12 Oktyabr 2024 09:00
2835
Səhiyyə
A- A+
Mərəzə çevrilən dəb: Plastik əməliyyatlar

Mərəzə çevrilən dəb: Plastik əməliyyatlar


Tibbi zərurət, fiziki ehtiyac, yoxsa zamanın tələbi?


Vətəndaşlarımızın, xüsusən qadınların ən çox üz tutduğu həkimlərdən biri də estetik cərrahlardır. Son dövrlərdə bu əməliyyatlara müraciət edənlərin sayının artmasının əsas səbəbi sosial şəbəkələrdə davamlı reklam, müraciət və estetik əməliyyatlara çağırışlarla bağlıdır. Bəs bu qədər cərrahi əməliyyata ehtiyac varmı? İnsanları bu "xəstəliy"ə sürükləyən kompleksdir, yoxsa "qonşudan geri qalma" düşüncəsidir?

Biz də bu "yoluxucu" tendensiyasının səbəblərini araşdırdıq. 


Pasiyentlər arasında artıq kişilər də çoxluq təşkil edir


Öncə statistikaya nəzərə salaq. Dövlət Statistika Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, ötən il Azərbaycanda 14647 plastik əməliyyat icra olunub ki, onlardan da 9441-i estetik əməliyyatlardır. Bunun 1254-ü üz nahiyəsində, 490-ı göz qapaqlarında, 27-si qulaqlarda, 10452-si burunda, 354-ü ağız nahiyyəsində, 52-si visseral kəllə sümüklərində, 1341-i isə süd vəzisində həyata keçirilib.

Estetik əməliyyatlara olan marağı nəzərə alaraq ilk olaraq bu sahənin mütəxəssisinin fikirlərini öyrəndik. 

Almaniyanın Bad Salzungen şəhər xəstəxanasının qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə deyir ki, estetik əməliyyatlara müraciətlərin sayının artması həm də sosial rifahın yüksəlməsi ilə bağlıdır. Onun sözlərinə görə, son illərdə Azərbaycanda insanların yaşam səviyyəsi yüksəldiyindən sağlamlıqlarına, qidalanmalarına diqqət etdikləri kimi, estetik görünüşlərinə də önəm verirlər. "Müxtəlif kosmetoloji prosedurlarla yanaşı, cərrahi əməliyyatlara müraciət edənlərin də sayı artıb. Azərbaycanda, ümumilikdə MDB ölkələrində vəziyyət, demək olar ki, eynidir - insanların plastik cərrahiyyəyə marağı və istəyi çox yüksəkdir. Yaşadığım və fəaliyyət göstərdiyim Almaniyada da estetik əməliyyatlara maraq bu ölkələrdən geri qalmır. Sadəcə olaraq, Almaniyada insanlar etdirdikləri prosedurları gizli saxlamağa daha çox üstünlük verirlər. Ona görə də Almaniyada çalışan həkimlər estetik əməliyyatların şəkillərini internet saytlarında və ya sosial şəbəkələrdə az paylaşırlar", - deyə həkim bildirir. 

Şöbə müdiri qeyd edir ki, əvvəllər estetik əməliyyatlara daha çox qadınlar müraciət edirdilərsə, son illərdə pasiyentlər arasında kişilər də çoxluq təşkil edir. Amma cins kateqoriyasına görə onların estetik əməliyyat istəkləri fərqli olur. Yaş qrupuna gəlincə isə plastik əməliyyat üçün, adətən, 19-20 yaşdan yuxarı şəxslər müraciət edirlər. "Üz gərmə əməliyyatlarının populyarlaşmasından sonra daha yuxarı - 50-54 yaş qrupundan olan xanımlar da çox müraciət edirlər. Normalda burun əməliyyatlarını 17-18 yaşdan sonra icra edirik, çünki bu yaşa qədər burun tam şəkildə formalaşır və etdiyimiz müdaxilə və dəyişikliklər artıq uzunmüddətli olur. 17 yaşa kimi isə burunda nəfəsalmada problem olduğu halda əməliyyat edirik", - deyə həkim əlavə edir.

