azərbaycan xalqının milli oyanışının qüdrətli amili rolunda özünü büruzə verirdi.

 

Müstəqil Azərbaycanın qurucusu

 

SSRİ-nin dağılması Azərbaycanın müstəqilliyini elan etməsinə zəruri hüquqi-siyasi əsasları təmin etdi. 1991-ci ildə Azərbaycan dövləti müstəqilliyini elan etdi, dünyanın siyasi xəritəsində suveren Azərbaycan dövləti meydana gəldi. Qarşıda onun siyasi-iqtisadi əsaslarını yaratmaq, sovet keçmişindən miras qalan totalitar ənənələrin demokratik dəyərlərə keçidini təmin etmək kimi mürəkkəb vəzifələrin həll edilməsi dayanırdı. Ermənistan respublikasının Azərbaycana qarşı ərazi iddiaları zəminində alovlanan hərbi toqquşmalar, təcavüz, bir sıra rayonların erməni işğalına məruz qalması və onun acı nəticələri həm gənc dövlətin idarə edilməsini, həm də tarixi keçidin təmin edilməsindən irəli gələn vəzifələrin reallaşmasını ciddi şəkildə ağırlaşdırırdı. 
Yenicə yaranmış Azərbaycan Respublikasında keçid mərhələsini yaşayan istənilən dövlət üçün arzuedilən müdrik rəhbərliyin çatışmaması yuxarıda göstərilən taleyüklü məsələlərin həllini müşkülə salan daha bir həlledici amil sayılmalıdır. SSRİ-nin süqutu ərəfəsində vüsət alan azadlıq və demokratiya çağırışları fonunda hakimiyyətə gələn xalq cəbhəsi hökuməti nə tarixin onların üzərinə qoyduğu məsuliyyətli vəzifəni dərk edə, nə də dövləti idarə etməyə gərəkli olan ən sadə idarəçilik təcrübəsini nümayiş etdirə bildi. Vəzifələrin mürəkkəbliyi və vəziyyətin gərginliyi qısa vaxtda idarəçiliyin iflic vəziyyətə düşməsinə, ölkədə total böhranın yaranmasına gətirib çıxardı. Yaranmış vəziyyətdən istifadə edən qüvvələrin təhriki ilə ölkənin cənubunda və şimalında baş qaldıran separatçı hərəkatlar isə gənc Azərbaycan Respublikasının dövlət müstəqilliyinə real təhlükəyə çevrilmişdi. Xalq ölkənin mövcudluğunun xilası və böhranın aradan qaldırılmasının yeganə yolunu Heydər Əliyevin rəhbərliyi altında yeni hökumətin yaradılmasında görürdü. 
Gənc Azərbaycan Respublikasının parçalanmaqdan və böhrandan xilas edilməsi naminə xalqın təkidləri əsasında Heydər Əliyevin rəhbərliyi altında yeni hökumətin yaradılması müasir tariximizdə qayıdış və qurtuluş hadisələri kimi qeyd edilir. Hakimiyyətə qayıdan Ümummilli Lider ilk növbədə daha təhlükəli hal alan separatizmi dəf etdi, ikinci növbədə ölkəni bürümüş xaos, anarxiya və qanunsuzluqlar aradan qaldırıldı, növbəti addım isə erməni təcavüzünün genişlənməsinin qarşısının alınması, bir sıra həyati vacib strateji vəzifələrin həyata keçirilməsi naminə atəşkəsin elan edilməsi oldu. Bir sözlə, müstəqil Azərbaycan dövlətinin qurulması üçün zəruri olan ilkin şərtlər bütünlüklə təmin edildi. 
Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması strategiyası hərtərəfli düşünülmüş, obyektiv amillərin və mövcud resursların nəzərə alınmasına əsaslanan fəaliyyət proqramı sayılmalıdır. Bu proqram ilk dəfə onun Yeni Azərbaycan Partiyasının yaradılması təklifi ilə 91 ziyalının müraciətinə 16 oktyabr 1992-ci il tarixli cavab məktubunda geniş şəkildə sərh edilmişdir. Sözügedən proqram qısa şəkildə sabitliyin və əmin-amanlığın təmin edilməsi, xalqın birliyini möhkəmləndirən milli ideyanın elan edilməsi, hüquqi, siyasi, iqtisadi islahatların həyata keçirilməsi, azad və demokratik cəmiyyətin yeni dəyərlərinin bəyan edilməsi, Azərbaycanın maraqlarına xidmət edən balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsi kimi səciyyələndirilə bilər.
Ötən əsrin 90-cı illəri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasına xidmət göstərən qeyd olunan proqramının ardıcıl surətdə həyata keçirilməsi ilə yadda qalmışdır. 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının qəbul edilməsi gənc müstəqil dövlətin siyasi sisteminin və qanuni əsaslarının yaradılması istiqamətində atılan cəsarətli addımların parlaq nümunəsidir. İnsan hüquq və azadlıqlarının qorunmasının prioritet elan edilməsi, siyasi azadlıqların, siyasi plüralizmin konstitusion əsaslarının təsbit, ölüm hökmünün ləğv, senzuranın qadağan edilməsi cəmiyyətdə qərarlaşan yeni dəyərlərinin yalnız bir qismidir.
Azad iqtisadi münasibətlərin formalaşdırılması, torpaq islahatlarının həyata keçirilməsi, iqtisadi liberallaşdırma, xüsusi mülkiyyətin qorunmasının etibarlı hüquqi bazasının yaradılması və bu qəbildən olan digər çoxsaylı təşəbbüslər iqtisadi keçidin təmin edilməsinə etibarlı əsaslar yaratdı. 
Müstəqilliyin iqtisadi əsaslarının yaradılmasında Heydər Əliyevin müdrikliyinin parlaq nümunəsi sayılan məşhur "Əsrin müqaviləsi"nin rolunu və əhəmiyyətini vurğulamamaq mümkün deyil. Müstəqilliyin ilk illərində yol verilən ciddi nöqsanların acı nəticələrinin aradan qaldırılması, yeni iqtisadiyyatın, ölkənin gələcək inkişafının etibarlı əsaslarının yaradılması, habelə beynəlxalq münasibətlərdə Azərbaycana lazım olan dəstəyin qazanılması Ulu Öndərin neft strategiyasından ayrılıqda təsəvvür edilə bilməz. Lakin Heydər Əliyevin neft startegiyasının tarixi əhəmiyyəti təkcə Azərbaycanın iqtisadi keçidinin təmin edilməsi ilə məhdudlaşmadı. Ölkəmizin dünyanın ən uğurlu gənc dövləti kimi tanınması da həlledici dərəcədə Ulu Öndərin uzaqgörənliyinin nümunəsi olan neft strategiyasının sayəsindədir.
Azərbaycan xalqı qarşısında uzun illər böyük xidmətlər göstərmiş Heydər Əliyev müstəqil dövlətimizin qurulmasını özünün şah əsəri hesab edir, onunla haqlı olaraq qürur duyduğunu heç zaman gizlətmirdi. Əlamətdar haldır ki, Ulu Öndərin qurduğu dövlətin dayaqları kifayət qədər möhkəm olduğundan o, özündən sonra da daim inkişaf edir, müasirləşir, qüdrəti artır. İndi həm ölkənin daxilində, həm də xaricində hamı Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini etiraf edir, onun gələcək inkişafına böyük ümidlər bəsləyir. 

