15 İyun 2025 09:00
324
CƏMİYYƏT
A- A+
Milli Qurtuluş Günü regionlarda geniş qeyd olunub

Milli Qurtuluş Günü regionlarda geniş qeyd olunub


SAMUX


Milli Qurtuluş Günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə  Ümummilli Liderin abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər. 

Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü il İyunun 15-i Azərbaycan xalqı üçün çox əziz tarixdir: "Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndər  Heydər Əliyevdir. Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir".

Milli Məclisin deputatı Mübariz Qurbanlı isə çıxışında qeyd etmişdir ki, Azərbaycan bu gün dünyada söz sahibidir, ölkəmiz sürətli inkişaf yolundadır. Bu, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir, Prezident İlham Əliyevin fəaliyyətinin təzahürüdür.

Sonda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirmişdir ki, böyük tarixi şəxsiyyət Heydər Əliyevin qətiyyəti Azərbaycanı xaosdan xilas etmiş, siyasi çəkişmələrə son qoymuşdur. Ulu Öndər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əsaslı dönüş yaratmışdır ki, bunlar da özlüyündə Azərbaycanın demokratik, dünyəvi, bəşəri dövlət kimi formalaşmasında əsas rol oynamışdır.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Samux Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və hədiyyələri təqdim olunmuşdur.


CƏLİLABAD


Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Ulu Öndərin abidəsini ziyarətlə başlayan tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev ölkəmizin ötən əsrin 90-cı illərinin əvvəllərində düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bu tarixi gün Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Məhz Heydər Əliyevin qətiyyətli siyasi kursu, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirdi. 

Digər çıxış edənlər də qeyd etmişlər ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 


MASALLI


Masallı şəhər Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluşa gedən yol" mövzusunda konfrans keçirilmişdir.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətləri və xilaskarlıq missiyası olan Ulu Öndərin həyat və fəaliyyətindən danışmışdır. 

Sonra veteran tarix müəllimi Qulu Gözəlov, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Hişkədərə kənd nümayəndəsi Səyavuş Feyruzoğlu çıxış edərək bildirmişlər ki, bu gün biz yalnız keçmişi yad etmirik, həm də gələcəyə baxırıq. Azərbaycanın müstəqilliyini qorumaq və onu daha da gücləndirmək hər birimizin üzərinə düşən məsuliyyətdir. Bu gün buradayıq ki, birlikdə daha güclü Azərbaycan qurmaq əzmimizi bir daha təsdiqləyək. Vurğulamışlar ki, bu gün Prezident İlham Əliyevin liderliyi ilə qüdrətinə arxalandığımız ölkəmiz Ulu Öndərdən bizə mirasdır, qurucu liderin dövlətçilik strategiyası isə uğur, nicat yolumuzdur və Heydər Əliyevin müqəddəs adını sevgi, sayğı ilə anmaq bizim vətəndaşlıq borcumuzdur. Qeyd olunmuşdur ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Milli Qurtuluş Gününü tarixi Zəfərimizlə qeyd etmək xoşbəxtliyini xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, belə güclü, qüdrətli ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirdiyini bildirir, Prezidentin ətrafında sıx birləşməklə Qarabağı və Şərqi Zəngəzuru cənnətməkana çevirmək üçün səylərini birləşdirir. 


YARDIMLI


Yardımlı rayon Heydər Əliyev Mərkəzində  tədbirdən öncə iştirakçılar Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.

Sonra RİH başçısının müavini Miramil Səmədli çıxış edərək bildirmişdir ki, 15 İyun Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir tarixdir: "Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu Öndər Heydər Əliyev olmuşdur. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını ötən əsrin 90-cı illərinin əvvəllərində düçar olduğu böhranlı vəziyyətdən xilas etmişdir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi xalqımıza itirilmiş inamını qaytarmışdır".

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev də çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışmışdır. O, həmçinin Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən söz açmışdır.

Digər çıxış edənlər isə qeyd etmişlər ki, Ümummilli Liderin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyulmuşdur. Ulu Öndərin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür.

Tədbirin sonunda iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olmuşlar. 


