16 Sentyabr 2026 20:36
879
Elm və texnika
A- A+
QAFQAZ ALBANİYASI: TARİXİ İRS VƏ VARİSLİK ƏNƏNƏSİ

QAFQAZ ALBANİYASI: TARİXİ İRS VƏ VARİSLİK ƏNƏNƏSİ


 E.ə. IX əsrin birinci yarısında Şərqi Anadoluda Van gölü hövzəsində yaşayan tayfaların siyasi birliyi kimi meydana gəlmiş Urartu dövləti Orta Araz hövzəsi ilə Göyçə gölü arasındakı torpaqlarda yaşayan yerli tayfalar üzərinə həm xərac almaq, həm də canlı qüvvə olaraq çoxsaylı əsirlər ələ keçirmək məqsədi ilə hərbi yürüşlər etmişdir. Cənubi Qafqazda Alban ölkəsinin adına ilk dəfə e.ə. VIII əsrin ortalarına aid Urartu mixi yazılı kitabəsində rast gəlinir. Ümumiyyətlə Urartu mixi yazılı kitabələrində albanlarla yanaşı, bir çox tayfaların müasir dövrdə Ermənistan adlandırılan Azərbaycanın tarixi qərb torpaqlarının qədim sakinləri olduğu məlumdur. Bu kitabələrdə albanların, iskitlərin və utilərin adları çəkilir, amma nə hay, nə də erməni adlı etnik ünsürdən bəhs edilmir. Urartu kitabələri sübut edir ki, müasir Ermənistan ərazisində ən qədim dövlətçilik ənənələri məhz Azərbaycan xalqının etnogenezində fəal iştirak etmiş iskitlər, albanlar və utilər kimi böyük tayfa birliklərinin hərbi-siyasi fəaliyyəti ilə bağlı olaraq təşəkkül tapmışdır. Urartulular Uti ölkəsini Etiuni, Alban ölkəsini isə Ku-Alban adlandırırdılar. E.ə. IX əsrin sonundan etibarən Urartu hökmdarları İşpuini və oğlu Minuanın hakimiyyəti dövrlərinə aid mixi yazılı kitabələrdə Göyçə gölünün qərbini əhatə edən Etiuni ölkəsində (KUR.Etiuni ), e.ə. 743-742-ci illərdə isə II Sardurinin hücumlarından bəhs edən qədim Tuşpa (Van) qalasındakı Analıqız (Xəzinə qapısı) mixi yazılı kitabəsində Ku-Alban (KUR.Ku-Alban ) ölkəsindən bəhs edilir. Bu mənbələrdən məlum olur ki, e.ə. I minilliyin əvvəllərində Alban və Uti ölkələrinin tarixi-coğrafi hüdudları Kür çayının sağ sahili torpaqlarını, yəni Göyçə gölü hövzəsini əhatə edirmiş.

 

Analıqız kitabəsi – Ku-Alban ölkəsindən bəhs edən ilk mənbə

(e.ə.VIII əsrin ortaları)

 

Alban ölkəsinin adının e.ə.VIII əsrin ortalarına aid Urartu kitabəsində, həmçinin Göyçə gölünün cənub-şərqinə aid bölgədə çəkilməsi əslində, albanların Kür çayının sağ sahilində, daha qədim zamanlardan yaşadığını sübut edən tutarlı dəlildir. Halbuki müasir albanşünaslıq elmində belə bir fikir var ki, Albaniya dövləti Kürün sol sahilində meydana gəlib, sonrakı dönəmlərdə, yəni artıq erkən orta əsrlər dövründə Kürün sağ sahilinə genişlənib və bizim eranın IV əsrinin sonlarından başlayaraq Kürün sol sahili ilə yanaşı sağ sahilində də möhkəmlənib. Bu konsepsiyaya görə V əsrin ortalarında Albaniyanın paytaxtı Bərdə şəhərinə köçürüldüyünə görə Kürün sağ sahili yalnız bu dövrdən etibarən Alban torpaqları olub. Əslində isə bu cür yanaşma tarixi obyektivliyi yox, məhz qərəzli yanaşmanı göstərir. Göyçə gölü hövzəsində Alban ölkəsindən bəhs edən Urartu kitabəsi isə bu cür yanlış konsepsiyaların üzərindən bilavasitə xətt çəkir və albanların Qərbi Azərbaycan ərazisində yaşayan qədim etnoslardan biri olduğunu təsdiq edir.

