19 Noyabr 2023 09:00
1192
SİYASƏT
A- A+

Küllükdən dirçəldilən şəhərin bayram


 

İlham Əliyevin rəhbərliyi ilə Ağdam  tezliklə dünyanın ən gözəl və "ağıllı" şəhərlərindən birinə çevriləcək

 

Ağdam yiyəsizliyin qurbanı oldu!
Ağdam sahibsizliyin badına getdi!
Hakimiyyətə gəlmək uğrunda AXC-Müsavat cütlüyünün qeyri-sivil mübarizəyə üstünlük verməsi, iqtidara gəldikdən sonra isə naşı və səriştəsiz "idarəetməsi" ölkədə anarxiya yaratdı.
Nə vaxtında ordu quruldu, nə torpaqların müdafiəsi təşkil olundu, nə də digər zəruri addımlar atıldı!
Nə düzgün daxili və xarici siyasət apara bildilər, nə də tamahlarına yiyəlik etdilər!

Şəxsi maraqlarını ümummilli mənafedən üstün tutmaları, dövlət idarəçiliyindən xəbərsiz olmaları Azərbaycan xalqının fəlakəti ilə nəticələndi.
Onların xəyanət əməlləri səbəbindən əvvəlcə Laçın, sonra Şuşa, daha sonra Ağdam işğala məruz qaldı.
Özləri isə vəzifələrini "donduraraq" qaçıb aradan çıxdılar.

***
Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi sayılırdı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ölkənin birinci intibahı baş vermişdi.
Bu intibahdan Ağdama da böyük pay düşmüşdü.
Rayonun geniş ərazisi, münbit torpağı, zəhmətsevər insanları vardı.
Kənd təsərrüfatının bütün sahələrində - üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq, bitkiçilik, baramaçılıq, şərabçılıq və s. sahələrdə bol məhsul götürülür, yüksək məhsuldarlığa nail olunurdu.
Dövlət plan və tapşırıqlarının artıqlaması ilə ödənilməsi, yeni təsərrüfatçılıq metodlarından bacarıqla istifadə sayəsində əhalinin gəliri əhəmiyyətli dərəcədə artmış, rifahı yüksəlmişdi.
Bütün bunlar kənd və qəsəbələrin simasını da büsbütün dəyişmiş, müasirləşdirmişdi.
İnsanlar dövlətin yaratdığı şəraitdən istifadə etməklə özlərinə xoş güzəran qurmuşdular: kənd yerlərində yaşayanlar belə ağ mişar daşından ikimərtəbəli evlər tikdirmiş, müasir mebellər almış, məişət cihazlarından geniş istifadəyə başlamışdılar.
Demək olar ki, hər ailənin fərdi minik maşını vardı.
Ağdamlılar sülh şəraitində firavan, rahat həyat sürürdülər...
Əvvəlcə Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsi, sonra "yenidənqurma" adlı oyunbazlığa başlanması, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, ən nəhayət, "Dağlıq Qarabağ problemi" adlı məkrli oyuna start verilməsi bütün bu xoşbəxt və sevincli günlərə son qoydu.
***
"Böyük Ermənistan" xülyasına düşənlərin Qarabağı Azərbaycandan qoparmaq uğrunda mənfur planlarının icrasına başlandığı bir vaxtda ölkəyə maymaq, qorxaq, səriştəsiz və təcrübəsiz adamların rəhbərlik etməsi vəziyyəti daha da mürəkkəbləşdirdi.
Yanlış və qətiyyətsiz mövqe, səhv siyasət, vaxtında ordu qurulmaması, ən nəhayət, müharibənin dövlət səviyyəsində aparılmaması sonda böyük faciələrə səbəb oldu.
Münaqişənin ilk dövrlərində Ermənistandan gəlmiş "saqqallılar" və yerli yaraqlılar Qarabağdakı azərbaycanlıların yaşadıqları kəndlərə hücum çəkir, müxtəlif üsullarla təzyiqlər göstərir, yerli əhali üçün problemlər yaradır və evlərini qoyub getməyə məcbur etməyə çalışırdılar.
Erməni əhatəsində yaşayanlara arxa durmaq, yardım göstərmək üçün Ağdam bir növ plasdarma çevrilmişdi.
Gələn yardımlar buraya toplanaraq "yerli bələdçilər" vasitəsilə mühasirə vəziyyətindəki kəndlərə çatdırılırdı.
***
Moskvaya, Sov. İKP MK-ya, "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi" prinsipinə bəslənən bütün ümidlər puça çıxdı.
Əslində, Ermənistana və Qarabağ separatçılarına dəstək elə Moskvadan gəlirdi!
Sov. İKP MK-nın emissarları Azərbaycana səfər edəndə bizi "səbirli və təmkinli" olmağa çağırır, İrəvana gedəndə isə onların ordu yaratmalarına göz yumur, Qarabağdakı ermənilərin "hüquqlarını qoruyacaqlarına" söz verirdilər.
Xankəndidəki "miatsum" çağırışlı mitinqləri isə seyr edib göz yummaqla, əslində, separatizmə rəvac verirdilər.