BİLƏSUVAR


Biləsuvarın mərkəzindəki Heydər Əliyev adına parkda rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbir iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Çıxış edən  RİH-in başçısı Faiq Qürbətov həmin dövr Azərbaycanda baş verən proseslərlə bağlı məlumat verərək bildirmişdir ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ciddi  hakimiyyət böhranı yaranmışdı: "Xaos, hərc-mərclik baş alıb gedirdi. Azərbaycanda hakimiyyətdə ciddi boşluq vardı. Ölkədə rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizənin baş verdiyi bir məqamda - 1992-ci il mayın 14-də hakimiyyətə gələn Xalq Cəbhəsi də  ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. O, qısa zaman kəsiyində ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrilişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planları artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir".

F.Qürbətov bildirmişdir ki, Azərbaycan Ulu Öndərin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır: "Sosial-iqtisadi inkişaf  getdikcə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və  ədalət bərqərar oldu. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır".

Tədbirdə digər çıxış edənlər də vurğulamışlar ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Hər bir azərbaycanlı bu dövlətin qorunmasında, daha da inkişaf etdirilməsində,  min illərlə müstəqil və güclü dövlət olaraq yaşamasında var qüvvəsi ilə çalışmalıdır. 


NEFTÇALA


Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan "Qurtuluşdan Zəfərə" adlı ümumrayon tədbiri keçirilib. 

Öncə iştirakçılar Neftçala şəhərinin mərkəzindəki Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Tədbirdə çıxış edən RİH-in başçısı Mirhəsən Seyidov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və ölkənin gələcək inkişafında həlledici rol oynadığını vurğulamışdır. Qeyd olunmuşdur ki, məhz 1993-cü ilin 15 iyun günündən başlayan və xalqımızın birlik və həmrəyliyinin təcəssümü olan  Milli Qurtuluş ölkədə sabitlik, dönüş və inkişaf mərhələsi kimi tarixdə qalmışdır: "Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla da Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Qeyd olunmuşdur ki, bu gün şanlı bayrağımız Şuşada, Xankəndidə, Laçında və ümumən bütün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanır. Xalqımızın qazandığı bu möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür.

Tədbirdə çıxış edən digər natiq - YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, rayon notariat ofisinin xüsusi notariusu Səadət Nəcəfova, rayon Ağsaqqallar Şurası Həsənabad qəsəbə dayaq məntəqəsinin sədri Valeh Tağıyev, rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülmirə Səfərova, gənc fəal Anar Güllərli Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edərək bildirmişlər ki, Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və müdrikliyi sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı, sabitlik və inkişaf yoluna qədəm qoydu. 


HACIQABUL 


Rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə  "Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur salnaməsi" adlı tədbirdən öncə Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

Mədəniyyət Mərkəzində çıxış edən RİH-in başçısı Sevindik Hətəmov bildirmişdir ki, Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən əlamətdar və möhtəşəm səhifələrindən biridir: "Qətiyyətlə demək olar ki, Milli Qurtuluş Günü müasir dövrümüzün qürur salnaməsidir. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 İyun günü haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Təbii ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi  siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının Milli Qurtuluş siyasəti davam edir. Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoludur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən şərəflə yerinə yetirilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti əmin əllərdədir".

Tədbir digər çıxış və məruzələrlə davam etmişdir.


ŞİRVAN


Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Xalqın taleyini dəyişən Qurtuluş Günü" mövzusunda keçirilən tədbirin iştirakçıları öncə Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etmişlər.

Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçirilmiş, tələbə və məktəblilərin ifasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Şəhər icra hakimiyyətinin akt zalında davam edən tədbirdə çıxış edən ŞİH-in başçısı İlqar Abbasov bildirmişdir ki, 15 İyun, sadəcə, bir tarix deyil - bu, millətimizin yenidən doğulduğu gündür. Bu, ümidlərin tükəndiyi anda dirçəlişin başlanğıcı, xaos içində sabitliyin, qorxu içində inamın, parçalanma içində birliyin zəfəridir. Ulu Öndər Heydər Əliyev təkcə siyasi xadim deyildi, xalqın içindən doğulan bir qurtuluş idi. Onun Bakıya qayıdışı xalqı təlatümdən sabitliyə, parçalanmadan bütövlüyə, ümidsizlikdən inamlı sabahlara apardı. 15 İyun - Ulu Öndərin xalqla bir olduğu, xalqın öz liderini tapdığı gündür. Bu gün biz müstəqil, güclü, qalib bir Azərbaycandan danışırıqsa, bu, həmin qurtuluşun bəhrəsidir. Biz bu gün azad bayrağımızın kölgəsində qürurla dayanırıqsa, bu Heydər Əliyev irsinin, onun siyasi uzaqgörənliyinin nəticəsidir. Bu gün Ulu Öndərin yolunu inamla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz həmin tarixi irsi qoruyur, onu daha da ucaldırıq. Qarabağın azadlığı da, Zəfər salnaməmiz də, bugünkü sabitliyimiz də 15 İyunun ruhundan doğur".

