Hər bir dövlətin qarşısında müəyyən vəzifələr durur.
Bu onun inkişafı, təhlükəsizliyi, maddi sərvətlərindən istifadəsi, əhalisinin sosial rifahı və digər zəruri məsələlərlə bağlı olur.
Bütün bunların uğurlu həlli, qarşıya qoyulan məqsədlərə çatmaq üçün konkret yollar və üsullar müəyyənləşdirilir, imkanlar səfərbərliyə alınır, layihələr hazırlanır, əməkdaşlıqlar qurulur.
Düşünülənləri və icrası vacib olanları həyata keçirmək məqsədilə dövlət siyasəti hazırlanır və mərhələlərlə həyata keçirilir.
O yerdə ki düzgün hesablamalara, real imkanlara əsaslanan siyasət qurulur, orada uğur da təmin olunur!
Hədəfə yetməyin mühüm şərtlərindən biri də görüləcək işləri və vəzifələri dəqiqləşdirərək məqsədə çatmağın üsul və vasitələrini hazırlayan, bu istiqamətdəki daxili və xarici siyasəti işləyərək onun həyata keçirilməsini təmin edən rəhbərin - siyasi liderin zəkasından, uzaqgörənliyindən və siyasi fəhmindən də asılıdır.
***
Hər bir dövlət qarşısına qoyduğu məqsədə çatmaq üçün özünə məxsus olan siyasi kursla irəliləməlidir.
Başqa sözlə desək, ilk növbədə özünü, öz hədəflərini düşünməlidir.
Bunun üçün isə hökmən müstəqil daxili və xarici siyasət yürütməlidir.
Ən əsası kiminsə, yaxud kimlərinsə təsir və təzyiqlərinə boyun əyərək tutduğu yoldan kənara çəkilməməli, necə deyərlər, özgə maraqlarına görə öz maraqlarını qurban verməməlidir!
Müasir dünyada bunu etmək çox çətin və mürəkkəb məsələdir.
Başqalarının diktəsi ilə və ya öz istəyi ilə yeni yola qədəm qoyan, sonra isə yeni tələbləri qarşılaya bilməyərək təlatümlərə uğrayan, sabitliyi və ənənəvi inkişafı pozulan dövlətlərin hansı problemlərə və bəlalara, hətta ərazi itkilərinə məruz qaldıqlarının dəfələrlə şahidinə çevrilmişik.
Yaxın keçmişdə Azərbaycanın dəfələrlə yanlış siyasətin və səhv addımların ağrı-acılarını yaşamasını unutmamışıq.
Əgər Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə ölkə rəhbərliyinə qayıtmasaydı, Azərbaycanın düzgün siyasi xəttini müəyyənləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratmasaydı, müstəqilliymizi əbədiliyə və dönməzliyə çevirməsəydi, yəqin ki, Azərbaycan müxtəlif qovğalar və siyasi burulğanlar girdabında yolunu azaraq parçalanmış vəziyyətə düşərdi.
Cənab İlham Əliyevin ən böyük tarixi xidmətlərindən biri də o oldu ki, daim Heydər Əliyev siyasi kursuna sadiq qaldı, bütün əngəllərə və çətinliklərə baxmayaraq, milli maraqlara söykənən müstəqil siyasət yeritdi, heç bir xarici təsirə uymadı, təzyiq və təhdidlərə heç zaman boyun əymədi!
Azərbaycanın müstəqil siyasətinin, necə deyərlər, "Axilles dabanı" Dağlıq Qarabağ münaqişəsi idi.
Ölkənin təbii sərvətlərinə ağalıq etmək istəyənlər, bizi yolumuzdan döndərərək öz iradələrinə tabe etməyə cəhd göstərənlər məhz bu zəif yerimizdən istifadəyə çalışırdılar.
İlham Əliyevin dahiliyi və uzaqgörənliyi, qətiyyət və prinsipiallığı sayəsində ikiəsrlik tarixi olan otuzillik işğala Zəfərlə son qoyuldu, düşmən qarşımızda diz çökərək tam məğlubiyyətini etiraf və təsdiq etdi!
44 günlük Zəfər müharibəsinə qədər də Heydər Əliyev siyasi kursu ilə dönmədən irəliləyən müstəqil Azərbaycan ərazi bütövlüyünü, Dövlət suverenliyini və Konstitusiya əsaslarını bərpa etdikdən sonra daha qüdrətli və inamlı olmuş, bir-birindən möhtəşəm layihələrin icrasına başlamışdır.
