24 Noyabr 2026 08:10
100
SİYASƏT
A- A+
Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil


Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Vyetnam Sosialist Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Səfər mahiyyət etibarilə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və ölkə Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların davamı, strateji tərəfdaşlıq münasibətlərinin praktiki məzmunla zənginləşdirilməsi baxımından mühüm siyasi hadisəyə çevrildi.

Bu səfərin əhəmiyyətini müəyyənləşdirən əsas amillərdən biri Azərbaycan və Vyetnam arasında münasibətlərin uzunmüddətli tarixi ənənələrə söykənməsidir. Digər mühüm məqam isə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda hər iki ölkənin qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar axtarışıdır. Asiya regionunun qlobal iqtisadiyyatda artan çəkisi, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, beynəlxalq nəqliyyat-logistika marşrutlarının əhəmiyyətinin yüksəlməsi Azərbaycan-Vyetnam münasibətlərinə daha geniş strateji kontekstdə yanaşmağı zəruri edir.


Tarixi dostluğun siyasi kapitalı


Azərbaycanla Vyetnam arasında münasibətlərin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, bu əlaqələrin təməli müasir diplomatik münasibətlərin qurulmasından xeyli əvvəl - xalqların milli azadlıq və inkişaf uğrunda mübarizəsi dövründə formalaşıb. 1959-cu ilin iyulunda Vyetnamın görkəmli dövlət xadimi, ölkənin qurucusu Ho Şi Minin Azərbaycana səfəri ikitərəfli münasibətlərin tarixində xüsusi yer tutur. Həmin səfər xalqlar arasında qarşılıqlı rəğbət və dostluq ənənələrinin formalaşmasına mühüm töhfə verib. Sonrakı dövrlərdə də Azərbaycan xalqının Vyetnamın milli azadlıq və birləşmə uğrunda mübarizəsinə göstərdiyi mənəvi və siyasi dəstək bu münasibətlərin əsas dayaqlarından olub.

Prezident İlham Əliyevin Hanoyda "İnqilab şəhidləri" abidəsini və Ho Şi Minin məqbərəsini ziyarət etməsi məhz həmin tarixi yaddaşa ehtiramın ifadəsi kimi diqqəti cəlb edir. Diplomatik protokolun mühüm elementləri olan bu ziyarətlər eyni zamanda iki ölkə arasında münasibətlərin ideya və mənəvi əsaslarını sərgiləyir.

Azərbaycan-Vyetnam münasibətlərinin tarixi qarşılıqlı dəstək üzərində qurulub. Prezident İlham Əliyevin Baş nazir Le Minh Hunqla görüşündə xatırlatdığı kimi, Azərbaycan xalqı Vyetnamın müstəqillik və azadlıq uğrunda mübarizəsini qətiyyətlə dəstəkləyib. Eyni həmrəylik 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda müharibə zamanı Vyetnam tərəfindən də nümayiş etdirilib. Bu dəstək, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində göstərilən mövqe ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu tarixi paralellik iki ölkənin münasibətlərində mühüm siyasi və mənəvi kapital formalaşdırıb. Beynəlxalq münasibətlərdə dövlətlərarası əməkdaşlığın davamlılığı üçün qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Vyetnamın münasibətləri də məhz belə etimad mühitinə əsaslanır.

Hələ illər öncə Ulu Öndər Heydər Əliyevin Vyetnama, Ho Şi Minin isə Azərbaycana səfərləri bu əlaqələrin inkişafında mühüm mərhələlər kimi tarixə düşüb. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri də yüksəksəviyyəli siyasi dialoqun davamlılığını göstərən mühüm hadisədir. Noyabr səfəri həmin ənənənin yeni geosiyasi və iqtisadi reallıqlar şəraitində davam etdirilməsi kimi dəyərləndirilə bilər. 


Strateji tərəfdaşlıq


Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı inkişaf mərhələsini səciyyələndirən əsas hadisə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsidir. Səfər çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi çıxış edir.

Strateji tərəfdaşlıq statusu dövlətlər arasında münasibətlərin daha sistemli və uzunmüddətli əsaslarla inkişaf etdirilməsi üçün siyasi çərçivə yaradır. Bu statusun real əhəmiyyəti isə əldə olunan razılaşmaların iqtisadi layihələrə, investisiya təşəbbüslərinə, ticarət əlaqələrinə, institusional əməkdaşlığa çevrilməsi ilə ölçülür.

2025-ci ilin iyulunda Hanoyda iqtisadi-ticari, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü görüşünün, eləcə də Birgə Biznes Şurasının ilk toplantısının keçirilməsi bu prosesin institusional əsaslarının möhkəmləndiyini göstərir. Belə mexanizmlər siyasi səviyyədə əldə olunmuş razılaşmaların biznes dairələri və dövlət qurumları arasında konkret fəaliyyət istiqamətlərinə çevrilməsinə imkan verir. 