Cəzasızlıqdan ruhlanan ermənilər əvvəlcə söyüş, daş davasına keçdilər, sonra isə atıcı silahlar səsləndi...
20 noyabr 1991-ci ildə Qarakənd üzərində Azərbaycana məxsus və içərisində ictimai-siyasi xadimlər, dövlət məmurları, jurnalistlər olan vertolyot vurulduqdan sonra məhəlli atışmalar başladı.
İlk şəhidləri 22 fevral 1988-ci ildə Əli və Bəxtiyarın simasında ağdamlılar verdilər!
İlk könüllü özünümüdafiə batalyonları Ağdamda yaradıldı.
Sonradan respublikanın bütün guşələrindən gələn vətənpərvər gənclər də həmin batalyonlara üzv oldular.

Hadisələrin ilk dövründən Ağdam əvvəlcə münaqişənin, sonra isə müharibənin ən qaynar və qanlı nöqtəsinə çevrildi!
***
Moskvanın ikinci addımı keçmiş DQMV-də "xüsusi idarəetmə komitəsi"nin tətbiqi oldu.
Bu vasitə ilə, əslində, keçmiş DQMV Azərbaycanın tərkibindən çıxarılaraq guya mərkəzə tabe etdirildi.
Həqiqətdə isə separatçıların sərəncamına verildi.

Üstəlik Ermənistanla Xankəndi arasında sərbəst gediş-gəliş, silah-sursat təchizatı üçün rahat şərait yaradıldı.
Bundan ruhlanan separatçılar keçmiş DQMV ilə Azərbaycanın digər əraziləri arasındakı əlaqələri kəsməyə, azərbaycanlılar yaşayan kəndlərə hücumlar təşkil edərək dinc sakinləri öz evlərindən qovmağa, getməyənləri girov götürərək işgəncələr verməyə, rəsmi Bakıya tam tabesizlik göstərməyə başladılar.
İlk qurbanlar verən Ağdam bu dəfə ilk məcburi köçkünləri qəbul edərək yerləşdirməyə, yeni şəhidlərin dəfni ilə məşğul olmağa başladı.
***
Qarabağda torpaqların müdafiəsi uğrunda qanlı çarpışma, paytaxt Bakıda isə vəzifə kürsüsü uğrunda barışmaz mübarizə gedirdi.
Ayaz Mütəllibov prezident kürsüsünü qorumağa, "bəylər" isə həmin kürsünü ələ keçirməyə çalışırdılar.
Necə deyərlər, hərə öz hayında idi...

Ağdam və külli Qarabağ isə əlisilahlıların qarşısında əliyalın vəziyyətdə qalmışdı!
AXC-nin silahlandırdığı batalyonlar isə özlərinin hakimiyyətə gəlməsinə xidmət edirdi.

Yerlərdəki "könüllü özünümüdafiə batalyonları" arasında əlaqə və koordinasiya yox idi.
Onların sırasında da müxtəlif maraqlara xidmət edənlər vardı!
Nə müharibə dövlət səviyyəsində aparılır, nə də hərbi əməliyyatlar vahid mərkəzdən idarə olunurdu...
Ölkənin müdafiə naziri postunu isə "ortabab riyaziyyat müəllimi", satqın Rəhim Qazıyev tutmuşdu.
O Rəhim Qazıyev ki Ağdama səfərlərinin birində iki könüllü özünümüdafiə batalyonu arasında qan düşmənçiliyi salaraq rayonun müdafiəsini daha da zəiflətmişdi!
İnsanların "can bizdən, silah-sursat sizdən" çağırışını AXC-Müsavat cütlüyünün iqtidarı eşitmədi.
Düşmən isə Azərbaycanda yaranmış xaos və özbaşınalıqdan, torpaqların müdafiəsinin təşkil olunmamasından istifadə edərək ərazilərimizi sürətlə ələ keçirirdi.