Çox fərəhli bir haldır ki, Azərbaycan kimsədən dəvət, yardım, hansı şərtlərləsə hansısa layihədə iştiraka çağırılacağını, qarşısına hansısa şərtlər qoyulacağını gözləmir.
Əksinə, özü möhtəşəm layihələr reallaşdırır, özünə yeni dostlar və tərəfdaşlar taparaq bütün tərəflərə inkişaf və mənfəət gətirən işlər görür.
***
Tanrı Azərbaycana zəngin yeraltı və yerüstü sərvətlər, neft və təbii qaz kimi bütün dünyanın daim ehtiyac duyduğu karbohidrogen ehtiyatları verib.
Ölkəmiz qırmızı imperiyanın tərkibində olduğu illər ərzində öz sərvətlərinə sahiblik edə bilməyib.
"Adı mənim, dadı sənin" olub.
İmperiyasevər qüvvələr də bu sərvətdən və illər boyu havayı qazanclarından əl çəkmək istəməyiblər.
Nəinki əl çəkiblər, hətta müxtəlif vasitələrlə Azərbaycanı itaət boyunduruğunda saxlamağa çalışıblar və bu yolda müxtəlif məkrli planlardan və təsir vasitələrindən istifadə ediblər.
Müstəqil siyasət yürütdüyü ilk günlərdən Azərbaycanın bir problemi də belə məkrli planlara və təhdidlərə tab gətirmək, mübarizə aparmaq və onları zərərsizləşdirmək olub.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz, dünya siyasətindən yetərincə baş çıxara bilməyənlərin rəhbərlik etməsi, onların atdıqları yanlış addımlar ölkəni fəlakət sərhədinə qədər gətirib çıxardı.
Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə ölkə rəhbərliyinə qayıtması Azərbaycanı əvvəllərdə olduğu kimi, kiçik xanlıqlara bölünməkdən qurtardı.
Ulu Öndər Heydər Əliyev ölkəyə ikinci rəhbərliyinin ilk günlərindən Azərbaycanı müstəqil dövlətə çevirmək, sabitliyi bərpa etmək, iqtisadiyyatı inkişaf etdirmək, ardıcıl, sistemli və təsirli tədbirlər həyata keçirməklə məşğul oldu.
Lakin Azərbaycanı müstəqil və sabit ölkə kimi görmək istəməyənlər bundan dərin rəncidəyə düşdülər.
İki dəfə - 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhd edərək yenidən ölkəni xaos və anarxiya burulğanına qaytarmaq istədilər.
Ulu Öndər Heydər Əliyevin cəsarətli və qətiyyətli addımları, xalqın öz rəhbərinə verdiyi güclü dəstək mənfur planları iflasa uğratdı.
Bundan sonra Ulu Öndərimiz Azərbaycanın müstəqil siyasi kursunu formalaşdırmağa başladı.
Ən əvvəl ölkənin iqtisadi dirçəlişinə nail olmaq, xalqın sosial rifahını yüksəltmək gərək idi.
Məqsədə tez çatmağın yolu isə Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatlarını müstəqil şəkildə dünya bazarına çıxarmaqdan keçirdi.
Burada da ciddi çətinliklər vardı.
Uzun illər AXC-Müsavat cütlüyü iqtidarının danışıqlar aparıb, heç nəyə nail ola bilmədiklərini Ulu Öndər Heydər Əliyev tez bir zamanda gerçəkləşdirdi.
Böyük çətinliklərdən sonra "Əsrin müqaviləsi" adını alan neft kontraktı imzalandı.
Ən mühüm məsələlərdən biri isə Xəzər neftinin qeyri-ənənəvi marşrutla, Rusiyadan yan keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxarılması oldu!
Beləliklə, Azərbaycan öz neftini müstəqil şəkildə və heç kəsin mane ola bilməyəcəyi marşrutla dünya bazarına çatdırdı.
İkincisi isə, bu yolla neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsini təmin etdi.
Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən Prezident İlham Əliyev öz fəaliyyəti dövründə daim bu prinsipə sadiq qaldı, Azərbaycanın dönmədən milli maraqlara söykənən siyasət yürütməsinə nail oldu.
Digər transmilli layihələr - Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti də çəkildi.
Həm Ulu Öndər Heydər Əliyevin, həm də cənab İlham Əliyevin ölkəyə rəhbərlikləri dövründə Azərbaycan daim yeni təşəbbüslər, ideyalarla çıxış etmiş, sonra həmin ideyaları öz gücünə həyata keçirmiş, daha sonra isə tərəfdaşlarını və dost ölkələrini də yeni layihələrə cəlb edərək onların da bəhrələnmələrinə imkan yaratmışdır.
