27 Fevral 2024 14:01
5999
Qəbullar
A- A+

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib  YENİLƏNİB

 

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəmizə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd etdi, uçuş reyslərində olan dinamikanı müsbət qiymətləndirdi.

Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Taufiq bin Fauzən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırdı.

Qonaq “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Prezident İlham Əliyev hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərini qeyd etdi və Böyük Qayıdış layihəsinin həyata keçirildiyini bildirdi.

Azərbaycanda Səudiyyə Ərəbistanından olan turistlərin sayının artmasındakı müsbət dinamikaya toxunan dövlətimizin başçısı turistlərin sayı ilə bağlı COVID-19 pandemiyasından əvvəlki rəqəmlərə çatmağın vacibliyini vurğuladı və bu istiqamətdə böyük potensialın olduğunu dedi.

Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında ölkələrimizin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi bildirildi, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd edildi.

Həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında urban inkişaf üzrə çox böyük layihələrin həyata keçirildiyi bildirilərək bu sahədə də əməkdaşlığın vacibliyi vurğulandı.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video