19 Aprel 2024 08:45
223
SİYASƏT
A- A+

Regionda sülhün olması Qərbin maraqlarına uyğun deyil

 

"Ermənistan vaxtaşırı təxribatlar törətməklə sülh prosesini gecikdirir. Havadarlarının saxta vədləri hesabına İrəvanın törətdiyi təxribatlar son zamanlar müntəzəm xarakter almağa başlayıb. Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Fransa başda olmaqla bir sıra dövlətlərin maraqlarına uyğun gəlmir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, Qərb Azərbaycanla Ermənistan arasındakı vəziyyətin dondurulmuş halda qalmasının tərəfdarıdır: "Otuzillik işğal dövründə danışıqları uzadaraq ermənilərə dəstək nümayiş etdirən qüvvələr bu gün də eyni ssenarini davam etdirirlər. Görünür, Qərb Cənubi Qafqazda hərbi və siyasi mövcudluğa nail olmaq istəyir. Amma onlar da yaxşı başa düşürlər ki, müharibə başlayacağı halda Ermənistanın dövlətçiliyi sual altında qalacaq. Ona görə də hələlik daha optimal variantdan - sərhədyanı bölgələrdə təxribatlara əl atmaq vasitəsindən istifadə edirlər".
Deputatın sözlərinə görə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təhlükə altına aldıqlarına görə əsas məsuliyyət, əlbəttə ki, Ermənistan və himayədarlarının üzərinə düşür. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyan Ermənistanın, yəni atəş açan dövlətin rəhbəridir. Əgər onun ordusunun hansısa üzvü Azərbaycan əsgərinə atəş açırsa, deməli, buna görə Ermənistan dövləti məsuliyyət daşıyır. Azərbaycan isə istənilən təxribatın qarşısını almaq gücündədir, bunu 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirləri zamanı da bütün dünyaya nümayiş etdirib. 
Müşfiq Cəfərov vurğulayıb ki, sülhə aparmayan, əksinə, regionda vəziyyəti gərginləşdirən belə addımlar təcili surətdə aradan qaldırılmalıdır: "Dünya düzəninin dəyişdiyi, geosiyasi proseslərin təhlükəli hal aldığı bir vaxtda qonşu ölkələrdə yeni münaqişə ocaqlarının yaranması heç bir dövlətin xeyrinə deyil. Ermənistan Fransa və Hindistandan hücum xarakterli silahlar alaraq ordusunu gücləndirməklə tərəqqiyə nail ola bilməyəcək". 
Müsahibimiz onu da deyib ki, baş verən son hadisələr bir daha göstərir ki, Ermənistan sülh müqaviləsi imzalamaq niyyətində deyil: "Bu ölkə havadarlarının verdiyi yalan vədlərə aldanıb, yenə də xam xəyallara qapılıb. İrəvandan alət kimi istifadə edərək regiona müdaxiləyə cəhd edən qüvvələr Ermənistana sülh müqaviləsi imzalamağa icazə vermirlər. Bu, Ermənistan-Azərbaycan münasibətlərinə, regionda sabitliyə fayda verməyəcək. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, dövlət maraqlarında heç kimə güzəştə gedilməyəcək. Ermənistanın bu prinsipial siyasətin qarşısında tab gətirməsi mümkün deyil".

N.QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video