***
Artıq İlham Əliyev Azərbaycanının inkişaf və tərəqqisinin yeni dövrü başlamışdır.
Bu dövrü şərtləndirən bir neçə faktor vardır.
Əvvəla, Azərbaycan dünya dövlətləri üçün böyük maraq kəsb edən bir neçə nəqliyyat dəhlizini - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini yaratmışdır.
Hazırda dünyada gedən müharibələr fonunda daha təhlükəsiz, eyni zamanda yüklərin mənzil başına daha tez çatdırılmasını təmin edən Orta dəhliz ideyasını gerçəkləşdirmişdir.
İkincisi, Azərbaycan özünün baş problemini - Dağlıq Qarabağ münaqişəsini zəfərlə həll etdikdən sonra bu faktdan istifadə edərək kimsə ona təzyiq göstərə bilmir, yalnız öz maraqlarını əsas tutaraq zəruri hesab etdiyi addımlarını atır.
Üçüncüsü, yeni dünya düzəni formalaşmaqdadır və Azərbaycan bu prosesdə sərbəst oyunçu kimi iştirak etməyi bacarır.
Ən nəhayət, ölkəmiz öz təşəbbüsləri, hamıya fayda gətirəcək real təklifləri ilə dostlarının və strateji tərəfdaşlarının sayını artırmaqla təkcə bu günə deyil, gələcəyə ünvanlanmış layihələri üçün də yeni-yeni iştirakçılar toplayır.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilən əməkdaşlıq prinsipləri isə dəyişməzdir!
Özünün təbirincə desək:
"Biz tərəfdaşlığa və dostluğa açığıq. Ancaq o halda ki, bizim daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir".
***
Daim özünə qapanan, qonşuları ilə yola getməyən və başqaları ilə əməkdaşlıq qurmayan ölkələr inkişaf edə, iqtisadi cəhətdən yüksələ bilməzlər!
Bu, birmənalıdır!
Ermənistanın düşdüyü hazırki vəziyyət isə deyilənlərin sübutudur!
Heç bir dövlət özünə lazım olanların hamısını özündə tapmır və ya istehsal etmir!
Odur ki, digər dövlətlərlə əməkdaşlıq qurmağa, iqtisadi-ticari əlaqələr yaratmağa məcburdur.
Tanrı bu sarıdan Azərbaycana çox pay verib:
Zəngin kapbohidrogen ehtiyatları, yeraltı qazıntı yataqları, dünyadakı mövcud on iki iqlimdən doqquzunun ölkəmizdə olması, təbiət zənginliyi Allahın bizə böyük lütfüdür.
Sərvət sahibi olmaq bir şeydir, ondan gərəyincə bəhrələnə bilmək isə bambaşqadır!
Azərbaycan Prezidenti cənab İlham Əliyev bəsirətliliyə, uzaqgörənliyə, hadisələrin inkişafını irəlicədən müəyyənləşdirmək və qabaqlamaq istedadına da malikdir.
İlham Əliyev yaradan, quran, birləşdirən, hamıya fayda gətirən liderdir!
Yeni dünya düzəninin formalaşdığı indiki çətin və mürəkkəb şəraitdə onun dəfələrlə atdığı müdrik addımların şahidinə çevrilmişik.
Dünya gücləri son əsrlər ərzində türk dünyasının və müsəlman ölkələrinin inkişafını, onların birləşməsini əngəlləmiş, əksinə aralarında daim qarşıdurma yaratmağa çalışmış və buna uğurla nail də olmuşlar.
Ermənilərin Türkiyədən və dünyanın digər dövlətlərindən gətirilərək Azərbaycan torpaqlarında yerləşdirilməsi, onlara vassal dövlət yaradaraq onun vasitəsilə Türkiyənin Cənubi Qafqaza çıxışının qarşısının alınması belə məkrli oyunlardandır.
Qırmızı imperiya dağıldıqdan sonra SSRİ ərazisindəki türk-müsəlman dövlətlərinin birliyinə və əməkdaşlığına da daim şüurlu şəkildə maneələr yaradılmışdır.
Son illərdə İlham Əliyevin təşəbbüsü və bir çox hallarda təşkilatçılığı ilə yaranan yeni əməkdaşlıq formatları isə türk dövlətlərinin birliyinə xidmət edir.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr qədim tarixə, milli kökə və ənənələrə malikdir.
