08 Noyabr 2023 09:00
37185
SİYASƏT
A- A+

Suverenliyin BAYRAQ simvolu

 

Dövləti olan xalq xoşbəxtdir, çünki dalğalanan bayrağı var. Qədimdən dövlətlərin və millətlərin mövcudluğunu sübut edən ən mühüm faktorlardan biri məhz bayraqlardır. Bayraqlar var olan dövlətlərin mədəniyyətlərini, eyni zamanda mənəvi dəyərlərini özündə əks etdirir. 
Türk tarixinin önəmli araşdırmaçılarından olan Bahaeddin Ögel bayraqla əlaqədar bunları qeyd etmişdir: "Bayraq qoruyucu bir ruhdur. O, bir zəfər tanrısıdır. Bayraq müqəddəs və mübarək bir insan kimidir; əsəbləşər, sevinər, küsər, düşərsə onu tutanlarda yox olur. Kökü, dibi yerdə; başı isə göylərdə olan bir varlıqdır. Göylərdə ənginləşir, yayılır, ucalır, millətlərin soyunun və kökünün simvoludur".

Bizim müasir bayraqlarımız da ulu babalarımızın yaratdığı köklü dövlətlərdən xəbər verir. Biz bayrağımızı müqəddəs dəyər kimi qəbul etmişik, onun uğrunda canımızdan keçməyə həmişə hazır olmuşuq. 
Türk şairi Mithat Cemal Kuntay misralarında nə gözəl söyləmişdir:
Bayraqları bayraq yapan 
        üstündəki qandır,
Torpaq uğrunda 
                ölən varsa vatandır!
Bu misralar torpaqları şəhid qanı ilə suvarılmış Azərbaycan xalqının ən dərin duyğularının ifadəçisidir.

 

Ulu Öndər bayrağımızı Naxçıvanda ucaltdı

 

Müasir anlamda "bayraq" sözü-dövlətimizin müstəqillik, suverenlik və istiqlal rəmzi kimi başa düşülür (bayraq sözü qədim türk dillərində "batırak - batrak- bayrak" kimi ifadə olunaraq batır - batırmaq, sancmaq felindən törəmişdir). Bu gün dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi, siyasi, mədəni birliyinin, müqəddəslik və əbədiliyinin rəmzidir!
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 
9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra dövlətin rəmzi dəyişdirilmişdir. 
 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvanda Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imtina edilmiş ücrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək bir daha yüksəklərə qaldırıldı. Naxçıvan Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Müasir Azərbaycan siyasi ideoloji düşüncəsinin banisi böyük dövlət adamı Heydər Əliyev bayraqla bağlı məsələlərə həmişə həssas yanaşırdı. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxışı zamanı Heydər Əliyev ilk olaraq məhz ideoloji məsələ kimi dövlət rəmzlərinə toxundu, bunun sadə bir məsələ olmadığını, dövlətin ideoloji məsələsi olduğunu vurğuladı.
 Heydər Əliyev o dövrkü respublika rəhbərliyinə üçrəngli bayrağın və Leninin büstünün bir yerdə ola bilməyəcəyini anladırdı. Ulu Öndər aşağıdakı fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolu tutmağa aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. "Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?" - Heydər Əliyev deyirdi.
Heydər Əliyev üçrəngli bayrağa dövlətimizin rəmzi kimi baxır, onun formal qəbul edilməsinin yanlış olduğunu vurğulayırdı. Sözügedən çıxışında Heydər Əliyev daha sonra deyirdi: "İndi biz respublikamızın adını sovet sosialist sözlərindən azad etdik. Bəs indi biz hansı yeni siyasi quruluşu qəbul edirik? Məlum deyil. Yeni bayraq qəbul etdik. Fəqət, bu, heç də eyni bayraq deyil. O, 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının milli dövlət bayrağıdır. Bu mühüm siyasi əhəmiyyət kəsb edən fakt nə üçün qeyd olunmadı?"
Məhz Heydər Əliyevin müstəqilliklə bağlı yürütdüyü ideoloji konsepsiya özünü doğrultdu. 18 oktyabr 1991-ci il tarixdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. 
Sözügedən ideoloji konsepsiyaya uyğun olaraq Heydər Əliyev gənc nəsildə bayrağa hörmət və ehtiramın vacibliyinin onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağını zəruri hesab edərək deyirdi: "Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin..."
Sonradan dahi siyasətçi bu anlayışları qanunvercilik sistemimizin əsasını təşkil edən Azərbaycan Konstitusiyanın 75-ci maddəsinin birinci bəndinə daxil edərək dövlət rəmzlərinə hörməti rəsmi təsbit etdi. Sözügedən maddədə deyilir: "Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir". 