Tədbirin sonunda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bir millətin qurtuluşundan bəhs edən "Xalqın taleyini dəyişən Zəfər Günü" sənədli filmi nümayiş olunmuşdur.


SALYAN


Milli Qurtuluş Günü münasibətilə Salyanda keçirilən yığıncaqda RİH-in başçısı R.Xəlilov çıxış etmişdir.

Bildirilmişdir ki, 15 İyun 1993-cü il müstəqil Azərbaycan dövlətçiliyinin xilası, xalqın siyasi iradəsinin təntənəsi və Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gündür: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı Milli Qurtuluşunun növbəti ildönümünü qeyd edir. Bu gün Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Azərbaycanın bugünkü siyasi, iqtisadi uğurları, hərbi qüdrəti, dünyada böyük nüfuz qazanaraq mühüm qlobal problemlərin həllində qətiyyətli söz sahibinə çevrilməsi məhz Milli Qurtuluşun bəhrələridir. Qalib xalq olaraq bundan sonra bu yolda atdığımız hər bir addım müstəqilliyimizi daha da gücləndirəcəkdir".

Tədbirdə digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, mədəni, iqtisadi inkişafına xidmət edən şərəfli ömür yolunun mühüm məqamlarına toxunmuş, bu dahi şəxsiyyətin ölkəmizə və xalqımıza Milli Qurtuluş bəxş etdiyini qeyd etmişlər. 


TOVUZ


Tovuzda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş "Heydər Əliyevin siyasi geridönüşü Azərbaycana nəfəs verdi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. 

Heydər Əliyev Mərkəzində keçirilən konfransda iştirakçılar əvvəlcə Ümummilli Liderin  abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra Heydər Əliyevin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq 15 İyun - Milli Qurtuluş Gününün  tarixi əhəmiyyətindən danışmış, Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunduğunu qeyd etmişdir. Bildirmişdir ki, bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi: "Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq öz xilaskarının şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi yazdı. Ümummilli Liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun zənginləşdirilməklə  yüksək səviyyədə davam etdirilir.  Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Bu gün Heydər Əliyev irsi, ideyaları, inkişaf strategiyası Azərbaycanın tərəqqisi yolunda sönməz məşəl kimi yanmaqda, onun əziz xatirəsi isə hər bir azərbaycanlının qəlbində yaşamaqdadır".

Sonra YAP rayon təşkilatının sədri Nihad Pənahov, Statistika İdarəsinin rəisi Niyazi Tağıyev, Qazax-Tovuz regional Gənclər və İdman İdarəsi Tovuz rayon üzrə sektorunun müdiri Vasif Abdullayev, rayon icra hakimiyyəti başçısının  Qovlar şəhəri üzrə nümayəndəsi Oruc Binnətov və Yusif Sadıqov adına Bozalqanlı kənd ümumtəhsil tam orta məktəbin direktoru Elmira Mürşüdlü çıxış edərək 1990-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələri dərindən təhlil etdilər. Heydər Əliyevin Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün həyata keçirdiyi tədbirlərdən danışdılar. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

12:51
12 İyul

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

11:48
12 İyul

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib  

11:12
12 İyul

Paytaxt küçələri yenidən yuyulub

11:11
12 İyul

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyəcək

10:56
12 İyul

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:32
12 İyul

İsmayıllıda zəlzələ olub

10:05
12 İyul

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

10:04
12 İyul

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

10:03
12 İyul

Günəşdən necə yararlanmalı

08:50
12 İyul

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

08:45
12 İyul

Özünə və sözünə sadiq

08:40
12 İyul

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

08:35
12 İyul

Əcnəbi səyahətçilərin Qarabağ səfəri

08:30
12 İyul

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

08:25
12 İyul

Zəfərin qığılcımı

08:20
12 İyul

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

08:15
12 İyul

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

08:10
12 İyul

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

08:05
12 İyul

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

08:00
12 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!