26 İyun 2025 08:05
2478
SİYASƏT
A- A+
Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı


Dövləti yenilməz edən onun iqtisadi qüdrəti və güclü ordusudur. Bunlar həm də  dövlətin müstəqilliyinin, təhlükəsizliyinin etibarlı təminatçısıdır. Ona görə də yeni yaranan dövlətlər ilk olaraq iqtisadiyyatlarını və ordu quruculuğu məsələlərini önə çəkirlər. 

Ordumuzun yaranma və formalaşma tarixini vərəqlədikcə qürur hissləri keçiririk. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində özünəməxsus rolu və mirası var. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. 

Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də özünü göstərirdi. Türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəst-xəti qalmaqda idi. Digər tərəfdən cümhuriyyət ordusunda xidmət edən yüksəkrütbəli zabitlərin demək olar hamısı xidməti çar ordusu sıralarında keçmişdilər ki, bu da onların ruhuna təsirsiz ötüşməmişdi. Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün, ilk növbədə, bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, böyük əziyyətlər hesabına Azərbaycanda milli zəminə söykənən ordu formalaşdırıldı.

Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşaya bildi. Böyük çətinliklə, əzabla qurulmuş cümhuriyyət Rusiyada çevriliş yolu ilə hakimiyyətə gəlmiş bolşeviklərin hücumu nəticəsində süquta uğradıldı. Cümhuriyyət məcburi yolla devrilsə də, istiqlal ideyası heç vaxt yenilmədi, o illər ürəklərdə və qəlblərdə yaşadı. Buna görə də 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 

Bundan  sonra ölkəmizdə başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində işlərə başlandı. Yenicə müstəqilliyini əldə etmiş dövlət üçün ordu qurmaq elə də asan iş deyildi. Keçmiş ittifaq ordusundan qalan texnikaların, silahların əksəriyyəti işlək vəziyyətdə deyildi. Bir tərəfdən də erməni işğalçıları Qarabağda və Şərqi Zəngəzurda tez-tez təxribatlar törədirdilər. Qəsbkarlar həmin ərazilərdə azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri yandırır,  sakinlərini gülləbaran edirdilər. Düşmən hücumlarının qarşısının alınması üçün ordunun yaradılmasına böyük ehtiyac var idi. İlk vaxtlar işğalçıların qarşısının alınması məqsədilə könüllü batalyonlar təşkil olundu. Amma onların arasında vahid komandanlıq yox idi. Buna görə də erməni işğalçılarının qarşısının alınmasında müəyyən çətinliklər yaranırdı. 

Ordu quruculuğunda əsaslı dönüş və quruculuq işləri yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Torpaqlarımızın keşiyində dayanan ordu vahid komandanlıq prinsipi ilə formalaşdırıldı. Könüllü batalyonlar ləğv edildi, nizami hərbi hissə və birləşmələr yaradıldı. Bundan sonra dünya təcrübəsindən istifadə edərək ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr siyasi təsir və proseslərdən kənarlaşdırıldı. Bütün bunların nəticəsində erməni qəsbkarlarının hücumları dayandırıldı, döyüşlərdə ciddi dönüş yarandı. Ardınca Ulu Öndər ordu ilə xalq arasındakı əlaqələri yüksək səviyyəyə qaldırdı. Ölkənin müstəqilliyinin təminatçısı olan ordu dövlətin gündəlik qayğısı ilə əhatə edildi. Dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi, ölkənin yetərli müdafiə qabiliyyətinin yaradılması üçün uğurlu addımlar atıldı, əməli işlər görüldü. 

Ulu Öndər Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada hərbi kadrların hazırlanması məqsədilə mühüm islahatlar həyata keçirmişdi. 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü sayəsində azərbaycanlı gənclərin keçmiş Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) oxuması, eləcə də artıq tarixə qovuşmuş SSRİ-nin digər ali hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına geniş imkanlar yaranmışdı.

Müstəqillik dövründə Ulu Öndər ordunun texniki cəhətdən inkişafı ilə yanaşı, şəxsi heyətin vətənpərvərlik hissini və döyüş ruhunu yüksəltmək üçün ordu sıralarında ideoloji işin aparılmasına yüksək dəyər verirdi. Ümummilli Lider bu barədə demişdir: "Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar".

Ümummilli Liderin uzaqgörənliklə başladığı ordu quruculuğu prosesini onun siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirdi. Prezident seçildikdən sonra cənab İlham Əliyev ordunun NATO standartlarına uyğun qurulması üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirdi. Ordunun ən müasir silahlarla təchiz edilməsi Ali Baş Komandanın daim diqqət mərkəzində oldu. Görülən bütün bu səmərəli işlər Azərbaycan Ordusunu daha da gücləndirdi, beynəlxalq aləmdə çəkisini artırdı. 

2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyimizin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi münasibətilə hərbi parad keçirildi. Bu parad Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Göstərdi ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu erməni işğalında qalmış ərazilərini azad etməyə qadir və hazırdır.

Dünya Azərbaycan Ordusunun gücünü 2016-cı ilin Aprel döyüşlərində əyani gördü. Daim işğalçılıq xəyalları ilə yaşayan Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribatlara Azərbaycan Ordusu sürətli, qarşısıalınmaz əks-hücum əməliyyatları ilə cavab verdi. Erməni işğalçıları onlarla döyüş mövqeyini atıb qaçdı. Cəbhənin Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının uzun illər işğal altında qalmış əraziləri qəsbkarlardan azad olundu. Şanlı Azərbaycan Ordusu uğurla başa çatdırdığı Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. 

2020-ci il isə ordumuzun tarixinə qızıl hərflərlə yazıldı. Həmin il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı.  Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində 30 ilə yaxın erməni işğalında qalmış ərazilərimizi azad etdi. Azərbaycanın zabit və əsgərləri torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Ermənilərin əvvəlki illər "məğlubedilməz" hesab etdikləri "ordu"su darmadağın olundu, işğalçılar ağ bayraq qaldırmağa məcbur edildilər. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda erməni separatizminə qarşı keçirdiyi lokal xarakterli antiterror əməliyyatı da uğurla başa çatdı. Bu əməliyyat nəticəsində erməni  separatizminə, erməni vandalizminə son qoyuldu. Azərbaycanın suverenliyi bərpa olundu, tarixi ədalət zəfər çaldı.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən bir-birindən uğurlu islahatlar, İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan Zəfər bir daha sübut etdi ki, müstəqilliyimizin ən etibarlı təminatçısı Silahlı Qüvvələrimizdir. Bu gün Qafqazda ən müasir və güclü ordu hesab olunan Azərbaycan Ordusu zaman keçdikcə daha da güclənəcək, qüvvətlənəcək. Həmişə, hər an ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini qorumağa qadir və hazır olacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!