 

İlham ƏLİYEV: "Bizim bayrağımız qürur mənbəyimizdir"

 

Ulu Öndərin siyasi varisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Heydər Əliyevin böyük siyasi missiyasını daha da irəli apararaq zənginləşdirir. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun imzalanması dövlətçiliyə siyasi mirasa dərin ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü qeyd olunur. Cənab İlham Əliyev bayraqla bağlı deyir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!"
Prezident İlham Əliyevin söylədiyi bu fikirlər onun dövlət bayrağımıza dərin bağlılığının təzahürüdür.
2010-cu ildə bu fikirləri söyləyən cənab İlham Əliyevin sözləri onun opponentləri, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistandakı siyasilər tərəfindən birmənalı qarşılanmır, onu müharibə ilə təhdid edərək Azərbaycanın paytaxtını ələ keçirəcəkləri ilə hədələyirdilər. Müdrik sərkərdə isə öz təmkinini pozmur, siyasi uzaqgörənliklə həyata keçirmək üçün öz məqamını gözləyirdi. 
İlham Əliyev biz nəyi, necə, nə zaman edəcəyimizi çox yaxşı bilirik, həmçinin nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm söyləməklə, Azərbaycan xalqını ərazi bütövlüyünü tam bərpa edəcəyinə və üçrəngli bayrağımızın bütün Azərbaycan torpağında dalğalanacağına inamını ifadə edirdi.
44 günlük müharibə dövründə qələbənin ən böyük təntənəsi məhz işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağın qaldırılması idi. Hər birimiz böyük həyəcanla işğaldan azad edilən ərazilərimizdən Ali Baş Komandana raport verilməsini və üçrəngli bayrağımızın azadlığına qovuşmuş torpaqlarda dalğalanmasını gözləyirdik. Hər dəfə şəhərlərimizin azad olunması və bayrağımızın dalğalanması barədə hərbi raportları eşidəndə xalqımız qürur hissi keçirirdi. Hətta cənab Prezident İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edilməsini təsvir edərkən "şəhəri azad etdikdən sonra bayraq taxmağa yer tapmırdıq deyərək" vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu da bayrağımızın fonunda çatdırdı.
Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində üçrəngli Azərbaycan bayrağını şəxsən ucaldan Müzəffər Ali Baş Komandan gənc nəslə bayraq sevgisini aşılamaqla həm də onun ən böyük ucalıqda dayandığını bir daha təsdiq etdi.

 

Bayraq Günü Zəfərin fonunda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir

 

"Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". Ali Baş Komandan İlham Əliyevin vaxtilə torpaqlarımız işğal altında olarkən səsləndirdiyi bu fikirlər bu gün reallığa çevrilib. 
Cənab İlham Əliyev bütün mötəbər kürsülərdən "Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq" nidasını dünyaya bəyan edirdi. Bu, gəlişigözəl sözlər deyildi, ölkənin rəhbəri, Silahlı Qüvvələrirn Ali Baş Komandanı tərəfindən səsləndirilən bu fikirlərin arxasında böyük həqiqətlər dayanırdı. Bu gerçəyi funksional siyasətə çevirmək üçün böyük səbir və mətanətlə bərabər, xalqı bu ideya ətrafında səfərbər etmək lazım idi. Bu isə üç amili özündə birləşdirirdi: güclü iqtisadiyyat, güclü ordu, vətənpərvər gənclik.
Azərbaycanın qazandığı iqtisadi qüdrət böyük qələbə üçün zəmin yaratdı. Məhz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan iqtisadi baxımdan inkişaf edərək torpaqlarının azad edilməsinə nail oldu. Çünki iqtisadi inkişaf bizim Qələbəmizin əsasını təşkil etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu müasir silahlarla təchiz edə bilməzdik. Eyni zamanda Azərbaycan yeni neft strategiyası sayəsində Ermənistanı regionda həyata keçirilən transmilli layihələrdən kənarda saxladı.
Ordu quruculuğunun təməl daşlarının Heydər Əliyev tərəfindən düzgün qoyulması, uğurlu siyasi varis İlham Əliyev tərəfindən davam etdirilməsi Böyük Qələbənin rəhninə çevrildi.
Tarix göstərir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Vətənpərvər gəncliyin yetişməsi və bu kontekstdə hərbi potensialının gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzində olub.
Ordumuzun tarixi ənənələrə sahib olmasını heç vaxt unutdurmayan Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyev tarixi ənənəni yaşatmaq üçün 22 may 1998-ci il tarixdə fərman imzalamış və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaradıldığı 26 iyun tarixini Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan etmişdir.
Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş, Azərbaycan Ordusunun tarixinin dərindən öyrənilməsi və təbliğ edilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bu mənəvi tərbiyə 44 günlük Vətən müharibəsi dönəmində özünü bariz şəkildə göstərdi.
Ali Baş Komandan İlham Əliyevin böyük qürurla söylədiyi "mənim dövrümdə yetişən vətənpərvər Azərbaycan gəncliyi Qarabağı azad etdi" fikrinin də əsas leytmotivini tarixi ənənələrə söykənən vətənpərvərlik tərbiyəsinin nəticəsi təşkil edirdi. 
Təsadüfi deyil ki, cənab Prezident hərbi sərkərdələrimizin irsinin öyrənilməsi ilə bağlı fərmanlar imzalayır, gənc nəsli öz tarixi keçmişinə bağlayır. Cənab İlham Əliyevin 20 noyabr 2014-cü il tarixdə görkəmli hərbi xadim Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı fərmanında yazılır: "XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əliağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir".
Prezident İlham Əliyevin 29 sentaybr 2015-ci il tarixdə AXC-nin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamında qeyd edilir: "General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir".
 Azərbaycan hərb tarixinə yüksək ehtiram gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda Prezident İlham Əliyevin soy-kökümüzə, tarixi ənənələrimizə sonsuz ehtiramın nümunəsidir.
Bütün bunlar tarixi Zəfərin təsadüfi olmadığını və bu Qələbəyə həsr edilmiş Zəfər paradının keçirilməsi 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi Müzəffər Ali Baş Komandan adını qazanmış Prezident İlham Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərinin mükafatı idi.