Ağdamın igid və vətənpərvər gənclərdən ibarət könüllü özünümüdafiə batalyonları nə qədər şücaətlə döyüşsələr də, arxasızlıq və köməksizlikdən məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldılar.
Beləliklə, 6 mindən çox övladını şəhid verən Ağdam məğlubiyyətə uğradı, əhalisi isə məcburi köçkünə çevrildi.
***
Düşmən qarşı-qarşıya döyüşlərdə ağdamlıların onlara vurduqları zərbələri unutmamışdı.
Əvəz çıxmaq üçün əlinə fürsət düşmüşdü.
Qisasını Ağdamın daşından-torpağından, sahibsiz qalmış evlərindən, bağlarından, meşələrindən, tarixi və dini abidələrindən, hətta qəbiristanlıqlarından belə çıxdı!
"Şiə qardaşları" iranlılarla əlbir olaraq əvvəlcə boş qalmış evləri yağmaladılar, sonra dəmir dam örtüklərini, taxta materiallarını, daşlarını belə söküb İrana daşıyaraq oradakı tikinti materiallarının satışı bazarında pula çevirdilər.
İşğal dövründə daş üstə daş qoymadılar, bircə salamat bina, ev qalmadı, məscidlər dağıdılıb tövləyə çevrildi, qəbirlər eşilərək ölülərin qızıl dişləri oğurlandı...
Özlərini "məzlum", "zavallı", "mədəni", "qədim tarixə malik millət" adlandıran ermənilər əsl simalarını, barbar, vəhşi mahiyyətlərini Ağdamda da göstərdilər. 
Müasir, abad, gözəl Ağdamı "Qafqazın Xirosiması"na çevirdilər!

***
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın da hayıfını düşməndə qoymadı!
30 illik işğal dövründə ermənilər dostlarının və havadarlarının köməyi ilə təkcə Ağdamı dağıtmamışdılar, həm də burada yerli relyefdən istifadə etməklə möhkəm müdafiə mövqeləri yaratmışdılar.
Bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında həmin müdafiə xətlərinin bütün "element"lərini əyani şəkildə görmək mümkündür:
* dərin xəndəklər;
* səngərlər;
* mina sahələri;
* ermənilərin "keçilməz" adlandırdıqları bədnam "Ohanyan xətti";
* tikanlı məftillər;
* kameralarla təchiz olunmuş müşahidə məntəqələri;
* dəmir-betondan tikilmiş bunkerlər;
* atəş nöqtələri və s.
Ermənilər belə hesab edirdilər ki, Azərbaycan bu dəfə də 90-cı illər müharibəsini aparacaq, Ağdam istiqamətindən hücuma keçəcək, canlı qüvvə və zirehli texnika sarıdan ciddi itkilər verərək geriyə çəkiləcək, nəticədə onlar tərəfindən irəli sürülən bütün şərtlərlə razılaşmaq məcburiyyətində qalacaqdır.
Paşinyan öz ağlı ilə düşünürdü...

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə XXI əsrin ən yeni müharibəsinə hazırlaşmışdı.
Hərbi əməliyyatlar sərhədboyu, görünməmiş sürətlə aparılırdı...

Ermənistan ordusu gözünü açmağa macal tapmamış qəhrəman əsgər və zabitlərimiz, xüsusi təyinatlılarımız qala şəhəri Şuşanı da ələ keçirərək erməni hərbi hissələrini mühasirəyə aldılar!
Qorxaqlar və fərarilər ordusu təslim olmasaydı, 20 min nəfərlik hərbi heyəti ən qısa müddətdə məhv ediləcəkdi!
Ağdamdakı mövqelərdə dayanan düşmən bizə tərəf bir güllə belə atmadan ağ bayraq qaldıraraq təslim oldu!
On qat müdafiə sistemi heç nəyə yaramadı!
Müzəffər Ali Baş Komandanımız Paşinyanı kapitulyasiya aktına qol çəkməyə məcbur etdi.
Sonra Ağdamda üçrəngli Azərbaycan bayrağını ucaltdı!