Alban tayfalarından əvvəl Qərbi Azərbaycan ərazisində tayfa ittifaqı yaradan, yerli tayfaları vahid dövlətin tərkibində birləşdirən etnos etiular olmuşdur. Urartu mənbələrində albanların, lipinlərin və digər tayfaların hərəsinin tayfa başçısının və ya hökmdarının adı çəkilir. Amma etiular, yəni utilər haqqında məlumat verən mixi yazılı mətnlərdə onların bir neçə hökmdarının olmasından, çox saylı şəhərlərindən və Göyçə gölünün qərbini əhatə edən geniş ərazili dövlətə sahib olmasından bəhs edilir. E.ə. VIII əsrin birinci yarısında Etiuni ölkəsi müasir Qarsa, Sarıqamışa qədər, Ağbaba, Şörəyel, Dərəçiçək, Qərbi Azərbaycanın şimal-qərb bölgələri, hətta Çıldır gölü də daxil olmaqla böyük bir coğrafiyanı əhatə edirdi. Urartu mixi yazılı kitabələrində Etiuni tayfa ittifaqından Qərbi Azərbaycan ərazisini ilk dəfə vahid dövlət halında birləşdirən güclü etnos kimi bəhs edilməsi, bölgədə yerli dövlətçilik ənənələrinin qədim ənənələrə malik olduğunu sübut edir.

Azərbaycanın qərb torpaqlarında etiuların vahid dövlətçilik xəttini əvvəlcə iskitlər, daha sonra isə albanlar davam etdirmişlər. Cənubi Qafqazı ilk dəfə vahid dövlət halında birləşdirən İskit dövlətinin adı e.ə. VIII əsrin əvvəllərində Urartu mixi yazılı kitabələrində, eləcə də Şörəyel mahalında Qanlıca kəndindən tapılmış qayaüstü kitabədə İşkiqulu, e.ə. VII əsrin 70-ci illərindən etibarən Aşşur hökmdarı Asarhaddonun kitabələrində Aşquz (İşquz) kimi çəkilmişdir. Bir çox mənbələrdə (əsasən qədim fars, yunan və latındilli mənbələrdə) İskit elat tayfaları Sak və ya Skolati (Sak+elatı) adı ilə də tanınırdılar. İskit dövləti süqut etdikdən sonra onun torpaqları Mada (Midiya) imperiyasının tərkibinə daxil olmuşdur. Mada imperiyasına son qoyan Əhəməni dövləti Araz çayından şimaldakı torpaqlarda (Sakasayana – İskit dövlətinin mərkəzi bölgəsi) möhkəmlənmək üçün ciddi cəhd göstərsə də, bu coğrafiyada uzun müddət hakimiyyətini bərqərar edə bilməmişdi.

Qədim yunan müəllifləri öz əsərlərində Albaniya dövlətindən bəhs etdikləri zaman artıq Əhəməni imperiyası dağılmış, Makedoniyalı İsgəndərin diadoxlarının (sərkərdə) isə qısamüddətli və  müvəqqəti bir hakimiyyət mərhələsi başlamışdır. Bun diadoxlar arasında uzun sürən çəkişmələr regionda siyasi dağınıqlıq vəziyyəti yaratmışdı. E.ə. IV əsrin sonunda Azərbaycanın şimalında Albaniya dövlətinin yenidən bərpa olunması və güclənməsi məhz regionda bu cür siyasi dağınıqlığın davam etdiyi şəraitdə və İskit dövlətinin mərkəzi bölgəsində - Kür və Araz çayları hövzəsində iskitlərin hərbi-siyasi ənənələrinin təsiri nəticəsində baş vermişdir. Erkən Orta əsrlər dövrünün ilk mərhələsində (e.ə.III-VII əsrlər) Qarabağın Qafqaz Albaniyasının tərkibində olduğu dövrdə buranın əhalisinin böyük bir hissəsi iskit-sak tayfaları ilə yanaşı hunlar idi. Burada yaşayan hunların əksəriyyəti xristianlığı qəbul etmişdir.

