26 Noyabr 2026 08:15
247
SİYASƏT
A- A+
Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir


Müasir dünyada hər bir ölkənin dayanıqlı inkişafı, beynəlxalq nüfuzu və daxili sabitliyi iki fundamental dayaq üzərində qərar tutur: qanunun aliliyinə əsaslanan hüquqi dövlət və ictimai təşəbbüskarlığın fəal olduğu vətəndaş cəmiyyəti. Bu iki anlayış bir-birini tamamlayan, biri digəri olmadan tam mənasını tapa bilməyən ictimai-siyasi dəyərlərdir. 

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra bu istiqamətlər ölkəmizin siyasi və ictimai inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Ötən dövr ərzində həyata keçirilən institusional islahatlar, qanunvericilik bazasının davamlı şəkildə təkmilləşdirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi hüquqi dövlət quruculuğunun inkişafına geniş imkanlar yaradıb.

Azərbaycanda hüquqi dövlət quruculuğunun sistemli xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitin çağırışlarına uyğun davam etdirilmiş, dövlət və vətəndaş münasibətlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə 2025-ci ilin ölkədə "Konstitusiya və Suverenlik İli" elan edilməsi dövlət suverenliyinin tam bərpası fonunda hüquqi dəyərlərin cəmiyyətdə daha dərindən möhkəmləndirilməsinə verilən strateji önəmin bariz göstəricisi olmuşdur.


Hüquqi dövlət quruculuğunun fundamental əsasları


Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi siyasi, iqtisadi və sosial böhran, dövlət idarəçiliyində mövcud olan ciddi problemlər ölkənin gələcək inkişafı qarşısında mühüm maneələr yaradırdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunda yeni strateji mərhələnin əsası qoyuldu. İctimai-siyasi sabitliyin bərqərar edilməsi, dövlət institutlarının formalaşdırılması və milli qanunvericilik sisteminin yaradılması qarşıda duran başlıca vəzifələrə çevrildi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcək inkişafını demokratik, dünyəvi və hüquqi dövlət prinsipləri əsasında müəyyənləşdirdi. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası milli dövlətçilik tariximizdə böyük bir mərhələnin başlanğıcına çevrildi. Konstitusiyada insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olundu. Hakimiyyət bölgüsü, qanunun aliliyi, siyasi plüralizm, mülkiyyət toxunulmazlığı, söz və fikir azadlığı, insanların qanun qarşısında bərabərliyi kimi fundamental prinsiplər Azərbaycanın hüquqi inkişaf modelinin əsasını təşkil etdi.

Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu strategiyasının mühüm istiqamətlərindən biri məhkəmə-hüquq sisteminin yenidən formalaşdırılması idi. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, yeni məhkəmə sisteminin yaradılması, ölüm hökmünün ləğvi, insan hüquqlarının müdafiəsi üzrə dövlət proqramının qəbulu bu sahədə həyata keçirilən tarixi islahatlar sırasında xüsusi yer tutdu.

2001-ci ildə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması, İnsan hüquqları üzrə müvəkkil - Ombudsman institutunun yaradılması ölkəmizin insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquqi mexanizmlərə inteqrasiyasını daha da genişləndirdi. Ümummilli Liderin dövlətçilik fəlsəfəsində insan amili, vətəndaş məsuliyyəti və milli həmrəylik mühüm yer tuturdu. Onun siyasi irsinin hüquqi dövlət quruculuğu baxımından başlıca əhəmiyyəti müstəqil Azərbaycanın konstitusion inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, dövlət institutlarının hüquqi əsaslarının yaradılmasında və uzunmüddətli islahatlar üçün zəmin formalaşdırılmasında öz ifadəsini tapır.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu siyasəti yeni inkişaf mərhələsinə qədəm qoydu və bu da təsadüfi deyildi. Çünki Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, texnoloji inkişaf, beynəlxalq münasibətlər sistemində baş verən ardıcıl dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsini və hüquqi mexanizmlərin müasirləşdirilməsini zəruri etmişdir. 

