18 İyul 2025 08:05
1217
SİYASƏT
A- A+
Ortaq keçmişdən birgə gələcəyə

Ortaq keçmişdən birgə gələcəyə


Azərbaycan və Türkmənistan arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün perspektivlər genişdir


Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki dost ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması ilə əlamətdardır. Dövlət liderlərinin qarşılıqlı səfərləri indiyədək də olub. Türkmənistanın milli liderinin budəfəki səfəri isə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra bir ilkdir. Qurbanqulu Berdiməhəmmədovun proqramında Qarabağa səfərin olması dünyaya bir mesajdır: bütöv türk dünyasının üzvü kimi Türkmənistan da Azərbaycanın tarixi qələbəsini alqışlayır. 


Bizi nə birləşdirir


Türkmənistanla Azərbaycanı bir-birinə bağlayan tarixi, etnik, dini və mənəvi bağlardan savayı, dövlətlərimizin maraqlarının uzlaşdığı bir neçə əlavə platforma var. Birincisi, şübhəsiz ki, ikitərəfli münasibətlərdir və bunlar geniş spektrli mövzu və çağırışları özündə ehtiva edir. İstər Xəzər üzrə əməkdaşlıq, istər birgə neft-qaz təşəbbüsləri, istərsə də dünyada baş verən dəyişikliklərə koordinasiya edilmiş yanaşmanın sərgilənməsi baxımından. Unutmayaq ki, Türkmənistan da Azərbaycan kimi Qoşulmama Hərəkatının üzvüdür. Rəsmi Aşqabad bu təşkilat çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüs və təklifləri ən fəal şəkildə dəstəkləyən dövlətlərdən biridir.

İkincisi, bizim aramızda olduqca geniş diapazonlu iqtisadi əlaqələr var ki, onlar da böyük perspektiv və potensiala malikdir. Bu müstəvidə Türkmənistanın hasil etdiyi karbohidrogen daşıyıcılarının Qərb bazarlarına Azərbaycan vasitəsilə daşınması xüsusilə maraq kəsb edən məsələdir. 

Daha bir məqam beynəlxalq yük daşımalarında müştərək mövqelərdən çıxış etməyin vacibliyidir. Hazırkı reallıqda bu, olduqca ciddi məsələdir, çünki hər iki ölkədən keçən  Orta dəhlizin önəmi gündən-günə daha çox hiss edilir. Ölkələrimizdən cənubda yenicə müharibədən çıxmış və hələ də sabit sayılmayan coğrafiya - İsrail-İran qarşıdurması var. Şimalda isə Rusiya-Ukrayna müharibəsinin nə zaman və hansı nəticələrlə bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan bölgəmiz, o cümlədən Türkmənistan, Xəzər dənizi və Azərbaycanın daxil olduğu bu dəhliz hazırda dünya iqtisadiyyatı və ticarətinin böyük ümidlər bəslədiyi perspektivli logistika arteriyasına çevrilməkdədir. Bu fürsətdən maksimum yararlanmaq üçün həm Azərbaycanın, həm də Türkmənistanın səylərini birləşdirməsi günün tələbidir. 

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşündə demişdir: “Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq”. 


İkitərəfli təmaslarda yeni mərhələ


İkitərəfli əlaqələrdən danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanla Türkmənistan strateji tərəfdaşdırlar. Bu barədə müvafiq bəyannamə 2017-ci il avqustun 8-də Bakıda imzalanıb. Bu baxımdan aramızda olan istənilən münasibət həmin sənəddən irəli gəlir və strateji əhəmiyyət daşıyır. 

Türkmənistanın milli liderinin Azərbaycana sonuncu səfəri 2020-ci il martın 11-də reallaşmışdı. Həmin səfər ərzində tərəflər nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparmışlar. Səfərin mərkəzi mövzusu təbii ki, enerji nəqliyyatı olmuşdur. Söhbət Türkmənistanın hasil etdiyi neft və qazın Azərbaycana məxsus kəmərlər vasitəsilə Avropa bazarlarına çıxarılmasından gedirdi. Bu mövzu indi də aktualdır. 

Bir il sonra – 2021-ci il yanvarın 21-də videokonfrans formatında Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Bu memorandumu 2020-ci ildə baş tutmuş səfərin məntiqi nəticəsi saymaq olar. Prezident İlham Əliyev bununla bağlı demişdir: “…Bu yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək".

Ölkələrimiz arasında olan münasibətlər bir sıra çoxtərəfli format və platformalarda da  inkişaf edir. Biz böyük türk dünyasının üzvləriyik və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim bir ailəmiz var, o da türk dövlətlərinin birliyidir. Türk dünyası çərçivələri daxilində Azərbaycan-Türkiyə-Türkmənistan üçbucağı şəklində, yəni daha sıx çərçivədə müzakirə edilən və həyata keçirilən geniş spektrli məsələlər mövcuddur. Belə bir format 2022-ci ildə yaradılıb və ardınca liderlərin baş tutan Zirvə görüşü bu böyük  coğrafiyada – türk dünyasında və ikitərəfli münasibətlərdə növbəti birgə fəaliyyət tədbiri kimi müsbət nəticələrə səbəb olub. 

Türkmənistanla Azərbaycan daha bir geniştərkibli iqtisadi layihədə birgə iştirak edirlər. Söhbət Türkiyə, Gürcüstan, Türkmənistan və Əfqanıstanı əhatə edən logistik marşrut – Lapis-Lazuli nəqliyyat dəhlizindən gedir. Bu marşrutla malların Avropaya daşınması sahəsində artıq ilkin addımlar atılıb. Güman ki, ölkələrimiz Orta dəhliz layihəsi çərçivəsində də bu uğuru davam etdirmək əzmindədirlər.  