Təsadüf deyil ki, VII əsrdə yaşayan Alban tarixçisi Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” kitabında Alban ölkəsinin ilk hökmdarının Sak (=İskit) soyundan olan Aran olması haqqında məlumat vermişdir. Bu kitabın ilk variantı Alban dilində yazılsa da, sonralar erməni keşişləri qrabar dilinə tərcümə edərək üzünü köçürmüş, yeni mətnlər əlavə edərək ciddi təhriflərə yol vermişlər. Əsəri diqqətlə oxuyanda, tarixi-filoloji və mətnşünaslıq baxımından analiz edəndə aydın olur ki, bu əsərin ilk variantı Alban dilində olub. Alban hökmdarı Cavanşirin dövründə (VII əsr) yaşayan Moisey Kalankatlı onun tapşırığı ilə bu əsəri qələmə almışdır. Məşhur albanşünas alim K.Trever “Qafqaz Albaniyasının tarixi və mədəniyyətinin oçerki” adlı kitabında qeyd edir ki, Alban tarixi əsərində rast gəlinən ermənilərlə bağlı məlumatlar, sonradan erməni keşişləri tərəfindən bu əsərə daxil edilmiş kompilyativ fraqmentlərdir. K.Trever burada böyük bir sualın cavabını açıqlayır və məlumat verir ki, ona görə erməni keşişləri orta əsrlər dövründə Alban tarixi əsərinə ermənilər haqqında olan uydurmaları və əfsanələri daxil edirdilər ki, erməni xalqı ilə alban xalqının tarixini eyniləşdirsinlər, bunların bir kökdən olduğunu əsaslandırsınlar və sübut etsinlər. Bu cəfəngiyatı hələ 70 il bundan öncə sovet dövründə yaşamış albanşünas alim K.Trever müəyyən etmişdi. Bundan sonra aparılan tədqiqatlarda erməni və alban mədəniyyətlərinin tamamilə bir-birinə yad mədəniyyət olduğunu sübut etdi. Albanların xristianlığı ermənilərdən 270 il əvvəl qəbul etdiyini yazan Moisey Kalankatlı qeyd edir ki, albanlar İsanın dinini qəbul edəndə, kilsələrə gedəndə, ibadət edəndə ermənilər hələ də bütpərəst toplum idilər. Ermənilərin bütpərəst toplum olmasını özlərinin tarixçisi kimi qələmə verdikləri, əslində yunan mənşəli tarixçi, din xadimi olan Favstos Buzand da qeyd etmişdir. O, “Tarix” əsərində yazır ki, ermənilərin hökmdarı olan Tiran hakimiyətdə olduğu zaman (339-350-ci illər) Ərzurum yaxınlığında Tordanda erməni kilsəsində, o kilsəni idarə edən parfiyalı Müqəddəs Qriqorisin nəvəsi İusik idi, İusik ermənilərin yeni dini rəhbəri seçilmişdi. Əslində, katolikos rütbəsi ermənilərdə yox idi. O, erməni kilsəsinə rəhbərlik edən keşiş idi. 347-ci ildə yeni il günü Tiran kilsəyə girərək dini bayramı qeyd etmək istəyərkən İusik ona mane olur. İusik kilsənin qapısı ağzında duraraq Tiranı buraxmır. İusikin erməni hökmdarına qarşı məşhur çıxışı var. Favstos Buzand bu çıxışı öz əsərində ətraflı verir. İusik erməni çarına deyir ki:“sən o qədər murdar əməllər törətmişsən ki, adın xristianlıq qoyub, İsanın dinini qəbul etmək qoyub, o bəhanə ilə əslində bütpərəst məbədlərinə getmisən, xristian olmamısan və xristianlığa qarşı qəddar tədbirlər görmüsən, keşişləri, din xadimlərini qətlə yetirmisən”. Favstos Buzand yazır ki, buna görə də İusikin bu sözündən sonra Tiran öz nahararlarına, yəni ətrafında olan sərkərdələrə əmr verib ki, onlar zopayla keşiş İusiki kilsənin içərisində döyüb öldürsünlər. IV əsrdə albanlar xristianlığı rəsmən qəbul etmişdi. Bu dövrdə Albaniyada xristianlıq dövlət səviyyəsində təbliğ olunurdu. Amma ermənilər həmin dövrdə xristian din xadimlərini kilsənin içində qətlə yetirirdilər. Buna görə də albanlarla ermənilərin xristianlıq tarixi tamamilə başqa-başqa məsələlərdi.

 

 Ramin ƏLİZADƏ,

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!