01 Sentyabr 2026 09:00
247
Elm və texnika
A- A+
Rəqəmsal gələcəyin əsas qüvvəsi - insan

Rəqəmsal gələcəyin əsas qüvvəsi - insan


Məhz insan məlumatı biliyə, biliyi innovasiyaya, innovasiyanı dəyərə çevirir


XXI əsrin iqtisadi rəqabəti məlumat, texnologiya, innovasiya və ən əsası, həmin texnologiyaları yaradıb tətbiq edə bilən insan kapitalı üzərində qurulur. İndi rəqəmsallaşma deyərkən sadəcə dövlət xidmətlərinin elektronlaşdırılması, biznes proseslərinin avtomatlaşdırılması və ya yeni texnologiyaların gündəlik həyata daxil olması nəzərdə tutulmur. Rəqəmsallaşma, bunlardan əvvəl, iqtisadiyyatın, idarəetmənin və cəmiyyətin düşüncə modelinin dəyişməsidir.

Ölkəmizin son illər qəbul etdiyi strateji sənədlər də bu transformasiyanın mahiyyətini aydın ortaya qoyur. Prezident İlham Əliyevin 16 yanvar 2025-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" dövlət idarəetməsinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, rəqəmsal iqtisadiyyat və cəmiyyətin formalaşdırılmasını da hədəfləyir. Konsepsiyada bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün İKT sahəsində əlavə mütəxəssis və menecer heyətinin formalaşdırılması əsas vəzifələrdən biri kimi müəyyənləşdirilir.

Bu yanaşma dövlətimizin başçısının 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" ilə daha da konkretləşdirilir. Strategiyanın məqsədləri sırasında süni intellektin inkişafının sürətləndirilməsi, tədqiqatların təşviqi, infrastrukturun əlçatanlığının təmin edilməsi və ixtisaslı kadr potensialının gücləndirilməsi xüsusi yer tutur. Sənəddə süni intellekt ekosisteminin formalaşdırılması üçün dövlət-özəl sektor əməkdaşlığı, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi də prioritet kimi müəyyənləşmişdir.


İnsan kapitalına transformasiya


Beləliklə, qarşıya çox mühüm bir sual çıxır: rəqəmsal transformasiyanın texnologiya istehlakçısından texnologiya yaradıcısına çevrilmək üçün Azərbaycan hansı insan kapitalına ehtiyac duyur? Bu sualın cavabı ilk növbədə təhsildən və elmdən başlanır. 

Rəqəmsal transformasiya ilk növbədə insan kapitalının transformasiyasıdır. Rəqəmsal texnologiyaları ölkəyə gətirmək nisbətən asandır. Hazır proqram təminatı almaq, bulud xidmətlərindən istifadə etmək, süni intellekt alətlərini biznes proseslərinə inteqrasiya etmək mümkündür. Lakin texnologiyaların milli iqtisadiyyatın uzunmüddətli inkişafına xidmət etməsi üçün onları başa düşən, təkmilləşdirən, yerli problemlərə uyğunlaşdıran və yeni həllər yaradan mütəxəssislər lazımdır. Məhz buna görə rəqəmsallaşmanın ən mühüm infrastrukturu yalnız fiber-optik şəbəkələr, data mərkəzləri və hesablama resursları yox, məhz insandır. Əgər bir ölkənin kifayət qədər data analitiki, proqramçısı, maşın öyrənməsi üzrə mütəxəssisi, kibertəhlükəsizlik eksperti, süni intellekt tədqiqatçısı, məhsul meneceri, texnologiya meneceri və rəqəmsal transformasiya üzrə olmasa, ən müasir texnoloji infrastruktur belə gözlənilən nəticəni verməyə bilər.