Həm qadınlarda, həm də kişilərdə ən çox icra olunan əməliyyatın rinoplastika (burun estetik əməliyyatı) olduğunu qeyd edən C.Hüseynzadə deyir ki, bu zaman yalnız estetik deyil, həm də burunun funksionallığı, yəni daha yaxşı nəfəs alması təmin edilir.  Nəfəs almanın çətinləşməsinə səbəb həm çəpər əyriliyi, həm də burunətrafı ciblərdə yaranan problemlərdir. "Burun çəpəri əhalinin 80-85 faizində var, sadəcə olaraq, şikayəti olan şəxslər üzərində əməliyyat aparılır. Nəzərə alsaq ki, son illərdə ekologiyanın çirklənməsi - istər avtomobillərin ətrafa yaydığı qaz, istərsə də ətrafda olan tikintilər nəticəsində selikli qişamız daim qıcıqlanır, beləliklə, balıqqulaqları şişkinləşir. Bu da nəfəs almada ciddi problemlər yaradır", - deyə həkim əlavə edir.

C.Hüseynzadə qeyd edir ki, hər bir əməliyyat istər cərrahi, istərsə anesteziya baxımından riskli ola bilər. Bu gün tibdə istifadə olunan cihazlar, narkoz preparatları müasir standartlara tam cavab verdiyinə görə, hər hansı ağırlaşmaya demək olar ki, çox az təsadüf edilir. Bununla belə bu, əməliyyatdır, bəzən pasiyentlərin bədənləri sağalma dövründə fərqli reaksiyalar verə bilər. 

Azərbaycanda estetik cərrahiyyənin inkişafından söz açan C.Hüseynzadə deyir ki, ölkədə müasir standartlara cavab verən klinikalar fəaliyyət göstərirlər. Xaricdə təhsil alıb, çalışsaq da, Azərbaycana gələrək qazandığımız bilik və təcrübəni bu tibb müəssisələrində rahat şəkildə tətbiq edə bilirik.


Bəs əməliyyatlara üz tutanlar nə düşünür?


Müşahidələr göstərir ki, estetik əməliyyatlara üz tutanların çoxu görünüşü ilə bağlı kənardan deyilənlərin nəticəsində kompleksə düşərək maddi imkanından asılı olmayaraq, belə bir addım atırlar.

Rinoplastika etdirən Nurgün İsmayılova deyir ki, əməliyyatı birbaşa olaraq kənar müdaxilə nəticəsində etməsə də, uşaqlıqdan ailə üzvlərinin və ya ətrafındakıların dediklərindən sonra yaranan istək olub: "Zamanla üst-üstə yığılan komplekslərdən insan nəticə çıxarır. Qafqaz xalqlarında forma olaraq burun sümüyünün iriliyi, onun görünüşü gözəllik standartlarına uyğun gəlmir. Ətrafımda burun estetik əməliyyatı etdirənlərin də nəticəsinin yaxşı olduğunu görüb həvəsləndim. Əgər yaxşı həkim seçimi etmisənsə, nəticəsi də yaxşı olur.  Hazırda bu prosedur hər kəs üçün daha əlçatandır və cəmiyyət tərəfindən rahat qəbul olunur". 

Müsahibimiz qeyd edir ki, ümumiyyətlə, gözəllik standartları dəyişməli, cəmiyyət bu baxımdan maariflənməlidir: "Oxuduğum bir araşdırmada qeyd olunmuşdu ki, estetik əməliyyatların geniş yayıldığı yerlər təhsil səviyyəsi aşağı olan ölkələrdədir. Təbii ki, bunu birbaşa estetik əməliyyatlara üz tutanların təhsil səviyyəsi ilə əlaqələndirmirəm, çünki istənilən halda insana cəmiyyətin təsiri var və bu da bizdə müəyyən kompleks və travmalar yaradır. Özümüz buna görə nəticə çıxarmalı oluruq. Birbaşa kənar müdaxilə sayəsində əməliyyat etdirməsəm də, dolayısı ilə müəyyən təsirlərdən sonra gəldiyim qənaət bu oldu ki, mən əməliyyat etdirməliyəm".