Lakin sovetlər ittifaqı dövründə qırmızı imperiya rəhbərliyi daim bizi ayrı salmağa, bu bağları qırmağa çalışmışdır.
Azərbaycanın müstəqil dövlətə çevrilməsi, dünya çaplı lider Rəcəb Tayyib Ərdoğanın sayəsində isə qardaş Türkiyənin qlobal dövlət olması, üstəlik hər iki dövlət başçısı arasında səmimiyyətə əsaslanan dostluq və qardaşlıq münasibətləri bizi "bir millət, iki dövlət" səviyyəsinə çatdırmışdır.
Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olması, əlbir və əlaqəli addımlar atması çox ciddi və müsbət nəticələr vermiş və verməkdədir.
Zəfər müharibəsi başlayandan dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər dövlət rəsmilərinin açıq bəyanatlar verərək daim bizimlə birlikdə olduqlarını bəyan etmələri böyük çəkindirici rol oynadı!
Türkiyədə baş verən zəlzələ zamanı isə ilk olaraq qardaş köməyinə gedən, əlindən gələn yardımı göstərən Azərbaycan oldu!
Kahramanmaraşda inşa edilən "Azərbaycan" məhəlləsi isə həmin ağır günlərin sınağından alnıaçıq çıxan iki qardaş xalqın birliyinə ucaldılan abidə də sayıla bilər!
Türk Dövlətləri Təşkilatının fəaliyyətinin yenidən canlanmasında və bu təşkilatda əməkdaşlığın güclənməsində İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri vardır.
Azərbaycan reallaşdırdığı bütün layihələrində qardaş Türkiyəni unutmamış, daim ona da iqtisadi faydalar vermişdir.
Heç də təsadüfi deyildir ki, Şuşada imzalanan Bəyannamə iki qardaş dövlətin strateji müttəfiqliyinin təsdiqinə çevrilmişdir.
Məhz İlham Əliyevin son dövrdə apardığı müdrik siyasət sayəsində Azərbaycan bir çox dövlətlərlə əlaqə və münasibətlərini nəinki sıxlaşdırmiş, hətta strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışdır.
İlham Əliyevin fəaliyyəti sayəsində bir çox dövlətlər:
* Özbəkistan;
* Qazaxıstan;
* Gürcüstan;
* Qırğızıstan;
* Pakistan;
* Türkmənistan;
* Rusiya;
* Çin və digərləri ilə iqtisadi əlaqələr daha da sıxlaşdırılmış, strateji əməkdaşlıq münasibətləri qurulmuşdur.
Bir sıra dost ölkələr isə Qarabağın və Şərqi Zəngəzurun bərpasına və dirçəldilməsinə şəxsi töhfələrini vermişlər.
Məsələn:
* Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini;
* Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbini;
* Qırğız Respublikası isə Ağdamın Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbini tikərək Azərbaycana ərməğan etmişlər.
Dövlət başçılarının Qarabağa, xüsusən Şuşaya və Xankəndiyə dostluq səfərləri, orada keçirilən beynəlxalq tədbirlər, Şuşanın müxtəlif türk dövlətləri və təşkilatlarının mədəniyyət paytaxtı elan etmələri bu birliyin və dostluğun təcəssümüdür.
İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bir sıra layihələr:
* Özbəkistan və Qazaxıstanla birlikdə "yaşıl enerji"nin inkişafı və ötürülməsi;
* Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çıxarılması da yaxın gələcəyə ünvanlanmış dəyərli layihələrdir.
* Bu gün dünya uzun sürən müharibələr və qanlı toqquşmalar girdabında boğulur.
* Bu gün dünya yeni nizamın yaranmasının ağrı və çətinliklərini yaşayır.
* Bu gün dünya təbiətin sürprizləri ilə qarşılaşaraq böyük itkilər yaşayır.
Hələ də üfüqdə sülh və sabitlik görünmür.
Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlar, yeni nəqliyyat dəhlizləri yaradaraq dövlətləri əməkdaşlığa və qarşılıqlı faydalara səsləməsi isə sülhdən xəbər verir.
Ən doğru yol da elə budur!
Çünki inkişaf da, firavanlıq da, insanların arzu və istəklərinin gerçəkləşdirilməsi də yalnız sülh şəraitində mövcuddur.
Azərbaycanın son dövrlərdə gördüyü işlər bütün bunların təsdiqidir!
Bəxtiyar SADIQOV