Qlobal əmək bazarında baş verən dəyişikliklər də bunu təsdiqləyir. Dünya İqtisadi Forumunun "Future of Æobs" hesabatına görə, 2030-cu ilədək mövcud iş yerlərinin təxminən 22 faizinin strukturunda dəyişikliklər gözlənilir. 170 milyon yeni iş yerinin yaranacağı, 92 milyon iş yerinin isə sıradan çıxacağı proqnozlaşdırılır. Eyni zamanda iş üçün tələb olunan əsas bacarıqların təxminən 39 faizinin 2030-cu ilədək dəyişəcəyi ehtimal edilir. Süni intellekt və böyük verilənlər ən sürətlə əhəmiyyət qazanan bacarıqlar sırasında ilk yerlərdədir. Bu, Azərbaycan üçün də mühüm çağırışdır: gələcəyin əmək bazarına hazırlaşmaq üçün yalnız yeni texnologiyalar gətirmək kifayət etmir, həmin texnologiyalarla işləyə bilən və onları inkişaf etdirə bilən nəsil yetişdirmək lazımdır.


Universitetlərin fundamental rolu


Rəqəmsal iqtisadiyyatın inkişafında universitetlərin rolu fundamental xarakter daşıyır. Ənənəvi iqtisadiyyatda universitet və biznes arasında müəyyən məsafə mövcud ola bilərdi. Süni intellekt və yüksək texnologiyalar dövründə isə bu məsafənin azalması zəruridir. 

Universitetdə yaradılan bilik laboratoriyaya keçid etməli, laboratoriyada yaradılan texnologiya isə real məhsula çevrilməlidir. Bu baxımdan süni intellekt strategiyasında data elmi və maşın öyrənməsi üzrə təhsil proqramlarının genişləndirilməsi ilə bağlı yanaşma xüsusi əhəmiyyət daşıyır. Universitetlərdə bu istiqamətlər üzrə ixtisaslaşmış proqramların yaradılması və mövcud proqramların təkmilləşdirilməsi gələcək rəqəmsal iqtisadiyyat üçün kadr bazasının formalaşdırılmasına xidmət edir.

Lakin burada söhbət yalnız müvafiq adlarla yeni ixtisasların açılmasından getməməlidir. Rəqəmsal iqtisadiyyat üçün yeni tipli multidissiplinar təhsil modelinə ehtiyac vardır. Məsələn, maliyyə sahəsində çalışan gələcəyin mütəxəssisi yalnız maliyyəni deyil, məlumat analitikasını və süni intellekti də bilməlidir. Həkim biotibbi məlumatların təhlili və süni intellekt əsaslı diaqnostika alətləri ilə işləmək vərdişlərinə yiyələnməlidir, hüquqşünas alqoritmik qərarvermənin hüquqi nəticələrini anlamalıdır, memar və mühəndis generativ dizayn və rəqəmsal modelləşdirmədən istifadə etməyi bacarmalıdır. Deməli, süni intellekt ayrıca bir ixtisas olmaqla yanaşı, digər ixtisasların da mühüm komponentinə çevrilməlidir.

Süni intellekt dövrünün təhsil siyasətində diqqət edilməli mühüm məqamlardan biri də budur ki, gələcəyin mütəxəssisini yalnız texniki biliklərlə məhdudlaşdırmaq olmaz. Dünya İqtisadi Forumunun məlumatlarına əsasən, süni intellekt və böyük verilənlərlə yanaşı, analitik düşüncə, yaradıcı düşüncə, çeviklik, dayanıqlılıq, liderlik, əməkdaşlıq və ömür boyu öyrənmə kimi bacarıqlar da getdikcə daha əhəmiyyətli olacaq. Bu, əslində, çox mühüm dəyişiklikdir. Çünki süni intellekt insanın müəyyən texniki əməliyyatları yerinə yetirmək ehtiyacını azalda bilər, amma düzgün sual vermək, problemi müəyyənləşdirmək, nəticəni qiymətləndirmək, etik qərar qəbul etmək və yeni ideya yaratmaq qabiliyyətini aradan qaldırmır, əksinə, bu bacarıqlar daha da qiymətli olur. Ona görə də araşdırmalar göstərir ki, gələcəyin təhsili insanı maşınla rəqabətə hazırlamaq yox, insanı maşınla əməkdaşlığa hazırlamaq fəlsəfəsinə əsaslanmalıdır.


