Bu gün diqqət mərkəzində beynəlxalq dəhlizlərin potensialından praktik istifadəyə keçid dayanır. Yük sahibləri üçün çatdırılma müddətinin proqnozlaşdırılması, yükün təhlükəsizliyi və ümumiyyətlə marşrut boyunca məsuliyyətin müəyyənləşdirilməsi əsas əhəmiyyət daşıyır. Bu amilə daha çox diqqət ayrılır. Biznes nəqliyyat xidmətlərinin rəqabət qabiliyyətini məhz bu sadaladığım meyarlarla qiymətləndirlir. Bu məsələlər eyni zamanda sənaye, energetika, infrastruktur obyektləri üçün avadanlıqların daşınmasını əhatə edən layihə logistikasında xüsusilə vacibdir. Layihə logistikası dedikdə, sıradan malların daşınması deyil, xüsusi malların daşınması nəzərdə tutulur. Böyük reaktorlardır, zavodlar üçün həddən artıq böyük yüklər və s. Bu tip yüklərin daşınması üçün artıq böyük bir plan hazırlanmalı, onun üçün xüsusi avadanlıqlar alınmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev deyib.
O bildirib ki, layihə logistikasında gecikməsi bütöv bir müəssisənin istismara verilməsi müddətinə də təsir göstərə bilir: “Buna görə də limanlar, gəmiçilik şirkətləri, dəmir yolu, avtomobil nəqliyyatı operatorlarının fəaliyyətinin uzlaşdırılması regionun investisiya cəlbediciliyini müəyyənləşdirən amillərdən biridir. Orta Dəhlizin daha səmərəli fəaliyyəti üçün bu məsələlərə diqqət ayrılmalı, infrastruktur qurulmalıdır. Qazaxıstanda keçirilən "Breakbulk Kazakhstan" konfransında moderatoru olduğum sessiyada bu məsələlər geniş müzakirə olundu. Müzakirələrdə Avropa, Çin və regionun logistika şirkətlərinin, infrastruktur müəssisələrinin və akademik dairələrinin nümayəndələri iştirak edirdilər. Biz sessiyada Avropa biznesinin tələblərini, Çin ixracatçılarının qarşılaşdıqları çətinlikləri, gömrük maneələrini, Cənubi Qafqazın artan infrastruktur imkanlarını, ələlxüsus Bakının Ələt limanının potensialı haqqında müzakirələr apardıq. Eyni zamanda, Zəngəzur dəhlizinin imkanlarını Xəzərdə gəmiçiliyin inkişafı və bu sahədə ümumiyyətlə logistika sahəsində kadr hazırlıqlarını nəzərdən keçirdik”.
Onun fikrincə, yeni terminal o zaman tam iqtisadi səmərə verə bilər ki, yüklər ora vaxtında çatsın, zəruri gəmi təminatı olsun və yaxud daşınmanın sonrakı mərhələləri bir-biri ilə uzlaşdırılsın. Orta Dəhlizin rəqabət qabiliyyəti onun bütün logistika zəncirinin keyfiyyətindən formalaşır. Gömrük məntəqələri, limanlar, terminalların işi, xüsusi sənədlərin hazırlanması, rəqəmsallaşma məsələləri və sair bunların hamısı bir-biri ilə uzlaşdırılmalıdır.
Analitik bildirib ki, Xəzərin hər iki sahilində daşıma qrafiklərinin uzlaşdırılması, daşımaların müntəzəmliyinin artırılması və əks istiqamətdə yüklənmənin təşkili və təchizatının planlaşdırılması üçün zəruri məlumat mübadiləsi aparılmalıdır və bu, əsas prioritetlərdən biri olmalıdır. Azərbaycan və Qazaxıstan nəqliyyat bağlantılarının hər ölkənin iqtisadiyyatının inkişafına xidmət etməlidir və hər iki ölkə bunda da maraqlıdır.
“Həm bizim, həm də Dünya Bankının proqnozları göstərir ki, 2040-cı ilə qədər Orta Dəhlizdən keçən yük həcmi 4 dəfəyə qədər artacaq. Yəni biz hazırda Çindən və Mərkəzi Asiyadan böyük bir yük həcmini qəbul etməyi gözləyirik.
Orta Dəhlizin inkişafı Azərbaycanın həm tranzit, həm logistika imkanlarının artması, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin də Avropa ilə ticarətinin inkişafına gətirib çıxaracaq. Mərkəzi Asiyanın respublikalarının Orta Dəhliz vasitəsi ilə iqtisadiyyatlarının artması həm də Azərbaycanın iqtisadiyyatına bir “driver” rolunu oynayacaq. Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daha çox tranzit yük daşımaları tərəflərin inkişafına təkan verəcək. Xəzərin hər iki tərəfi iqtisadi tranzit cəhətdən qazanacaq, böyük maliyyə axınları gələcək ki bunlar da əməkdaşlığın nəticəsində mümkün olar. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti, marşrut boyunca yerləşən müəssisələr ölkələr üçün böyük imkanlar açıq. Mərkəzi Asiya və Cənubi Qafqaz dərin istehsal və ticarət əməkdaşlığı üçün mühüm potensiala malikdir və Orta Dəhliz bu potensialı reallığa çevirmiş olur”, - deyə o bildirib.
O.Yolçuyev əlavə edib ki, bütün bunların reallaşmasında analitik mərkəzlərin də rolu var: “Azərbaycanın CASPIA Analitik Mərkəzi və Qazaxıstanın “Transkaspian Kargo” şirkəti logistika sahəsində biznes dairələri, ekspertlər üçün seminarlar, birgə seminarlar keçirir. “Taldayo” analitika məktəbinin komandası ilə də əlaqələrimiz var. Bu, çox böyük bir mərkəzdir və Qazaxıstanda müxtəlif sahələrdə yeni menecerlərinin yetişməsi ilə məşğul olur. Tədqiqat mərkəzlərinin, universitetlərin və şirkətlərin əməkdaşlığı bu işi iqtisadiyyatın real ehtiyacları ilə əlaqələndirir və belə tərəfdaşlıqların inkişafı bu gün bizim elə əsas prioritetlərimizdən biridir”.