01 Iyun 2023 09:00
1144
SİYASƏT
A- A+

Quruculuğun Kəlbəcər təntənəsi

 

Kəlbəcəri azadlığına qovuşduraraq bu ulu diyarın sakinlərinin 27 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2021-ci ilin avqustunda Azərbaycanın qərb qapısına etdiyi qalibiyyət səfəri zamanı bu bölgəni cənnətə çevirəcəyini bəyan etmişdi. Qalib lider illərdir yurdlarına həsrət qalan kəlbəcərlilərə əzəli torpaqlarında tezliklə yeni firavan həyata başlayacaqlarının xoş xəbərini çatdırmışdı. 
  Ölkə rəhbərinin bu müjdəsinin üzərindən ötən qısa zaman ərzində Kəlbəcərdə misilsiz quruculuq bərpa işləri həyata keçirilib, yeni-yeni sosial-iqtisadi obyektlərin təməlləri atılıb, uğurlu açılışlar edilib, hamısı da xilaskar lider İlham Əliyevin iştirakı ilə...
Kəlbəcərlilərin həyatında ən əlamətdar günlərdən biri isə bu il mayın 27-si tarixində yaşandı. Azadlığından sonra artıq üçüncü dəfədir ki, yolunu Kəlbəcərdən salan İlham Əliyev Müstəqillik Günü ərəfəsində ərazi baxımından Azərbaycanın ən böyük rayonunda ilk kəndlərin, eləcə də Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin əbədi bünövrəsini qoydu. 

 

Qayıdışa möhtəşəm hazırlıq 

 

İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Kəlbəcərə də Böyük qayıdışla bağlı həyata keçirilən bütün işlər birbaşa dövlət başçısı İlham Əliyevin nəzarəti altında həyata keçirilir. 
2021-ci il avqustun 16-da Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Kəlbəcərə ilk səfərini edən Prezident İlham Əliyev Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunellərin təməlini qoyub, 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasını işə salıb, uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlanıb.
2022-ci il 26 iyunda - Silahlı Qüvvələr Günündə yenidən Kəlbəcərə yollanan Müzəffər Ali Baş Komandan Kəlbəcər şəhərinin müfəssəl hazırlanmış baş planı ilə tanış olub, torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun qəhrəmanlığını özündə əks etdirən Kəlbəcər Zəfər və İşğal muzeylərinin əsasını qoyub. Həmin gün Kəlbəcərin rəmzi sayılan "İstisu" sanatoriyasının və "İstisu" mineral su zavodunun da təməlləri atılıb. 
Kəlbəcər rayonunda yeni tikilmiş "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışında iştirak edən dövlət başçısı Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, tikilməkdə olan "Çıraq-1" Kiçik Su-Elektrik stansiyasında olub. 

 

Təməlləri yenidən qoyulan kəndlər 

 

Prezident İlham Əliyevin birbaşa nəzarəti altında Kəlbəcərdə hərtərəfli işlər sürətlə davam etdirilir. Çətin relyefli olan bu ərazidə infrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər çəkilir, su-elektrik stansiyaları qurulur, bir sözlə, kompleks işlər görülür. 
Vətən müharibəsinin üzərindən ötən iki il yarım müddət ərzində Kiçik Qafqazın xəzinələr diyarı Kəlbəcərdə həyata keçirilən işlər isə ölkə rəhbərinin bu rayona səfərləri zamanı əyani şəkildə gözlər önünə sərilir. Elə Prezident İlham Əliyevin mayın 27-də Kəlbəcərə növbəti səfəri də mühüm açılışlarla, yeni bünövrələrin qoyulması ilə əlamətdar oldu.
 27 mayda kəlbəcərlilərə ard-arda möhtəşəm bayram hədiyyələri edən dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoydu. Bu yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Diqqətə çatdırıldı ki, yaşayış binalarının memarlıq layihəsi ərazinin relyef xüsusiyyətlərini əks etdirməklə Alp üslubunda işlənib.
Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun təhsil müəssisələri sürətlə tikilir. Xatırladaq ki, 2021-ci il Müstəqillik Günündə Ağdamda Qarabağın ən qədim məktəblərindən birinin bünövrəsini qoyan qurucu lider İlham Əliyev mayın 27-də - builki Müstəqillik Günü ərəfəsində Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini atdı. 41 sinifdən ibarət olacaq məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.
Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini də qoydu. Kənddə ümumilikdə 421 ailənin məskunlaşması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı, 15-i isə beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
Həmin gün dövlət başçısı Kəlbəcər rayonunun Zallar kəndinin də təməlini qoydu. Kənddə ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək. 
Təməlləri qoyulan hər iki kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə olunacaq.

 

Yollar, tunellər, körpülər, qovşaqlar

 

Kəlbəcər həm də su-elektrik stansiyalarının tikintisi üçün çox əlverişli bölgədir. 
Dövlət başçısının sözügedən tarixdəki səfəri zamanı rayonda iki su-elektrik stansiyasının -  "Qamışlı" Kiçik Su-Elektrik Stansiyasının və "Meydan" Kiçik Su-Elektrik Stansiyasının açılışı həyata keçirildi.
Həmçinin səfər çərçivəsində ölkə Prezidenti uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu. 
I, II və III texniki dərəcəli Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Kəlbəcər-Laçın avtomobil yolu isə mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.

 

Qərb qapımız keçilməzdir

 

Kəlbəcər həm də Azərbaycanın qərb qapısı sayılır. 1993-cü ildə bu rayonun işğal altına düşməsi nəticəsində digər rayonlarımızın da asanlıqla düşmən əlinə keçməsinin ağrı-acılı nəticəsini görmüşük. Buna görə də strateji mövqeyə malik Kəlbəcərdə dövlət sərhədlərimizin toxunulmazlığı, əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində hərtərəfli işlər həyata keçirilir. 
Xatırladaq ki, ötən il Silahlı Qüvvələr Günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərdə yeni yaradılmış Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdi. 
Bu il mayın 27-də isə qalib lider Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak etdi, burada yaradılan şəraitlə tanış oldu. 3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. 
Göründüyü kimi, artıq Kəlbəcərdə yeni həyat qaynayır, üç ildir ki, heyvandarlıqla, arıçılıqla məşğul olan təsərrüfatlarımızın Kəlbəcər yaylaqlarına köç etməsi isə buna ən parlaq nümunələrdəndir. 
İndi hər ötən an kəlbəcərli keçmiş məcburi köçkünləri Böyük qayıdışa yaxınlaşdırır. Tezliklə, illər əvvəl ağlaya-ağlaya yurdunu tərk edən Kəlbəcər eli də, elə bu il mayın 28-də, bayram günündə xilaskarları İlham Əliyevlə birgə gülə-gülə yurdlarına dönən laçınlılar kimi cənnətməkanlarında xoşbəxt ömür sürməyə dönəcək...

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video