Elmi tədqiqatların əhəmiyyəti


Rəqəmsallaşmanın növbəti mərhələsi hazır texnologiyalardan istifadədən daha çox yeni texnologiyaların yaradılmasıdır. Bunun yolu isə elmi tədqiqatdan keçir. Süni intellektin inkişafı ilə bağlı dünya təcrübəsi göstərir ki, qabaqcıl ölkələr texnologiya şirkətləri ilə yanaşı, universitetlərə və tədqiqat mərkəzlərinə də böyük investisiyalar yönəldirlər. 

Azərbaycan üçün də əsas məsələ miqyasına uyğun, yüksək nəticə verən tədqiqat ekosistemi yaratmaqdır. Bunun üçün müəyyən sahələrdə ixtisaslaşmaq mümkündür. Məsələn, Azərbaycan süni intellektin enerji sistemlərində, kənd təsərrüfatında, logistika və nəqliyyatda, maliyyə sektorunda, dil texnologiyalarında, səhiyyədə, dövlət xidmətlərində və kibertəhlükəsizlikdə tətbiqi üzrə regional tədqiqat mərkəzlərinə çevrilə bilər. Məqsəd bütün texnologiyalarda dünya lideri olmaqla yanaşı, seçilmiş istiqamətlərdə rəqabətqabiliyyətli elmi və texnoloji üstünlüklər yaratmaqdır.

Elmi tədqiqatın keyfiyyətini müəyyən edən əsas amillərdən biri isə alim və tədqiqatçının fəaliyyət göstərdiyi mühitdir. Tədqiqatçıların fikirlərinə görə, süni intellekt kimi sürətlə dəyişən sahələrdə yüksəkixtisaslı mütəxəssis üçün seçim imkanları qlobaldır. Yaxşı araşdırmaçının dünyanın istənilən universiteti, texnologiya şirkəti və ya tədqiqat laboratoriyası ilə əməkdaşlıq etməsi mümkündür. Bu səbəbdən Azərbaycanda qəbul edilmiş müvafiq dövlət sənədlərində akademik tədqiqatçıların və mütəxəssislərin dəstəklənməsi, yüksək texnologiya sahəsində çalışan alimlər üçün rəqabətqabiliyyətli əməkhaqqının və stimullaşdırıcı mexanizmlərin formalaşdırılması məsələsinin gündəmə gətirilməsi prinsipial əhəmiyyət daşıyır.

Sahənin mütəxəssisləri bildirirlər ki, tədqiqatçı üçün əməkhaqqı ilə yanaşı, laboratoriya, hesablama gücü, məlumat bazaları, beynəlxalq elmi şəbəkələrə çıxış, qrantlar, elmi konfranslarda iştirak imkanları, doktorantura proqramları, sənaye ilə əməkdaşlıq və nəticələrin kommersiyalaşdırılması mexanizmləri də vacibdir.


Açıq məlumat siyasəti


Süni intellekt iqtisadiyyatında neftin yerini hansısa mənada məlumat - data tutur. Amma burada mühüm fərq var: xam məlumat öz-özlüyündə iqtisadi dəyər yaratmır. Məlumatın keyfiyyəti, strukturlaşdırılması, əlçatanlığı və emal imkanları onun dəyərini müəyyən edir. Məhz buna görə süni intellekt strategiyasında məlumat bazalarına çıxış məsələsinin xüsusi yer tutması təsadüfi sayılmamalıdır. Tədqiqat institutları və digər qurumlar tərəfindən toplanan açıq məlumatların tədqiqatçılar və mütəxəssislər üçün əlçatanlığının artırılması elmi və texnoloji inkişafın vacib şərtlərindəndir. Məsələn, nəqliyyat, meteorologiya, kənd təsərrüfatı, enerji, şəhərsalma, iqtisadiyyat və digər sahələr üzrə keyfiyyətli məlumatların müəyyən edilmiş təhlükəsizlik və məxfilik çərçivəsində tədqiqatçılara təqdim edilməsi yüzlərlə yeni araşdırmanın və innovativ məhsulun yaranmasına səbəb ola bilər.

