24 Sentyabr 2026 16:05
157
SİYASƏT
A- A+
Qlobal etimadın təzahürü   

Qlobal etimadın təzahürü   


Donald Trampın BMT-də çıxışı zamanı Prezident İlham Əliyevdən sitat gətirməsi Azərbaycan liderinin yüksək beynəlxalq nüfuzunun göstəricisidir


 Dövlətlərarası əlaqələrin xarakterini və inkişafını müəyyən edən ən mühüm amillərdən biri liderlər səviyyəsində formalaşan şəxsi etimad, qarşılıqlı hörmət və dialoqdur. Hazırda dünyada baş verən mürəkkəb proseslər, güc mərkəzləri arasındakı ziddiyyətlər fonunda liderlərin şəxsi nüfuzu dövlətlərin xarici siyasət imkanlarını genişləndirən əsas amillərdən sayılır. Bu baxımdan, dünya güclərinin -  Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Rusiya Federasiyası və Avropa İttifaqının rəhbərlərinin Azərbaycan Prezidenti İlham Əliyevin liderlik keyfiyyətləri, xarici kursu və qlobal miqyaslı təşəbbüsləri barədə mütəmadi səsləndirdikləri yüksək fikirlər dövlətimizin başçısının beynəlxalq müstəvidə qazandığı böyük nüfuzun aydın təzahürüdür. 

Dünyanın əsas güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın Azərbaycan liderinin fəaliyyətinə verdiyi yüksək qiymət xüsusi vurğulanmalıdır. Donald Trampın müxtəlif beynəlxalq platformalarda, o cümlədən sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında Azərbaycan Prezidentinin rolu haqqında dedikləri dövlətimizin başçısının beynəlxalq miqyasdakı nüfuzunu bir daha nümayiş etdirib. Tramp çıxışında Prezident İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirərək, dövlətimizin başçısının qısa müddətdə əldə olunan tarixi nəticələrə dair fikirlərinə istinad edib, iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu vurğulayıb. 

ABŞ Prezidenti dövlətimizin başçısı İlham Əliyevi güclü və qətiyyətli lider kimi xarakterizə edərək, onunla qurulan şəxsi dostluq və tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini dəfələrlə ifadə edib. Bundan əlavə, D.Trampın rəsmi sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin və rəsmi Bakının xarici siyasət kursu, eləcə də Vaşinqton-Bakı tərəfdaşlığı haqqında məqalə və müsahibələri paylaşması Prezident İlham Əliyevin rəylərinin dünya nəhəngləri tərəfindən nə qədər ciddi qəbul edildiyini və yüksək dəyərləndirildiyini göstərir. 

ABŞ liderinin Azərbaycan Prezidentinə yüksək etimadı digər Qərb güc mərkəzlərində də eynilə əksini tapır. Avropa İttifaqının rəhbərliyi də Prezident İlham Əliyevin siyasi iradəsini və Azərbaycanın qlobal rolunu açıq şəkildə etiraf edirlər. Aİ rəsmiləri Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı və strateji tərəfdaş adlandırır, “Cənub qaz dəhlizi”nin genişləndirilməsini və “yaşıl enerji” sahəsindəki təşəbbüsləri dövlətimizin başçısının uzaqgörən iqtisadi diplomatiyasının təntənəsi kimi qiymətləndirirlər. 

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen dövlətimizin başçısı ilə görüşlərində və bəyanatlarında Azərbaycanın Avropa üçün təkcə enerji sahəsində deyil, ümumilikdə geostrateji müstəvidə sınaqdan çıxmış, etibarlı və inamlı tərəfdaş olduğunu xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və “yaşıl enerji” keçidində nümayiş etdirdiyi liderliyi yüksək dəyərləndirərək, iki tərəf arasında qurulan əməkdaşlığın möhkəm təməllərə söykəndiyini bəyan edib. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da Bakıda Azərbaycan Prezidenti ilə keçirdiyi mətbuat konfransında dövlətimizin başçısı İlham Əliyevin regional sabitlik və sülhün bərqərar olunmasındakı rolunu xüsusi qeyd edərək: “Sizin liderliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür”, - deyə vurğulayıb. Avropa İttifaqının yüksək çinli nümayəndələri Azərbaycan Prezidentinin təkcə enerji sahəsində deyil, regional sülh gündəliyinin irəli aparılmasında, mürəkkəb şəraitdə strateji mövqe sərgiləməsində nümayiş etdirdiyi iradəsini də xüsusi vurğulayırlar. 

