Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçirilib. Prezident İlham Əliyevin də iştirak etdiyi bu mötəbər tədbir həm türk dünyasının, həm də beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu yüksək maraq təsadüfi deyil, çünki qlobal idarəetmənin ənənəvi mexanizmlərinin dərin böhran keçirdiyi bir dövrdə, TDT Avrasiya məkanında regional əməkdaşlığın ən perspektivli və dinamik mərkəzlərindən birinə çevrilməkdədir.
Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, bu gün əminliklə qeyd etmək olar ki, türk dünyası inteqrasiya prosesində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur: "Əgər əvvəllər TDT çərçivəsindəki əməkdaşlıq daha çox simvolik, mədəni və humanitar təşəbbüs kimi qəbul edilirdisə, hazırda təşkilat öz fəaliyyət gündəliyini fəal şəkildə genişləndirir. İndi diqqət mərkəzində iqtisadiyyat və ticarət əlaqələri, nəqliyyat-logistika şəbəkələrinin qovuşdurulması, enerji təhlükəsizliyi, rəqəmsallaşma və innovasiyalar, təhlükəsizlik və xarici siyasət yanaşmalarının koordinasiyası dayanır.
Faktiki olaraq, nəhəng demoqrafik, iqtisadi və tranzit potensialına malik dayanıqlı bir geosiyasi məkan formalaşmaqdadır. Sevindirici haldır ki, məhz Azərbaycan TDT çərçivəsində təşkilatın institusional inkişafına yeni dinamika qazandırır".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Türküstan sammitindəki çıxışında bu mühüm məqamı xüsusi olaraq vurğulayıb.
Bakı hər zaman əməkdaşlığın praktiki tərəfini gücləndirməyin tərəfdarı kimi çıxış edir, bəyanatlardan konkret layihə və təşəbbüslərə keçidin zəruriliyini diqqətə çatdırır. Əlverişli coğrafi mövqeyə malik və Şərqlə Qərb arasında mühüm nəqliyyat-logistika qovşağı olan Azərbaycan türk dünyasındakı inteqrasiya proseslərinin obyektiv olaraq əsas drayverlərindən birinə çevrilir.
K.Bayramov bildirib ki, son illərdə TDT çərçivəsində qlobal geoiqtisadi transformasiyalar fonunda strateji əhəmiyyət kəsb edən Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi təsadüfi deyil: "Asiya ilə Avropa arasında alternativ tədarük marşrutlarına artan maraq türk dövlətlərinin Avrasiya ticarətindəki həlledici rolunu daha da möhkəmləndirir. Nəqliyyat və energetika sahələrindəki bu sıx qarşılıqlı fəaliyyət, daha geniş iqtisadi kooperasiya üçün möhkəm təməl yaradır.
Bu xüsusda, Azərbaycan dövlətinin başçısı öz çıxışında rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində dünyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və türk dövlətlərinin bu prosesdə ön sıralarda yer almalı olduğunu qeyd etdi.
Azərbaycan TDT-nin inteqrasiya modelini beynəlxalq səviyyədə təşviq etmək üçün öz platformasını təqdim etməyə hazırdır və bu istiqamətdə əməli addımlar atır.
Deputat bu günlərdə Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunun təşkil olunacağını diqqətə çatdıraraq əlavə edib ki, iyun ayında isə ölkəmizin paytaxtı türk xalqlarının elmi-mədəni birliyinə misilsiz töhfələr vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinə ev sahibliyi edəcək: "Bu hadisələrin hər biri ölkəmizin vahid türk dünyasının qüdrətli sistemində etibarlı və əvəzolunmaz bir bağ olduğunu nümayiş etdirir. Türk dünyasının əhəmiyyəti artıq regional çərçivələri aşaraq qlobal proseslərin vizual tərkib hissəsinə çevrilir. Bu, həm TDT-nin potensialına beynəlxalq marağın artmasında, həm də üzv dövlətlərin dünya siyasəti və iqtisadiyyatının əsas məsələlərində öz mövqelərini koordinasiya etmək rəğbətində özünü göstərir. Qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi və dünya sisteminin yenidən formalaşdığı bir şəraitdə, belə bir ortaq platformanın mövcudluğu türk dövlətləri üçün əlavə strateji üstünlükdür. Beləliklə, TDT liderlərinin qeyri-rəsmi sammiti olduqca kritik bir tarixi məqamda baş tutdu. Bu dövr türk dünyasına nəinki daxili birliyi möhkəmləndirmək, həm də beynəlxalq münasibətlərin yeni arxitekturasında daha nüfuzlu yer tutmaq imkanı verir. Təşkilatın gələcək geosiyasi və geoiqtisadi rolu, üzv dövlətlərin bu tarixi fürsət pəncərəsindən nə dərəcədə səmərəli istifadə edəcəyindən asılı olacaq.Prezident İlham Əliyevin Türküstan sammitində bəyan etdiyi kimi "Bizim ailəmiz olan türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir."
Azərbaycan liderinin bu sözləri TDT üzvü olan ölkələr üçün strateji bir kompas və hədəf olmalıdır. Mövcud potensialı nəzərə alsaq, bu hədəfə yaxın gələcəkdə nail olunacaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"