Estetik əməliyyatlara daha çox qadınlar üz tuturlar. Amma indi vəziyyət dəyişir. Əgər əvvəllər bu prosedurları etdirən kişilər, əsasən, şou-biznes aləmindən olurdularsa, hazırda onlar arasında sadə vətəndaşların da sayı artıb. Görünür ki, tendensiya dəyişib. 

Rinoplastika əməliyyatı olunanlardan biri də 25 yaşlı Ramal Cavadovdur. Artıq 7 ildir ki, burun estetik əməlliyyatı etdirib və hazırda görünüşündən razıdır: "Uşaqlıqdan burnumun üzümə yaraşmadığını düşünmüşəm və bu da məndə kompleks yaradırdı. 18 yaşım olduqdan sonra rinoplastika əməliyyatı etdirdim. Bəzən estetik əməliyyat etdirən kişilərə yanaşma fərqli olsa da, düşünürəm ki, bu, yanlışdır. Kim özünü necə rahat hiss edirsə, komplekslərdən azad olursa və daha gözəl görünürsə, bu proseduru tətbiq etməlidir. Mən gözəllikdən yanayam..." 


Estetika istəyi - bulinq, dismorfiya, "ideal qadın və kişi" imici...


Təbii ki, gözəl görünüş hər kəsin arzusudur, ona görə də cərrahiyyənin müəyyən risklərinə baxmayaraq, estetik əməliyyatlara üz tutanların sayı artır. Hər kəs komplekslərindən azad olmağa çalışır. Bəs estetik əməliyyatlara bu qədər marağın altında yatan psixoloji səbəblər nədir? 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov da estetik əməliyyatlara üz tutanların sayının artdığı qənaətindədir. O bildirir ki, belə əməliyyatlar zamanı müraciət edənlərin mövcud psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır: "Məlumdur ki, depressiya və digər psixoloji narahatlıqlar estetik prosedurları həyata keçirən və keçirmək istəyən fərdlərdə daha çox rast gəlinir. Bu istək müxtəlif komplekslərdən dolayı yaranan mənfi düşüncələr, ətraf mühitdə bullinqə məruz qalmaq, xarici görünüşlə bağlı təzyiq, depressiya, bədən dismorfiyası və günümüzün əsasını təşkil edən sosial medianın təbliğ etdiyi qəlibləşdirilmiş "ideal qadın və kişi" imici kimi psixososial amillərdən dolayı ortaya çıxır. Buna görə də belə əməliyyatlara üz tutan xəstənin psixoloji vəziyyətini tam başa düşmək çox vacibdir".

Mütəxəssis vurğulayır ki, araşdırmalar göstərir ki, əməliyyatdan sonra bədən quruluşu və əhvali-ruhiyyə yaxşılaşsa belə, depressiya və narahatlıq halları daha da artır. Plastik cərrahlar üçün xəstələrə effektiv məsləhət vermək, gözləntiləri aydın şəkildə nəzərə çatdırmaq və xəstələrin cərrahi müdaxilə üçün uyğun namizəd olub-olmadığını qərarlaşdırmağa kömək etmək çox vacibdir. 

Plastik cərrahların anadangəlmə və ya travmatik zədə nəticəsində yaranan qüsurları düzəltmək üçün rekonstruktiv prosedurlar da həyata keçirdiyini deyən psixoloq qeyd edir ki, bu prosedurlar əhəmiyyətli psixoloji yaxşılaşmanı əhatə etsə də, belə müdaxilə yalnız estetik prosedurlarla məhdudlaşır və fərdin travmasının kök saldığı yerləri korreksiya etmir: "Bir insanın istər estetik əməliyyatlar, istərsə də digər önəmli qərarlar verərkən psixoloji vəziyyətinin qiymətləndirilməsi ona belə seçimlərin səbəbini araşdırmaq imkanı verir. Belə qiymətləndirmə sağlam psixi quruluşa sahib olmağı təmin etmək üçün vacib və əhəmiyyətli bir addımdır. Psixoloji vəziyyətin dəyərləndirilməsi təkcə çətin və ya həll olunmayan situasiyalara deyil, bütün idrak proseslərinin tənzimlənməsinə aiddir".