Universitetdə çalışan gənc tədqiqatçı real Azərbaycan məlumatları üzərində işləməlidir. Çünki süni intellekt modellərinin yerli problemlərə uyğunlaşdırılması üçün yerli məlumat lazımdır. Bu baxımdan "açıq məlumat" siyasəti də innovasiya siyasəti kimi mühüm əhəmiyyət daşıyır. 

Universitetdə aparılan elmi tədqiqatın nəticəsi yalnız elmi məqaləyə çevrilməklə məhdudlaşmamalıdır. Əlbəttə, fundamental elmin dəyərini yalnız kommersiya nəticəsi ilə ölçməməliyik. Lakin tətbiqi tədqiqatların məhsula və xidmətə çevrilməsi üçün mexanizmlər qurulmalıdır. Bunun üçün universitetlərdə texnologiya transfer ofislərinin, innovasiya mərkəzlərinin, inkubasiya və akselerasiya proqramlarının inkişafı mühüm rol oynayır. 

Araşdırmalara görə, məlumat və dil texnologiyaları məsələsi də Azərbaycan üçün  böyük əhəmiyyət daşıyır. Qlobal süni intellekt sistemlərinin böyük hissəsi ingilis dili və geniş istifadə olunan digər dillərdə daha inkişaf etmiş imkanlara malikdir. Azərbaycan dilində isə böyük dil modellərinin, nitqin tanınması, mətnin emalı, maşın tərcüməsi və digər təbii dil texnologiyalarının inkişafı ayrıca tədqiqat istiqaməti kimi qiymətləndirilə bilər. Azərbaycan dilində yüksəkkeyfiyyətli rəqəmsal resursların yaradılması dövlət xidmətlərinin, təhsilin, medianın, hüquqi informasiya sistemlərinin və biznes xidmətlərinin süni intellektlə inteqrasiyasını daha da asanlaşdırır. Bu məqsədlə universitetlər, elmi institutlar, texnologiya şirkətləri və dövlət qurumları arasında əməkdaşlıqla geniş Azərbaycan dili məlumat korpuslarının, terminoloji bazaların, açıq elmi resursların və dil texnologiyaları üçün verilənlər dəstlərinin yaradılması perspektivli istiqamətdir.


Əsas qüvvə yenə də insandır


Rəqəmsal transformasiyanın uğuru üçün universitet-biznes əməkdaşlığı son dərəcə önəmlidir. Ənənəvi modeldə universitet bilik verir, tələbə məzun olur və daha sonra şirkətdə işə başlayır. Yeni modeldə isə şirkətlərin ehtiyacları təhsil proqramlarının formalaşdırılmasında daha fəal rol oynamalıdır. Şirkətlər universitetlərlə birlikdə laboratoriyalar yarada, tələbələrə real layihələr verə, müəllim və tədqiqatçılar üçün sənaye təcrübəsi proqramları təşkil edə bilərlər. Universitetlərin isə öz növbəsində şirkətlərin həll edə bilmədiyi texnoloji problemlər üçün tədqiqat platformasına çevrilməsi mümkündür. Bu modelin mühüm nəticələrindən biri tələbənin diplom almadan real layihələr üzərində işləməsidir. Beləliklə, əvvəl məzun olub, sonra təcrübə qazanmaq modeli tədricən təhsil alarkən təcrübə qazanmaq modelinə çevrilməlidir. 

Süni intellekt təhsilin özünü də dəyişdirəcək. Burada maraqlı bir paradoksal məqam var: təhsil həm süni intellekt üçün kadr hazırlayır, həm də özü süni intellekt tərəfindən dəyişdirilir. Süni intellekt müəllimlərin yerini tamamilə tutmaya bilər, amma tədrisin fərdiləşdirilməsi, qiymətləndirmə, tədris materiallarının hazırlanması, dil öyrənilməsi və tədqiqat prosesində ciddi dəyişikliklər yaradacaq. Bu səbəbdən məktəbdən başlayaraq, şagirdlərə süni intellekt alətlərindən düzgün istifadə bacarığı öyrədilməlidir. Əslində, süni intellekt savadlılığı gələcəkdə oxu-yazı savadlılığı qədər fundamental bacarığa çevriləcək. 

