İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri Efiopiyanın Əddis-Əbəbə şəhərində Efiopiya İnvestisiya Komissiyası və Maliyyə Nazirliyi tərəfindən keçirilən “Invest in Ethiopia 2026” biznes forumunda iştirak ediblər.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Efiopiyanın investisiya imkanları təqdim edilib, dövlət rəsmiləri və özəl sektorun iştirakı ilə panel sessiyalar keçirilib, investisiya layihələrinə dair sənədlər imzalanıb.
Efiopiyaya səfər çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevin rəhbərliyi ilə agentliyin nümayəndələri bir sıra qurumlarla görüşlər keçiriblər.
Efiopiya İnvestisiya Komissiyasının (EIC) rəhbəri Zeleke Temesgen ilə görüşdə bu ilin fevral ayında Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana rəsmi səfəri çərçivəsində AZPROMO ilə EIC arasında imzalanan Anlaşma Memorandumunun icrası müzakirə olunub. Görüşdə iki qurum arasında əlaqələrin gücləndirilməsi perspektivləri, birgə təşəbbüs və fəaliyyət imkanları nəzərdən keçirilib.
Efiopiya Ticarət Palatası və Sahəvi Assosiasiyalarının (ECCSA) vitse-prezidenti Aynalem Abayne Mamo ilə görüşdə iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulması və ikitərəfli ticarət potensialının öyrənilməsinin önəmi qeyd olunub. Efiopiya ilə ticarət münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Efiopiyanın mədən sənayesi naziri Habtamu Tegene Destaye ilə görüşdə dağ-mədən sənayesində birgə fəaliyyət imkanları dəyərləndirilib.
“Ethiopian Investment Holdings” suveren fondunun baş icraçı direktoru Bruk Taye ilə görüşdə ölkəmizin investisiya potensialı haqqında məlumat verilib, qarşılıqlı əməkdaşlığın perspektivləri, investisiya üzrə tərəfdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.