Amerika lideri Şimali Atlantika Alyansının İranla müharibədə ABŞ-ni dəstəkləmədiyini bildirib və yenidən Qrenlandiya məsələsini qaldırıb. NATO-nun baş katibi Rutte Trampın avropalı müttəfiqlərindən "açıq-aşkar məyus" olduğunu etiraf edib.
ABŞ Prezidenti Donald Tramp bir daha NATO tərəfdaşlarını İranla müharibədə kifayət qədər dəstək verməməkdə ittiham edib və yenidən Qrenlandiya məsələsini qaldırıb. O, aprelin 8-də NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra sosial media hesabı “TruthSocial”-da böyük hərflərlə yazıb: "NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenidə ehtiyac duyduğumuz zaman da bizimlə olmayacaq".
Tramp bildirib ki, müttəfiqlər Qrenlandiyanı xatırlamalıdırlar. O, adanı "böyük, pis idarə olunan buz parçası" adlandırıb. Trampın bu ilin əvvəlində ABŞ-yə birləşdirmək istədiyi Arktika adası NATO-nun tərəfdaşı olan Danimarkanın ərazisidir.
Amerika lideri həmçinin NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə ABŞ-ni dəstəkləməyə çağırıb, lakin onlar davam edən hərbi əməliyyatlar fonunda hər hansı bir öhdəlik götürməkdən çəkiniblər.
İran martın əvvəlində ABŞ və İsrailin hava hücumlarına cavab olaraq boğazı bağlayıb. Fars körfəzindən Hörmüz boğazından neft və mayeləşdirilmiş təbii qazın daşınması faktiki olaraq qeyri-mümkün hala gəlib və qlobal qiymətlər kəskin şəkildə yüksəlib. Atəşkəsdən sonra Tehran boğazı müvəqqəti olaraq açmağa razı olub.
Tramp dəfələrlə İrana qarşı müharibədə NATO tərəfdaşlarını kifayət qədər dəstək vermədiklərinə görə tənqid edib. Onun bir neçə açıqlaması ABŞ-nin Şimali Atlantika Alyansından çıxma ehtimalı ilə bağlı narahatlıqlar doğurub. Lakin ABŞ-nin NATO-dan çıxması üçün Senatın üçdə iki səs çoxluğu ilə təsdiqlənməsi tələb olunacaq ki, bu da olduqca ehtimalsız hesab edilir.
ABŞ Prezidenti Ağ Evdə Mark Rutte ilə danışıqlardan sonra NATO-nun baş katibi CNN-ə bildirib ki, Tramp alyansdan və bir sıra üzv dövlətlərdən "açıq-aşkar məyus olub”. Eyni zamanda o, görüşü "iki dost arasında çox açıq müzakirə" adlandırıb. Trampın ABŞ-nin NATO-dan çıxması barədə danışıb-danışmadığı soruşulduqda, Rutte dəfələrlə sualdan yayınıb.
ABŞ-nin bəzi NATO ölkələrinin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ittihamlarına gəldikdə, Rutte belə cavab verib: "Bəziləri, bəli, öhdəliklərini yerinə yetirmədilər, lakin əksər Avropa ölkələri vəd etdiklərini etdilər." O, əlavə edib ki, Trampın alyansdakı bir çox müttəfiqlərindən məyusluğunu başa düşür.
Bu ilin əvvəlində Tramp strateji əhəmiyyətli Arktika adasını - lazım gələrsə, güc yolu ilə - ilhaq etmək niyyətini açıq şəkildə bəyan etmişdi. Avropalı NATO tərəfdaşları arasında qəzəb dalğasından sonra o, bu planlardan vaz keçsə də, məsələ ilə bağlı danışıqlar aparılmasında israr edib.
Bu arada NATO Arktikada hərbi mövcudluğunu gücləndirmək üçün yeni bir əməliyyata başlayıb.
Geniş muxtariyyətə malik Danimarka və ada hökuməti Qrenlandiyanın ABŞ tərəfindən ilhaqını qəti şəkildə rədd edir. Kopenhagen xəbərdarlıq edib ki, ABŞ-nin Qrenlandiyanı ilhaq etməsi Qərb müdafiə alyansının sonu demək olacaq. Tramp isə planlarını bununla əsaslandırır ki, əks halda Qrenlandiya Rusiya və Çinə qarşı müdafiəsiz qalacaq.
Rizvan CƏFƏROV,
“Azərbaycan”