Rəqəmsal transformasiyada dövlətin əsas funksiyalarından biri də bazarın inkişafı üçün əlverişli mühit yaratmaqdır. Azərbaycanın Rəqəmsal İnkişaf Konsepsiyasında dövlət idarəetməsinin rəqəmsallaşdırılması, elektron xidmətlərin təkmilləşdirilməsi, böyükhəcmli məlumatların təhlili, süni intellekt və bulud texnologiyalarından istifadə kimi istiqamətlər müəyyən edilmişdir. Bu yanaşma dövlət sektorunu həm böyük texnologiya istifadəçisi, həm də innovasiya üçün mühüm sınaq meydanına çevirir. Ümumilikdə rəqəmsal transformasiyanın son məqsədi daha çox texnologiya yox, daha ağıllı cəmiyyət qurmaqdır.

Azərbaycanın Rəqəmsal İnkişaf Konsepsiyası ilə Süni İntellekt Strategiyasının bir-birini tamamlayan ən mühüm tərəflərindən biri də budur ki, hər iki sənəddə texnoloji inkişaf insan kapitalı ilə birlikdə götürülür. Bu əlaqə təsadüfi deyil. Əslində, rəqəmsal inkişafın bütün elementlərini birləşdirən əsas xətt məhz insan kapitalıdır. Bu səbəbdən Azərbaycanın rəqəmsal transformasiyasının uzunmüddətli uğuru üçün ən strateji investisiyalardan biri məhz insan kapitalına qoyulan investisiya olacaq. Çünki rəqəmsal gələcəyin ən qiymətli resursu məlumatdırsa, həmin məlumatı biliyə, biliyi innovasiyaya, innovasiyanı iqtisadi və sosial dəyərə çevirən əsas qüvvə yenə də insandır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ŞƏT məkanında nəqliyyat və bağlantıların gündəmə gəlməsi Azərbaycan üçün əhəmiyyətlidir

13:45
01 Sentyabr

Azərbaycanın ŞƏT ilə əlaqələri ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirir 

13:40
01 Sentyabr

Deputat: “Azərbaycan artıq orta güc dövlətinə çevrilib“

13:35
01 Sentyabr

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib

13:30
01 Sentyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

13:25
01 Sentyabr

Deputatımız ABŞ-yə gedir

13:23
01 Sentyabr

Türk professor: “Azərbaycanın Mərkəzi Asiya siyasəti və ŞƏT-də iştirakı vahid diplomatik strategiyanın tərkib hissəsidir“

13:20
01 Sentyabr

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

13:15
01 Sentyabr

Azərbaycanda ilk dəfə “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb

13:10
01 Sentyabr

Azərbaycanın regional üstünlükləri ŞƏT-lə əməkdaşlığa töhfə verir  

13:07
01 Sentyabr

Azərbaycan Prezidenti azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

13:05
01 Sentyabr

Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur  

13:00
01 Sentyabr

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə

12:55
01 Sentyabr

Azərbaycan və İran XİN başçıları Bişkekdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  

12:50
01 Sentyabr

ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb

12:45
01 Sentyabr

Ölümdən sonra süni intellektlə yaradılan rəqəmsal yaşam

12:40
01 Sentyabr

Çində nəhəng qızıl və mis yatağı aşkar edilib  

12:37
01 Sentyabr

Hörmüz boğazında tanker vuruldu 

12:35
01 Sentyabr

Cey. Di. Vens: ABŞ ordusunda sursat çatışmazlığına görə Bayden Administrasiyası məsuliyyət daşıyır  

12:30
01 Sentyabr

Karina qasırğasının şiddəti 4-cü kateqoriyaya yüksəldi 

12:25
01 Sentyabr

Süni intellekt dezinformasiyasına qarşı standart yanaşma kifayət etmir

12:20
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!