İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
Son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar regionun iqtisadi və nəqliyyat mənzərəsini kökündən dəyişib. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və regionda dayanıqlı sülh gündəliyini irəli sürməsi təkcə siyasi sabitlik yaratmayıb, həm də uzun illər bağlı qalan kommunikasiya xətlərinin açılması üçün tarixi zəmin formalaşdırıb. Bu yeni reallıqların məntiqi nəticəsi olaraq, Asiya ilə Avropanı birləşdirən əsas quru marşrutlarının şaxələndirilməsi gündəmə gəlib və bu prosesin mərkəzində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) dayanır.
Əməkdaşlıq dövrü
Layihənin siyasi və hüquqi əsasları 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşlər zamanı qoyuldu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamə regional əlaqələrin bərpasını rəsmiləşdirdi. Həmin səfər çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması isə regionda yeni əməkdaşlıq dövrünün başlandığını təsdiqlədi.
Vaşinqton görüşləri zamanı Prezident İlham Əliyev Azərbaycanın əsas məqsədinin həm sülh, həm də maneəsiz əlaqə olduğunu açıq şəkildə bəyan etmişdi. Dövlət başçısı media nümayəndələrinə müsahibəsində bu prosesin bütün region, o cümlədən Ermənistan üçün açacağı imkanları belə izah etmişdi: "Bu gün Azərbaycan və Ermənistan arasında imzalanan sənəd isə bizim niyyətlərimizi açıq şəkildə göstərir: Biz sülh istəyirik, amma, eyni zamanda əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq... ...Bu nəqliyyat marşrutu - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Amma dediyim kimi, vaxt itirməməliyik. Ən qısa zamanda işə başlamalıyıq. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq".
Cari il noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətlər vasitəsilə layihənin praktiki icrasına rəsmi start verildiyini elan etdilər.
"Ermənistan və ABŞ hökumətləri tərəfindən birgə həyata keçirilən TRIPP layihəsinin və regional blokadanın aradan qaldırılmasının praktiki mərhələsinin başlanması barədə elan etmək böyük şərəfdir. Bu, Ermənistanın müasir tarixində tarixi bir hadisədir. Biz müstəqillik qazandıqdan bəri Ermənistanda ən böyük iqtisadi proqramı başladırıq", - deyə Paşinyan bildirib.
Layihənin idarə olunması üçün ABŞ və Ermənistanın iştirakı ilə xüsusi şirkətin yaradılması nəzərdə tutulur.
Vaşinqtonda atılan diplomatik addımlar praktik mərhələyə keçib
Hazırda Azərbaycan-ABŞ əlaqələri özünün ən yüksək səviyyəsindədir. İki ölkə arasında imzalanan strateji tərəfdaşlıq haqqında Xartiya münasibətləri strateji tərəfdaşlığa çevirib. Vaşinqtonun regional əlaqələrin inkişafına və TRIPP marşrutuna olan marağı isə bu əlaqələri daha da möhkəmləndirir.
Fevralın 10-da ABŞ vitse-prezidenti Cey. Di. Vens Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında quru tranzit bağlantıların əhəmiyyətini vurğulamışdı: "Biz fərəhlə elan edirik və düşünürəm ki, mən Azərbaycanın iki hissəsini birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı gələn ilk şəxs oldum".
ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullinin bu il noyabrda Azərbaycana səfəri bir daha ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidindən xəbər verdi. Markveyn Mullin Prezident İlham Əliyevin qəbulunda olarkən TRIPP marşrutu da xüsusi müzakirə olunub, TRIPP layihəsinin tam işə düşməsinin regionlararası bağlantılara və iqtisadi-ticari əlaqələrə verəcəyi töhfələr, eləcə də qarşılıqlı səfərlər fonunda əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan bu prosesdə üzərinə düşən öhdəliklərə sadiq qalaraq, öz ərazisindəki dəmir yolu və avtomobil yolu infrastrukturunu böyük ölçüdə tamamlayıb. Bakı regional nəqliyyat şəbəkəsinin tam gücü ilə işə düşməsi üçün qarşı tərəfdəki işlərin yekunlaşmasını gözləyir və prosesi diqqətlə izləyir.
Layihənin rəsmi başlanğıcına həsr olunmuş videomüraciətində ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Vaşinqtonla əməkdaşlığa, sülh gündəliyinin irəlilədilməsinə və layihənin reallaşmasına verdiyi töhfələrə görə təşəkkürünü ifadə edib.
ABŞ Prezidenti Donald Trampın təşəkkür mesajına cavab verən Prezident İlham Əliyev də "X" hesabında Bakının bu təşəbbüsə dəstəyini bir daha vurğulayıb: "Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" (TRIPP) layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm".
TRIPP layihəsi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini təmin etməklə kifayətlənmir. Bu marşrut Çin və Mərkəzi Asiyadan başlayaraq, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən Avropaya uzanan Orta dəhlizin ötürücülük qabiliyyətini artırır. Eyni zamanda avtomobil və dəmir yolları ilə yanaşı, enerji və fiber-optik rabitə xətlərinin çəkilməsi dənizə çıxışı olmayan region ölkələri üçün yeni ticarət və investisiya imkanları formalaşdırır.
Beynəlxalq aktorların bu prosesə marağı da layihənin strateji əhəmiyyətini təsdiqləyir. Vaşinqtonun regional sabitliyə verdiyi dəstək, Avropa İttifaqının Mərkəzi Asiya ilə alternativ enerji və logistika xətlərini genişləndirmək istəyi, eləcə də Çinin sabit ticarət marşrutlarına olan tələbatı TRIPP-ın qlobal iqtisadi dövriyyəyə sürətli inteqrasiyasını şərtləndirir.
Bir sözlə, ötən il Vaşinqtonda atılan diplomatik addımların cəmi bir il sonra praktik mərhələyə keçməsi Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcından xəbər verir. Azərbaycanın regionda yaratdığı əməkdaşlıq mühiti və vaxtında gördüyü infrastruktur hazırlıqları sayəsində bu marşrut təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də uzunmüddətli sülhün və qarşılıqlı iqtisadi asılılığın əsas təminatçısı kimi çıxış edəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"