Ölkə rəhbərinin həyata keçirdiyi islahatların əsas istiqamətlərini dövlət idarəçiliyində şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, dövlət xidmətlərinin əlçatanlığının genişləndirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi təşkil edir. Elektron məhkəmə sisteminin inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, inzibati prosedurların sadələşdirilməsi və hüquqi yardım imkanlarının genişləndirilməsi vətəndaşların öz hüquqlarından istifadə etməsi üçün əlavə imkanlar yaradır. 2012-ci ildə yaradılmış "ASAN xidmət" modeli, ardınca fəaliyyətə başlayan DOST mərkəzləri dövlət-vətəndaş münasibətlərinin müasirləşdirilməsində xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüslər Prezident İlham Əliyevin hüquqi dövlət quruculuğu strategiyasında institusional modernləşməyə, innovativ idarəetməyə və vətəndaşyönümlü xidmət modelinə verdiyi önəmi nümayiş etdirir.


Vətəndaş cəmiyyətinin inkişafı demokratik tərəqqinin mühüm şərtidir


Güclü vətəndaş cəmiyyəti hüquqi dövlətin dayanıqlığını təmin edən əsas amillərdəndir. Vətəndaşların ictimai proseslərdə fəal iştirakı, sosial təşəbbüslərin dəstəklənməsi, ictimai nəzarət mexanizmlərinin fəaliyyəti, fikir müxtəlifliyi və dövlət orqanları ilə cəmiyyət arasında konstruktiv dialoq demokratik inkişafın keyfiyyətini müəyyənləşdirir.

Azərbaycanda vətəndaş cəmiyyətinin hüquqi əsaslarının formalaşdırılması da Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən olmuşdur. Konstitusiyada birləşmək azadlığının təsbit edilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, yerli özünüidarəetmə institutlarının formalaşdırılması ictimai iştirakçılığın inkişafına hüquqi zəmin yaratmışdır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və onların dövlət idarəçiliyində iştirak imkanlarının genişləndirilməsi istiqamətində yeni mexanizmlər formalaşmışdır. 2013-cü ildə qəbul edilmiş "İctimai iştirakçılıq haqqında" qanun bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Qanun ictimai şuraların yaradılması, ictimai dinləmələrin və müzakirələrin keçirilməsi, ictimai rəyin öyrənilməsi, qanun layihələrinin müzakirəsində vətəndaşların iştirakı üçün hüquqi imkanlar müəyyənləşdirmişdir. 

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı və dövlətlə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Bunlardan biri Prezident İlham Əliyevin 2007-ci il 13 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması olmuşdur. Şuranın təsis edilməsi QHT-lərin fəaliyyətinin dəstəklənməsi, ictimai əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, vətəndaş təşəbbüslərinin təşviqi və dövlət-cəmiyyət münasibətlərinin inkişafı üçün yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli fərmanı ilə sözügedən şuranın əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılmışdır. Həyata keçirilən bu tədbirlər vətəndaş cəmiyyətinin inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsini, qeyri-hökumət təşkilatlarının ictimai həyatda rolunun artırılmasına və onların potensialının milli inkişaf proseslərinə yönəldilməsinə verilən əhəmiyyəti nümayiş etdirir. Prezident İlham Əliyev 2024-cü ilin fevralında keçirilən andiçmə mərasimindəki proqram xarakterli çıxışında da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ardıcıl addımların davam etdiriləcəyini xüsusi vurğulamışdır.