Şəxsin görünüşü ilə bağlı xoşagəlməz fikirlər, əsasən, başqalarının "səsi"dir


Bu gün insanlarda konkret düşüncə xətaları olduğunu vurğulayan E.Rüstəmov deyir ki, belə düşüncələr həmin şəxsdə fiziki görünüşü ilə bağlı xoşagəlməz fikirləri inkişaf etdirir. Adətən, insanın özünü tənqid etdiyi belə vəziyyətlərdə bu kimi fikirlər onun özünün deyil, həyatında olan hansısa bir şəxsin "səsi"dir. Belə səs, ya məktəb mühitində sinif yoldaşlarının, ailədə valideynlərin, münasibətdə olduğu insanın, ya da hər hansısa bir insanın onu alçaldan, təhqir edən və ya kimləsə müqayisə edən  düşüncəsidir. Psixoloji qiymətləndirmədən keçərkən məhz belə səbəblərə görə də pasiyentlər estetik əməliyyat prosesində ətraf mühit faktorları ilə yanaşı, sağlam psixi fəaliyyət proseslərini də anlamağa başlayır. 

Psixoloqun sözlərinə görə, estetik əməliyyatlar və bu kimi digər prosedurlar tamamilə mənfi bir şey deyil, tibbi zərurət yarandıqda sağlam prosedur sayılır, lakin bu hal yalnız xəstənin öz istəyi ilə, heç bir kənar müdaxilə olmadan həyata keçirildiyi zaman müsbət nəticə göstərir: "Digər narahatlıq doğuran bir mövzu isə estetik əməliyyata qərar verdikdən sonra da stres və narahatlıq dövrünün başlamasıdır. Belə narahatlıq, demək olar ki, hər bir insanda müşahidə olunan haldır. Fərdin sağlam dəstək sisteminin köməyi ilə bu qərarı verməsi, həm də stres və narahatlıq kimi çətin vəziyyətlərlə daha sağlam şəkildə mübarizə aparmağa imkan yaradar. Fərd bütün təfərrüatları lazımi mənbələrdən öyrənərsə, onu narahat edən bütün suallarına cavab taparsa, estetik prosedurdan sonra onun psixologiyasında heç bir ciddi problem yaşanmaz. Əksinə, proses haqqında kifayət qədər məlumat əldə edə bilmədiyi şəraitdə isə yaşadığı stres və narahatlıq səviyyəsinin artacağını bilmək mütləqdir".

Mütəxəssis bildirir ki, estetik əməliyyatlar narahatlığa səbəb olan məsələ deyil, belə fəaliyyətlər mövcud olan imkanların genişlənməsi ilə əlaqədardır. Burada verilməli və cavablandırılmalı olan sual insanın konkret əməliyyata getmə seçiminə hansı amillərin təsir etməsidir. Bu təsirin baş verməsi fərd üçün nə deməkdir? Belə suallar təkcə cavab deyil, həm də dəqiq təhlil tələb edir. Məhz belə halda mütəxəssisdən dəstək almaq fərd üçün daha faydalı və sağlam olur, reallığa əsaslanan qərar verməyə kömək edir. Əgər estetik əməliyyatlarla bağlı verilən qərarlara xarici faktorlar təsir edirsə, fərd, ilk növbədə, özünə kifayət qədər vaxt ayırmalı və həqiqətən öz istəyi ilə əməliyyat qərarını verib-vermədiyini anlamalıdır. Belə əməliyyatları ünsiyyətdə olduğunuz insanların iradəsinə görə deyil, öz istəyinizlə etmək istəyirsinizsə, bu, sağlam bir qərar verdiyinizi göstərir. Daxildən istəmədiyiniz bir şeyi etmək həm sağlam olmayan, həm də fiziki və psixoloji çətinliklərə bağlı prosesdir.

