Aprelin 3-də Azərbaycan Milli QHT Forumunun Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şurası ilə birgə təşkilatçılığı ilə “Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə, qurbanların hüquqlarının müdafiəsi və beynəlxalq çağırışlar” mövzusunda ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ərəfəsində keçirilən tədbir mina təhlükəsinin aktuallığını, bu sahədə mövcud çağırışları və həll istiqamətlərini diqqətə çatdırmaq məqsədi daşıyıb.
Çıxış edən Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli tədbirin əhəmiyyətindən danışıb. Mina təhlükəsinin ölkəmiz üçün yaratdığı humanitar, sosial və iqtisadi fəsadlardan bəhs edib, bu istiqamətdə dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın sədri Umud Mirzəyev “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina problemi: mövcud vəziyyət, çağırışlar və hədəflər” mövzusunda təqdimatla çıxış edib, mina ilə çirklənmiş ərazilərin miqyası, mövcud risklər və aparılan minatəmizləmə işləri barədə ətraflı məlumat verib.
O qeyd edib ki, Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 min 667 kvadrat kilometr sahə mina və partlayıcı müharibə qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1,5 milyon mina və naməlum sayda partlayıcı sursatın mövcud olduğu bildirilir.
Bildirilib ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il 1 aprel tarixinədək 421 nəfər mina qurbanı olub. Onlardan 72 nəfəri həlak olub, 349 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfərdən artıqdır. Onların 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır.
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctima Birliyinin sədri Rey Kərimoğlu mina təhlükəsi ilə bağlı maarifləndirmə fəaliyyətinin əhəmiyyətinə toxunub. Bu işdə ixtisaslı QHT-lərin fəal işini xüsusi qeyd edib. Bildirib ki, işğaldan azad olunan ərazilərdə yaşayacaq insanlarla bərabər, Bakıda, ali məktəblərdə, nazirliklərdə də minalarla bağlı maarifləndirmə fəaliyyəti həyata keçirilməlidir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə Azərbaycanda mina təhlükəsi ilə bağlı maarifləndirmənin son illərdə daha sistemli və genişmiqyaslı xarakter aldığını vurğulayıb. Deyib ki, bu sahədə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin fəallığı nəticəsində əhali arasında məlumatlılıq səviyyəsi xeyli yüksəlib. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə mina riski yüksək olduğundan, bu mövzu ictimai təhlükəsizlik baxımından prioritet istiqamətlərdən birinə çevrilib.
“Media da bu prosesdə mühüm rol oynayır. Televiziya proqramları, sənədli filmlər, xəbər reportajları və sosial media kampaniyaları vasitəsilə mina təhlükəsinin real nəticələri geniş auditoriyaya çatdırılır”, - deyə media eksperti vurğulayıb.
Müzakirələr çərçivəsində ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov və Şuranın üzvü Rəşad Mehdiyev mina qurbanlarının hüquqlarının müdafiəsi, onların sosial təminatı və beynəlxalq səviyyədə vəkillik fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.
İçtimai müzakirədə çıxış edən iştirakçılar mina təhlükəsinin yalnız milli deyil, qlobal humanitar problem olduğunu qeyd edib, beynəlxalq ictimaiyyətin bu məsələyə daha həssas yanaşmasının vacibliyini vurğulayıblar.
Tədbirdə, Azərbaycan QHT-lərinin 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Bəyanatı səsləndirilib.
Tədbir çərçivəsində mina qurbanlarının fotoları, mina və partlamamış hərbi sursatların maketlərin, posterlərin nümayiş olunduğu sərgi təşkil edilib.