 

Ulu Öndərin arzuları

 

Dahi şəxsiyyətlərin fəaliyyəti cəmiyyətin həyatında dərin izlər buraxdığı kimi, onların arzuları və ideyaları da, bir qayda olaraq, ictimai hərəkatın gedişinə uzun illər boyu ciddi təsir göstərmək qüdrətinə malikdir. Qeyd edilən tarixi qanunauyğunluq Ümummilli Lider Heydər Əliyevin ideya və arzularında, onların Azərbaycanın ictimai həyatında bu günə qədər təsir gücünü saxlamasında bir daha özünü bütünlüklə doğruldur. Bu mənada onun 2003-cü ilin oktyabr ayında Azərbaycan xalqına yazılı müraciəti xüsusi əhəmiyyət daşıyır. O, müraciətində özünün siyasi varisi ilə əlaqədar arzularını ifadə etməklə yanaşı, başa çatdıra bilmədiyi işlərin gələcəkdə mütləq yerinə yetirələcəyinə ümidvar olduğunu bildirmişdir. 
Qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqı Ulu Öndərin arzularına böyük hörmət və ehtiramını 2003-cü ilin seçkilərində qətiyyətlə və birmənalı şəkildə ifadə etdi, onun siyasi varisi İlham Əliyev ölkənin prezidenti seçildi. Həyat göstərdi ki, Heydər Əliyevin bu arzusu fərdi məqamlara deyil, sırf ictimai hədəflərə, Azərbaycanın gələcək inkişafının təmin edilməsindən ibarət olan milli maraqlara istinad edir. Azərbaycanın inkişafının daha yüksək pilləyə qaldırılması, qüdrətinin artırılması, insanların rifahının daha da yaxşılaşdırılması Heydər Əliyevin arzularının əsasını təşkil edirdi. "Azərbaycan dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Lider qəti şəkildə inanırdı ki, Azərbaycan xalqı onun qurduğu müstəqil dövlətin daha da gücləndirilməsi naminə daim fədakarlıq nümunələri göstərəcəkdir. Onun dünyasını dəyişməsindən keçən illər ərzində Azərbaycanın heyrət doğuracaq dərəcədə inkişafı, müasirləşməsi və yeniləşməsi, dünyanın ən dinamik dövlətlərindən biri kimi qəbul edilməsi Ulu Öndərin arzularının və ümidlərinin doğrulmasının parlaq nümunəsi adlandırıla bilər. 
Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi idi. Özünün dediyi kimi, Azərbaycanın Prezidenti olaraq vaxtının çoxunu həsr etdiyi Qarabağ probleminin ədalətli şəkildə həll ediləcəyinə inamını heç zaman itirmirdi. İnanırdı ki, dövlətin gücünün artırılması, nizami ordunun yaradılması və döyüş qabiliyyətinin artırılması, ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsi Azərbaycanın haqq işinin qalib gəlməsinə zəruri təminat yaradacaqdır. Onun "vaxt gələcək Şuşaya, Ağdama, Füzuliyə, Zəngilana, Laçına, Qubadlıya, Kəlbəcərə qayıdacağıq" sözləri dahi insanın arzuları olmaqla yanaşı, həm də onun dərin inamının ifadəsi idi.
Vətən müharibəsində xalqımızın qəhrəmanlığı və möhtəşəm qələbəsi Heydər Əliyevin arzuları və ideyalarına Azərbaycan xalqının dərin hörmət və ehtiramla yanaşmasına daha bir nümunə hesab edilməlidir. Ulu Öndərin "Şuşasız Azərbaycan yoxdur" fikirlərində ifadə olunan arzusunun müharibə günlərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xarici televiziya kanallarının birinə verdiyi müsahibəsində "Şuşasız bizim qələbəmiz yarımçıq olar" sözlərində əksini tapdığını görməmək mümkün deyil. Prezident İlham Əliyev gözəl dərk edir və açıq şəkildə bildirmək istəyirdi ki, Qarabağın azadlığı milli vəzifə, xalqımızın tale məsələsi olmaqla yanaşı, həm də Ümummilli Liderin ən ümdə vəsiyyəti kimi əziz və qiymətlidir. Şuşanın azad edilməsindən sonra onun Heydər Əliyevin məzarını ziyarət etməsi, bir növ onun ruhu qarşısında möhtəşəm qələbə hesabatını verməsi dərin simvolik məna daşıyır. Qarabağın azadlığa qovuşması tariximizin möhtəşəm hadisəsi, parlaq səhifəsi, dövlətimizin gücü və qüdrətinin, Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyinin təntənəsi olmaqla bərabər, həm də Heydər Əliyevin arzularının gerçəkləşməsinin ifadəsidir.
Heydər Əliyevin arzuları və ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsaslarını təşkil edir, ölkəmizin tərəqqisi və yüksəlişi yoluna işıq salır. Dahi liderin anadan olmasının 100 illiyinin ölkəmizdə böyük coşqu və milli təntənə ilə qeyd edilməsi onun vaxtilə müdrikcəsinə söylədiyi sözlərin haqq olmasına bir daha zəmanət verir: nə qədər Azərbaycan var, Heydər Əliyev də var. Heydər Əliyev Azərbaycanda daim olacaq.

Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video