 

Zəfər paradının qüruru olan bayrağımız!

 

Zəfər paradında tarixi anların şahidi olduq. Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən bu şəhər üzərində qaldırılan bayrağımız parada gətirilərək nümayiş etdirildi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 10 dekabr 2020-ci il tarixdə paytaxtın Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgəri və zabitləri də iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi qardaş xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir.
Hərbi paradların keçirilməsi, şübhəsiz ki, ölkənin hərbi qüdrətinin nümayiş etdirilməsi kimi əsas amillərdən biridir. Zəfər paradı qələbəmizin təntənəsini göstərməklə bərabər hərbi qüdrətimizi də nümayiş etdirdi.
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qismi nümayiş olundu.
Hərbi qələbəmizin əbədiləşdirilməsi həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında sərəncam imzaladı, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı oldu.

 

Bayraq sevdası və Azərbaycanın suverenliyinin tam bərpası!

 

Azərbaycan xalqının səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Müzəffər Ali Baş Komandan məhz Xankəndidə üçrəngli bayrağımızı dalğalandırdı. Zəfər tariximizin şah əsəri olan bu hadisəni yaşayan indiki nəsil özünü xoşbəxt saymalıdır. 200 illik nisgillərimizə son qoyuldu. Azərbaycan türkləri öz məğrurluğunun qürurunun xoşbəxtliyini yaşadı. Cənab Prezident Xankəndidən Azərbaycan xalqına müraciət etdi. 
İlham Əliyev həmin müraciətində deyir: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək".
Biz cənab Prezidentin bu çıxışındakı dini-mənəvi çalarların da təsadüfi olmadığını müharibə boyu müşahidə etdik. Cənab İlham Əliyevin Şəhidlər xiyabanındakı məsciddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə namaz qılması, Ağdam məscidinə Məkkədən gətirilən Qurani-Kərim hədiyyə etməsi, Qarabağ və Şərqi Zəngəzurda ermənilər tərəfindən dağıdılmış dini məbədlərimizin bərpa edilməsi mənəvi dəyərlərimizə ehtiramın təzahürüdür. Cənab Prezident məhz Qurani-Kərimə and içməsini xatırladaraq əhdinə vəfa etdiyini, andına sadiq qaldığını vurğulayaraq bütün Azərbaycan xalqının şükranlığını çatdırdı.
Prezident İlham Əliyev torpaqlarımızın azad olunmasında gənc nəslin rolunu dəfələrlə qeyd etməklə onları ruhlandırır. Prezident deyir: "Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".
Xankəndidən Azərbaycan xalqına müraciət edən cənab Prezidentin aşağıdakı fikirləri sözü imzası olan, döyüşlərdən qələbə ilə çıxan bir sərkərdənin zəfər akkordlarıdır. İlham Əliyev deyir: "Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video