Prezident İlham Əliyevin Vyetnam rəhbərliyi ilə görüşlərində enerji məsələlərinə xüsusi yer ayrılması təsadüfi deyil. Müasir beynəlxalq münasibətlər sistemində enerji resurslarına çıxış, təchizat marşrutlarının etibarlılığı və enerji təhlükəsizliyi dövlətlərin iqtisadi dayanıqlığı ilə yanaşı, milli təhlükəsizliyinin də mühüm komponentinə çevrilib. Azərbaycan bu sahədə böyük təcrübəyə, formalaşmış enerji infrastrukturuna və beynəlxalq bazarlarda etibarlı təchizatçı kimi üstün mövqeyə malikdir. Ölkəmizin enerji resurslarının müxtəlif qitələrdə yerləşən dövlətlərə çatdırılması, ixrac marşrutlarının şaxələndirilməsi və enerji tərəfdaşlıqlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolunu gücləndirir. 

Vyetnamla əməkdaşlıq bu baxımdan yeni imkanlar yaradır. Baş nazir Le Minh Hunqla görüşdə Azərbaycanın neft məhsullarının Vyetnama, eləcə də Vyetnam ərazisindən regionun digər ölkələrinə ixracı, birgə istehsal sahələrinin yaradılması məsələləri müzakirə olundu. Bu istiqamət qarşılıqlı iqtisadi maraqlar baxımından diqqətəlayiqdir. Azərbaycan üçün Cənub-Şərqi Asiya bazarlarında mövcudluğun genişləndirilməsi, enerji məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsi və yeni tərəfdaşlıqların qurulması əhəmiyyətlidir. Vyetnam üçün isə enerji resurslarının təchizat mənbələrinin və əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi iqtisadi inkişafın davamlılığı baxımından əlavə imkanlar yaradır. Burada mühüm məqamlardan biri əməkdaşlığın yalnız xammal və hazır məhsul ticarəti ilə məhdudlaşmamasıdır. Birgə istehsal, emal, texnologiya mübadiləsi və uzunmüddətli kommersiya layihələri tərəfdaşlığın daha dayanıqlı iqtisadi modelə çevrilməsinə şərait yarada bilər.


Orta dəhliz və Azərbaycan-Vyetnam arasında logistika əməkdaşlığı 


Prezident İlham Əliyevin səfəri çərçivəsində müzakirə olunan mühüm istiqamətlərdən biri də nəqliyyat-logistika əməkdaşlığı oldu. Xüsusilə Orta dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün yaratdığı imkanlar diqqət mərkəzində dayandı. 

Bu da təsadüfi deyil. Qlobal iqtisadiyyatda təchizat zəncirlərinin etibarlılığı və alternativ nəqliyyat marşrutlarının mövcudluğu getdikcə daha böyük əhəmiyyət qazanır. Geosiyasi gərginliklər, beynəlxalq ticarət marşrutları ətrafında yaranan risklər və logistika xərclərinin dəyişməsi şirkətləri daha çevik və təhlükəsiz daşınma imkanları axtarmağa sövq edir. Belə şəraitdə Orta dəhliz Azərbaycanın geoiqtisadi üstünlüklərindən biri kimi çıxış edir. Şərqlə Qərb arasında yerləşən ölkəmiz bu marşrut vasitəsilə Asiya və Avropa bazarları arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir.

Vyetnam kimi ixrac yönümlü iqtisadiyyata malik ölkə üçün yeni logistika istiqamətlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və region ölkələri ilə formalaşmış əlaqələri Vyetnam şirkətlərinin daha geniş bazarlara çıxışında əlavə imkanlar açacaq. Çünki Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Orta dəhliz həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalar üçün mühüm tranzit marşrutudur. Bu imkanın Vyetnam biznes dairələrinə təqdim edilməsi Azərbaycanın tranzit ölkə statusunu daha geniş beynəlxalq iqtisadi əməkdaşlıq platformasına çevirmək strategiyasına uyğundur.

Məsələyə daha geniş yanaşdıqda, Azərbaycan-Vyetnam logistika əməkdaşlığının potensialı iki ölkə arasında birbaşa ticarət dövriyyəsinin artımından da irəli gedir. Vyetnam şirkətlərinin Azərbaycanı regional əməliyyat və logistika mərkəzi kimi nəzərdən keçirməsi ölkəmizə investisiya axınının artmasına, yeni biznes əlaqələrinin formalaşmasına və regional iqtisadi inteqrasiyanın genişlənməsinə şərait yaradacaq. Bu baxımdan Orta dəhliz Azərbaycan üçün sadəcə tranzit marşrutu, Vyetnam üçün isə alternativ daşınma istiqaməti olmaqdan daha geniş məna daşıyır. O, iki ölkənin iqtisadi maraqlarını birləşdirən strateji əməkdaşlıq platforması rolunu oynayacaq.