Azərbaycanın suverenliyinə növbəti dəstək


Qurbanqulu Berdiməhəmmədov türk dünyasında növbəti liderdir ki, Azərbaycanın Vətən müharibəsi və antiterror əməliyyatı ilə torpaq bütövlüyünü bərpa etməsini alqışlayır və bu, Zəfəri özününkü kimi qəbul etdiyini göstərir. Türkmənistanın milli liderinin səfər proqramında Qarabağa getməsi, habelə Bakıda Zəfər parkını ziyarət etməsi dünyaya açıq mesajdır: bu qələbə yalnız Azərbaycanın deyil, bütün türk dünyasının və ayrı-ayrılıqda türk dövlətlərinindir. Bu səfər və ziyarət eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, şəhidlərə və qazilərə münasibətdə sərgilənən ehtiramdır ki, xalqımız və dövlətimiz belə bir münasibəti yüksək qiymətləndirməyə bilməz. 

İndiyədək işğaldan azad edilmiş bölgəmiz türk dövlətlərinin liderləri tərəfindən bir deyil, bir neçə dəfə ziyarət edilib. Qazaxıstan, Özbəkistan və Qırğıstan liderləri həm azad edilmiş ərazilərin infrastrukturunun bərpası istiqamətində təşəbbüs müəllifləri olublar, həm də dövlətlərinin hədiy-yəsi olan təhsil ocaqlarının açılışında iştirak etməklə Azərbaycan xalqının tarixi qələbəsinə mənəvi dəstəklərini ifadə ediblər. Qurbanqulu Berdiməhəmmədovun da Qarabağa səfərinə məhz bu müstəvidən baxmaq lazımdır. Heç şübhəsiz ki, rəsmi Aşqabad bu iradəsini və bu istiqamətdə səylərini qarşıdakı dövr ərzində də nümayiş etdirəcək. 

Türkmənistanın milli lideri təkbətək görüşdə bununla bağlı bildirmişdir: “Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir”. 


Qeyri-sabit dünyada sabit münasibətlər


Dəyişkən siyasi prioritetlər, seysmik geosiyasi vəziyyət, hərbi təhlükələr və iqtisadi böhranlar reallığında həm Azərbaycan, həm də Türkmənistan üçün dünyadakı təzahürlərə eyni və yaxud oxşar baxışlar sərgiləmək olduqca vacibdir. İzlədiyimiz yeni dünya nizamı prosesi əksər hallarda kiçik və dəstəksiz dövlətlər üçün ağrılı fəsadlara səbəb olur. Bu baxımdan təmsil olunduğumuz türk dünyası hər iki dövlətin milli təhlükəsizliyi üçün əlahiddə dərəcədə vacibdir. Bu ehtiyac Bakı və Aşqabadda həm geniş müstəvidə türk dövlətlərinin birliyi çərçivəsində, həm də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolu ilə hava-su kimi lazımdır. 

Qeyd etdiyimiz kimi, ölkələrimiz şimalda və cənubda qeyri-sabit, hərbi əməliyyatlarla müşayiət olunan situasiyalarla qonşuluqda yerləşir. Bu gerçəklik bizə milli və hərbi təhlükələrlə yanaşı, humanitar çətinliklər hesabına başa gələ bilər. Odur ki, savadlı və praqmatik siyasət təmsil olunduğumuz regional dəhlizin bir sabitlik zonası olaraq qalmasında ciddi həyati önəm kəsb edir. 

Qarşıdakı illərdə bizi iri logistik proseslərin məsuliyyəti və iqtisadi dividendləri gözləyir. Ölkələrimiz nəinki Şərqdən Qərbə uzanan qlobal transmilli nəqliyyat marşrutunun üzərində yerləşir, habelə bu dəhlizin mühüm bəndləridirlər. Bu o deməkdir ki, Türkmənistanla Azərbaycan sərhəd, gömrük, maliyyə və ticarət sahələrində də təmasları intensivləşdirməli, qanunvericiliyi və prosesin praktiki tərəflərini maksimum şəkildə adaptasiya etdirməlidirlər. Xəzər dənizinin bir sahilində Türkmənistan, digərində isə Azərbaycan yerləşir. Bizim aramızda dəniz vasitəsilə gəmiçilik, yükdaşıma tarixən mövcud olub. Ancaq proqnozlaşdırılan həcm misli görünməmiş səviyyədə böyükdür və qarşılıqlı koordinasiya tələb edir. 

Qloballaşan və daha da gərginləşən beynəlxalq münasibətlər gerçəkliyində təkcə dövlətlərimizin deyil, xalqlarımızın da əlaqələrinin intensivləşdirilməsində, daha çox humanitar məzmunlu proseslərə qatılmasında ciddi fayda ola bilər. Bu, bizə imkan yaradır ki, müasir zəmanənin çağırışlarına daha səmərəli və operativ reaksiya verək. Türkmənistanın milli lideri Q.Berdiməhəmmədov təkbətək görüşdə xüsusi vurğuladı ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində həyata keçirilən yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.

Bütün bu məsələlər məhz dövlət liderlərinin görüşləri zamanı müzakirə olunur və həllini tapır. Söhbət iki türk dövlətindən gedirsə, ön plana tarixi bağlar, ümumi köklər və mənəvi əlaqələr çıxır. Gələcəyimizi  möhkəm edən də məhz bu amillərdir. 


İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!