Psixoloq tövsiyələrini də verdi: "Unutmayın ki, həyatınızın qalan hissəsinə təsir edəcək əhəmiyyətli seçimlər edərkən, ilk növbədə, nə istədiyinizi müəyyənləşdirmək, sonra buna uyğun hərəkət etmək vacibdir. İnsanın düşüncəsi onun dünyasıdır. Hər bir psixoloji narahatlıq, kədər və hətta xoşbəxtliyin özü belə məhz insanın öz düşüncəsinin məhsuludur. Beləliklə, özünü deyil, düşüncəni dəyişmək - istədiyin həyatı yaşamaq üçün kifayətdir".

Görünür ki, hər şey insanın psixologiyasından qaynaqlanır. Elə kənar şəxslərin sözləri ilə özümüzə illərlə dərd etdiyimiz müxtəlif komplekslər də... Təbii ki, insana müxtəlif amillər təsir edə bilir, amma cəmiyyətin təsiri daha güclü hiss olunur. Xüsusən yeniyetməlik dövründəki belə təsirlər illər keçdikcə şüuraltımızda qəlibləşir və bunu dəyişmək üçün isə daha uzun vaxt, möhkəm iradə tələb olunur və özgüvənə ehtiyac yaranır.  Bu müddətdə isə gözəl görünmək üçün çoxları özünü "qurban" verir. Özünü "qurban" vermədən öncə isə həkim məsləhətini, daha doğrusu, vicdanlı mütəxəssis rəyini hökmən dinləmək lazımdır. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliyada 2 mindən çox saxta sənət əsəri müsadirə edilib

17:49
12 Noyabr

Avropa çempionu Çində kəmər qazanıb

17:48
12 Noyabr

COP29 çərçivəsində SOCAR ilə “İtalgas” şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb  

17:46
12 Noyabr

Aleksandar Vuçiç: Qlobal mövzulardan birinə həsr olunan COP29-da Serbiyanı təmsil etməkdən şərəf duyuram  

17:45
12 Noyabr

Qazaxıstan Prezidenti: Xəzər dənizi təhlükə altındadır  

17:44
12 Noyabr

AYNA: COP29-un ilk günü şatllardan 35 min sərnişin istifadə edib  

17:43
12 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

17:42
12 Noyabr

Polşa Prezidenti: Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib

17:41
12 Noyabr

COP29-da “İqlim fəaliyyətində perspektivlərin yüksəldilməsi: Müxtəlif səslərin mərkəzləşdirilməsinin vacibliyi” mövzusu müzakirə olunub  

17:30
12 Noyabr

COP29: Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı etiraz aksiyası keçirilib  

17:28
12 Noyabr

“SOCAR Tower”in yeraltı avtomobil dayanacağında elektrik doldurma məntəqəsi istifadəyə verilib  

17:26
12 Noyabr

Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşüb YENİLƏNƏCƏK

17:25
12 Noyabr

Qazaxıstan Xəzər dənizinin sahilində yeni taxıl terminalı açıb  

17:24
12 Noyabr

Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb YENİLƏNİB  

17:23
12 Noyabr

Almatı Məsləhətinin deputatı: Gəncləri yaşıllaşdırma layihələrinə cəlb etmək lazımdır  

17:22
12 Noyabr

Konqo Prezidenti: COP29 kimi genişmiqyaslı tədbirə ev sahibliyi etmək böyük uğurdur  

17:19
12 Noyabr

Prezident İlham Əliyev Qana Prezidenti ilə görüşüb YENİLƏNİB  

17:18
12 Noyabr

Prezident İlham Əliyev Polşa Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

17:16
12 Noyabr

Rusiyalı nazir: Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biri də birgə universitetin açılmasıdır

17:14
12 Noyabr

COP29-un tacik iştirakçısı: İqlim dəyişiklikləri bütün dövlətlərin məsələsidir

17:12
12 Noyabr

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşüb YENİLƏNƏCƏK

17:11
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!