Qərb siyasi mərkəzləri ilə yanaşı, əks qütbdə yerləşən aparıcı güclər də Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinə hər zaman dərin hörmətlə yanaşırlar. Şərqin və qlobal iqtisadiyyatın lokomotivi sayılan Çinin rəhbərliyi də dövlətimizin başçısının müdrik və praqmatik siyasətinə xüsusi dəyər verib. Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi beynəlxalq aləmdə böyük nüfuza malik lider və Çinin etibarlı dostu adlandırıb. Bu fikirlər iki ölkə arasındakı yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və strateji tərəfdaşlıq əlaqələrinin nümunəsidir. Çin və Azərbaycan rəhbərlərinin görüşlərində mütəmadi olaraq vurğulanan bu cür ifadələr ölkələrimiz arasındakı bağları və gələcək əməkdaşlığın perspektivlərini əks etdirir. İki ölkə arasında qurulan strateji tərəfdaşlıq münasibətləri, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanın logistik mərkəzə çevrilməsi məhz dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsidir. Çin Azərbaycan liderinin regional təhlükəsizlik, nəqliyyat dəhlizlərinin bərpası və qlobal iqtisadi inteqrasiya sahəsindəki təşəbbüslərini yüksək qiymətləndirir, dövlətimizin başçısı ilə şəxsi dialoqa və qarşılıqlı etimada xüsusi dəyər verir.

Dünya siyasətinin əsas mərkəzlərindən olan Rusiya Federasiyası ilə münasibətlərdə də liderlər arasındakı şəxsi etmad müstəsna rol oynayır. Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısı İlham Əliyev haqqında danışarkən onun yüksək dövlətçilik təcrübəsini, siyasi müdrikliyini, verdiyi sözlərə və imzalandığı sənədlərə hər zaman sadiq qalan etibarlı dövlət xadimi olmasını dəfələrlə vurğulayıb. Rusiya rəhbəri Azərbaycan Prezidentinin regional məsələlərin həllində nümayiş etdirdiyi konstruktiv mövqeni, Cənubi Qafqazda sülhün və dayanıqlı inkişafın təmin olunmasındakı müstəsna xidmətlərini yüksək qiymətləndirib. Bu yüksək qiymət iki ölkə arasında müttəfiqlik əlaqələri haqqında Bəyannamənin imzalanmasında və regional təhlükəsizlik arxitekturasının formalaşmasında öz real əksini tapır. 

Bu gün Azərbaycanın xarici siyasətində diqqət çəkən mühüm məqamlardan biri də Şərq-Qərb, Şimal-Cənub arasında körpü rolu oynayan çoxvektorlu diplomatiyanın uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyev qlobal çağırışlara unikal həll yolları təklif edən beynəlxalq miqyaslı siyasi xadim kimi tanınır. Qoşulmama Hərəkatına uğurlu sədrlik dövründə Bakının irəli sürdüyü qlobal təşəbbüslər, inkişaf etməkdə olan və kiçik ada dövlətlərinin hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar Azərbaycan Prezidentinin dünyadakı nüfuzunu daha da artırıb. Müxtəlif geosiyasi cəbhələrin qarşı-qarşıya gəldiyi dövrlərdə Prezident İlham Əliyev ziddiyyətli tərəflərin etimad göstərdiyi, dialoq və razılaşma üçün müraciət etdiyi nadir liderlərdəndir. 

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də təsdiq edir ki, hərbi və siyasi müstəvidə tarixi zəfərə imza atan dövlətimizin başçısı sülhün, humanizmin və qlobal həmrəyliyin də ən fəal təşəbbüskarı kimi qəbul olunur. 

Vurğulanan məqamlar bir daha sübut edir ki, dünyanın fərqli qütbləri, bir-biri ilə rəqabətdə olan güc mərkəzləri də Prezident İlham Əliyevin liderliyini, siyasi uzaqgörənliyini və dövlətçilik təfəkkürünü birmənalı olaraq qəbul edirlər. Beynəlxalq aləmdə dövlətimizin başçısına göstərilən bu yüksək etimad, onun fikirlərinə, təşəbbüslərinə və tövsiyələrinə diqqətlə yanaşılması Azərbaycanın qlobal siyasətdəki çəkisini daha da artırır. 

Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və praqmatik xarici siyasət kursu sayəsində Azərbaycan bu gün beynəlxalq müstəvidə söz sahibi olan, qlobal qərarların qəbulunda mövqeyi nəzərə alınan, öz şərtlərini diktə edən “orta güc” statusuna malik nüfuzlu dövlətə çevrilib. 


İsmayıl QOCAYEV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağ-mədən və metallurgiya sənayesi ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilə bilər  

16:48
24 Sentyabr

Mineral sərvətlər və “yaşıl gələcək”  

16:31
24 Sentyabr

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək  

16:17
24 Sentyabr

“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”  

16:15
24 Sentyabr

Qlobal etimadın təzahürü   

16:05
24 Sentyabr

Dünyanın toxum xəritəsi dəyişir  

16:01
24 Sentyabr

Sığorta bazarında 8 ayın mənzərəsi

16:00
24 Sentyabr

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

15:57
24 Sentyabr

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub  

15:55
24 Sentyabr

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

15:54
24 Sentyabr

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

15:53
24 Sentyabr

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

15:51
24 Sentyabr

Formula 1-in Bakıda 10-cu səhifəsi yazılır

15:17
24 Sentyabr

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

15:01
24 Sentyabr

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb  

14:19
24 Sentyabr

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb  

14:16
24 Sentyabr

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

14:07
24 Sentyabr

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

14:01
24 Sentyabr

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

13:52
24 Sentyabr

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

13:37
24 Sentyabr

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

13:22
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!