Səfər zamanı müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan-Vyetnam əməkdaşlığının perspektivləri enerji və nəqliyyatla məhdudlaşmır. Tikinti, daşınmaz əmlak, turizm, müdafiə sənayesi, bərpaolunan enerji və ticarət sahələrində də qarşılıqlı maraqlar mövcuddur.

Baş nazir Le Minh Hunq hər iki ölkənin külək və günəş enerjisi, daşınmaz əmlak, turizm və ticarət sahələrində fəaliyyət göstərən şirkətlərinin artıq işə başladığını qeyd etdi. Bu, əməkdaşlığın dövlətlərarası dialoq çərçivəsindən çıxaraq biznes müstəvisində də inkişaf etməyə başladığını göstərir. Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi, xarici investisiyaların cəlbi və yeni texnologiyaların tətbiqi mühüm yer tutur. Vyetnamla iqtisadi əlaqələrin inkişafı bu məqsədlər baxımından da əhəmiyyətlidir.


Diplomatik və parlamentlərarası münasibətlərin yeni ölçüsü


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Vyetnamla əməkdaşlıq, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı fəaliyyət, eləcə də BMT platformasında əlaqələndirilmiş mövqelər bu münasibətlərin çoxtərəfli diplomatiya müstəvisində də uğurla inkişaf etdiyini göstərir.

2026-cı ilin oktyabrında Vyetnamın vitse-prezidenti Vo Thi An Suanın AQEM-in Bakıda keçirilən Zirvə görüşündə iştirakı da bu baxımdan əhəmiyyətli hadisə idi. Parlamentlərarası əməkdaşlıq da münasibətlərin institusional əsaslarını gücləndirir. Milli Məclisin Sədri Sahibə Qafarova ilə Vyetnam Milli Assambleyasının Sədri Çan Tan Man arasında keçirilmiş görüşlər, beynəlxalq forumlarda qarşılıqlı dəstək və parlament platformalarında əməkdaşlıq bu istiqamətdə mühüm təcrübə formalaşdırıb.

Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının parlamentlərarası platformasının yaradılması da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında işgüzar münasibətlərin qurulması siyasi dialoqun müxtəlif institusional səviyyələrdə davamlılığını nümayiş etdirir. 

Diplomatik münasibətlərin genişlənməsi baxımından Vyetnamın Azərbaycanda səfirlik açmaq niyyəti də xüsusi qeyd olunmalıdır. Azərbaycanın Vyetnamda səfirliyi uzun müddətdir ki, fəaliyyət göstərir.  Azərbaycanda da Vyetnamın səfirliyinin açılması siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin koordinasiyası, biznes dairələri arasında təmasların genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün institusional imkanları artıracaq.

Müasir beynəlxalq münasibətlər sistemi çoxqütblülüyə doğru dəyişdikcə dövlətlərin xarici siyasətində regional tərəfdaşlıqların və iqtisadi əlaqələrin şaxələndirilməsi daha böyük əhəmiyyət qazanır. Azərbaycan bu reallıqdan çıxış edərək müxtəlif regionlarda qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Vyetnam isə dinamik iqtisadi inkişafı, sənaye və ixrac potensialı, Cənub-Şərqi Asiyadakı mövqeyi ilə Azərbaycanın diqqət yetirdiyi mühüm tərəfdaşlardandır. İki ölkənin coğrafi baxımdan bir-birindən uzaqda yerləş-məsi iqtisadi əməkdaşlıq üçün maneə yaratmır. Əksinə, fərqli regionlarda formalaşmış iqtisadi və logistika imkanları qarşılıqlı tamamlanma potensialı yaradır. Azərbaycan üçün Vyetnam Cənub-Şərqi Asiya bazarlarına çıxış baxımından mühüm tərəfdaş, Vyetnam üçün isə Azərbaycan Cənubi Qafqaz, Xəzər hövzəsi və daha geniş Avrasiyaya inteqrasiya baxımından əlverişli məkandır.

Hazırda əsas məsələ mövcud imkanları davamlı iqtisadi tərəfdaşlığa çevirmək, əldə olunmuş razılaşmaları real layihələrlə möhkəmləndirməkdir. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açan və strateji tərəfdaşlığın praktik mərhələsinə keçidi sürətləndirən mühüm tarixi hadisə kimi yadda qalacaq.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:06
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
24 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

03:04
24 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

03:03
24 Noyabr

A.Y.Əsgərovun"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:02
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:00
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 oktyabr tarixli 503-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:59
24 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nda dəyişiklik

02:58
24 Noyabr

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:56
24 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında

02:55
24 Noyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:53
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!