18 Aprel 2024 08:55
152
İQTİSADİYYAT
A- A+

Ötən hər gün bizi COP29-a yaxınlaşdırır

 

Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar səfərbər olunub

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının  (COP29) işə başlayacağı vaxta yeddi ay qalsa da, Azərbaycan xeyli zamandır tədbirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq görür. Səbəbi aydındır - həm ortada sessiyanın qlobal xarakter daşıması, həm də ölkəmizin təşkilati cəhətdən imici var. 
Artıq COP29-un loqosu da hazırdır. Loqoda buta, yarpaq və su damlası simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib. Buta özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü rolunu oynayır.  İllüstrativ su damlaları şəklində olan butalar özündə beş fərqli elementi - flora və fauna, hava və külək, su, enerji və kainatı birləşdirir. Loqo, habelə iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranışın əhəmiyyətini əks etdirir.
COP29  Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu da tədbirin iştirakçı sayına görədir. Onu da qeyd edək ki, məkanla bağlı qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul olunub. İndiyədək Olimpiya Stadionunda keçirilən irimiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib. COP29 zamanı təşkil olunacaq göy və yaşıl zonalar stadion ərazisində kompakt şəkildə təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanacaq. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında konstruksiyalar quraşdırılacaq. 
Tədbirə hazırlıqlarla bağlı görülən işlərdən biri də COP29-un veb-saytının hazırlanmasıdır. Saytın tezliklə istifadəyə verilməsi gözlənilir. Bundan başqa, ötən müddətdə bir çox ölkələrə səfərlər edilib, COP-la bağlı təcrübə toplanılıb, müzakirələr aparılıb.
Bu səviyyədə tədbirin ölkəmizdə keçirilməsinə qərar verilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ekologiya sahəsində həyata keçirdiyi siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təsdiqidir. Xoş olan məqamlardan biri də odur ki, COP29 zamanı Azərbaycan sözügedən sahədə özünün müsbət tərəflərini nümayiş etdirəcək və bu istiqamət üzrə yaxın onilliyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün əlverişli imkanlar qazanacaq. COP29 həm də Azərbaycan həqiqətlərinin və reallıqlarının dünyaya çatdırılması baxımından real fürsət olacaq.  
Bu və digər məsələlər barədə COP29-un Baş Qərargahında ilk dəfə keçirilən mətbuat konfransında da danışılıb. Konfransda Azərbaycanın iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyi vurğulanıb, o cümlədən çaylarda və  Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemlərdən söz açılıb. Bildirilib ki, Azərbaycan COP29-a evsahibliyi çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq və neytrallıq prizmasından yanaşır. Hazırlıqlar fonunda COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur. Vurğulanıb ki, Azərbaycanın rolu sadəcə evsahibliyi mandatı ilə məhdudlaşmayacaq, ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Odur ki, danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır. Çünki  bu beynəlxalq tədbir "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq. 
COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var. Ona görə də həm hazırlıq prosesinin, həm də tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən qeyri-hökumət və gənclər təşkilatları  səfərbər olunub. Bir müddət əvvəl Prezidentin  sərəncamı ilə Təşkilat Komitəsinin tərkibi  genişləndirilib və bununla gender balansı tam təmin olunub. COP29-da müasir çağırışların və texnoloji məsələlərin geniş müzakirə olunacağını nəzərə alsaq, Təşkilat Komitəsində iqtisadiyyat və innovasiya sahəsində çalışan şəxslərin də təmsil olunması müsbət addımdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinə xüsusi həssaslıqla yanaşır və tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün prosesi birbaşa izləyir, vaxtaşırı məlumatlar alır və lazım olan tədbirləri görür. Çünki dövlət başçısının təbirincə desək, COP29-un bir önəmi də ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Bu da o deməkdir ki, bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib: "Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video