Bu dövr ölkəmizdə könüllülük fəaliyyətinin inkişafı da gənc nəslin sosial məsuliyyət, təşəbbüskarlıq, həmrəylik və vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində ölkəmizdə könüllülük hərəkatının genişlənməsi cəmiyyətin intellektual və sosial potensialının ölkənin inkişafına yönəldilməsi üçün əlverişli imkanlar yaradır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun gücü ilə qazandığımız Zəfər nəticəsində dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin bərpası milli dövlətçilik tariximizdə mühüm dönüş yaratdı, Azərbaycanın hüquqi-siyasi inkişafında yeni reallıqlar formalaşdırdı. Suverenliyin bərpası ölkənin bütün ərazisində konstitusiya normalarının tətbiqi, dövlət idarəetmə institutlarının fəaliyyətinin təşkili, vətəndaşların hüquqlarının təmin olunması və sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi baxımından yeni imkanlar açdı. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, müasir yaşayış məntəqələrinin salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sosial ədalətin təmin olunması, insanların layiqli həyat şəraitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu mərhələdə hüquqi dövlət quruculuğunun qarşısında duran mühüm vəzifələrdən biri kimi Azərbaycan dövləti həmin ərazilərdə səmərəli idarəetmə sistemi formalaşdırır, hüquqi təminatları, ictimai iştirakçılıq mexanizmlərini inkişaf etdirir. 


Hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişaf perspektivləri


Müasir dünyada hüquqi dövlət quruculuğu davamlı təkmilləşmə tələb edən dinamik prosesdir. Rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının geniş tətbiqi, informasiya təhlükəsizliyi, fərdi məlumatların qorunması və yeni sosial münasibətlərin formalaşması hüquq sistemləri qarşısında əlavə vəzifələr müəyyənləşdirir. Azərbaycanın gələcək inkişafı baxımından hüquqi maarifləndirmənin genişləndirilməsi, vətəndaşların hüquq mədəniyyətinin yüksəldilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, ictimai nəzarətin səmərəliliyinin artırılması və dövlət orqanlarının hesabatlılığının təkmilləşdirilməsi mühüm prioritetlər sırasındadır.

Vətəndaş cəmiyyətinin dayanıqlı inkişafı üçün qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyət imkanlarının genişləndirilməsi, media azadlığının, fikir müxtəlifliyinə açıq mühitin qorunması, ictimai təşəbbüslərin təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti bu istiqamətlərdə də ardıcıl tədbirlər keçirir və atılan məqsədyönlü addımlar mühüm nailiyyətlərlə müşayiət olunur. 

Dövlət institutlarının gücü, vətəndaşların hüquqi müdafiəsinin səviyyəsi və cəmiyyətin idarəetmə proseslərində fəal iştirakı qarşılıqlı şəkildə bir-birini tamam-layır. Bu amillər dövlətlə vətəndaş arasında etimadın möhkəmlənməsinə, sosial həmrəyliyin dərinləşməsinə və milli inkişafın dayanıqlığının təmin olunmasına xidmət edir. Güclü dövlət, ədalətli hüquq sistemi və fəal vətəndaş cəmiyyəti Azərbaycanın davamlı inkişafının, milli birliyinin və gələcək nəsillərin rifahının başlıca təminatlarıdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

Şahmat turniri

08:50
26 Noyabr

Qazi kimi mənə olan diqqətdən razıyam

08:45
26 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

08:40
26 Noyabr

Regionun əsas logistika mərkəzi

08:35
26 Noyabr

Azərbaycan-ABŞ əlaqələri ən yüksək səviyyədədir

08:30
26 Noyabr

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

Azərbaycanın Avropa üçün artan əhəmiyyəti Cənubi Qafqazda yeni iqtisadi perspektivlər yaradır 

08:10
26 Noyabr

"Sabit neft hasilatı təmin edilməlidir"

08:05
26 Noyabr

MƏĞLUBİYYƏTİN ETİRAFI VƏ TƏSDİQİ

08:00
26 Noyabr

İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında

02:49
26 Noyabr

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi"nin yaradılması haqqında

02:47
26 Noyabr

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı”nın və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:45
26 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 18 yanvar tarixli 8 nömrəli və “Ölkə və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

02:44
26 Noyabr

Qaradağ rayonunda palçıq vulkanı püskürüb

23:51
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!