Aqrar sahənin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının icrası ilə bağlı Qusarda müşavirə keçirilib. İştirakçılar rayonun aqrar sektorunda mövcud vəziyyətlə tanışlıq üçün iri təsərrüfatlarda da olublar.
Heyvandarlıq kompleksləri, əkin sahələri, aqrar sənaye müəssisələrində görülən işlərlə yerində tanışlıqdan sonra təsərrüfat sahiblərinin arzu və istəkləri dinlənilib, onlara müvafiq tövsiyələr verilib.
Sonra rayon icra hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın rayon üzrə icrası ilə bağlı iclas keçirilib. İclasda rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.
Müzakirələr zamanı Qusarın aqrar sektoru üzrə hazırlanmış 68 layihənin icra vəziyyəti, kənd təsərrüfatının inkişaf perspektivləri, sahibkarların təşəbbüsləri və qarşılaşdıqları problemlər müzakirə olunub. Xüsusi qeyd edilib ki, rayonun kənd təsərrüfatı sahəsinə 78 milyon 370 min manat investisiya qoyuluşu nəzərdə tutulur.
İclasda aqrar istehsalın genişləndirilməsi, fermer və sahibkarların dəstəklənməsi, mövcud problemlərin aidiyyəti qurumlarla birgə həlli, investisiya imkanlarından səmərəli istifadə və dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Akif ƏLİYEV,
“Azərbaycan”