***
Ermənilərin ən çox "ölüm toxumu" basdırdıqları ərazilərdən biri Ağdamdır!
Minaların təmizlənməsi xeyli vaxt və vəsait tələb edir.
Artıq bu sahədə uğurlu iş gedir.
Cənab İlham Əliyevin təsdiq etdiyi ilk baş plan isə Ağdama məxsusdur!
İşğaldan əvvəl Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi sayılırdı.
Cənab İlham Əliyevin iradəsi və göstərişləri əsasında isə yeni Ağdam Qarabağın iqtisadi mərkəzinə çevriləcəkdir.

Prezidentimizin daha bir tapşırığı olmuşdur:
- Şəhərsalma sahəsində dünyanın harasında yaxşı nə varsa, ondan Ağdamda da olmalıdır!
"Kənd rayon mərkəzi" - sovet dövründən qalma belə bir ifadə var.
Bu, paytaxtdan kənarda yerləşən və şəhər statusu daşıyan rayon mərkəzlərinə aiddir.
Dövlət başçısı İlham Əliyevin Şərqi Zəngəzurda və Qarabağda saldırdığı yaşayış məskənlərində isə müasirlik və rahatlıq baxımından şəhərlə kənd arasında heç bir fərq yoxdur!
Hamısı "ağıllı" yaşayış məntəqələridir.
Buna köhnə Ağdamda olmayan yenilikləri misal göstərmək olar.
YENİ AĞDAM ŞƏHƏRİNDƏ:
* Təkərsiz tramvaylar cövlan edəcəkdir;
* Uzunluğu 79 kilometr olan velosiped yolu çəkiləcəkdir;
* Ümumi uzunluğu 2 kilometr olan su kanalında motorlu qayıqlar üzəcəkdir;
* Süni yaradılmış göllər və şəlalələr şəhərə xüsusi gözəllik verəcəkdir;
* İnsanların mənalı istirahəti, dincəlmələri üçün park və xiyabanlar, uşaqlar üçün karusellər, istirahət guşələri yaradılacaqdır;
* Ən böyük sənaye məhəlləsi, Qarabağ Universiteti Ağdamda olacaqdır;
* Bir-birindən yaraşıqlı, rahat mənzilli çoxmərtəbəli yaşayış evləri, müasir tələblərə cavab verən məktəblər, uşaq bağçaları, mədəniyyət müəssisələri, ictimai binalar da öz yerində!
Cənnətə çevrilən Qarabağın baş şəhəri - respublikanın dördüncü şəhəri olacaq Ağdam düşmənə gözdağı, Azərbaycan üçün isə qürur mənbəyi rolunu oynayacaqdır!
***
30 ilədək müddətdə hər birimiz vətəndaş olaraq sıxıntı çəkdik.
Məcburi köçkünlər yaşayış və dolanışıq sarıdan, qalanlarımız isə mənəvi cəhətdən!
Amma dövlətimizə olan inamımızı, Prezidentimizə güvənimizi bir an belə itirmədik!
Bildik ki, yaman günün ömrü az olur!

İnandıq ki, dövlət başçısı İlham Əliyev bizləri doğma el-obaya qaytaracaqdır!
Yanılmadıq da!
Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə 44 gün ərzində düşmən ordusunu məhv etdi.
Sonrakı üç ildə isə müqəddəs torpaqlarımızı murdar ləpirlilərdən təmizlədi!
İndi isə bizi əvvəlkindən də gözəl olacaq doğma yurda qaytarır, sevincimizə sevinc qatır!
Ötən 30 ildə ancaq işğal günlərini, Vətən həsrətli müsibətli günlərin başlanğıc tarixlərini qeyd edərdik!
Ürəyimizdən qara qanlar axa-axa!
"Növbəti ildönümünü doğma el-obada keçirək" arzusunu dilə gətirməklə!

İndi isə cənab İlham Əliyev şəhər günləri bayramını təsis edib!
Yeni şəhər bayramları həm də milli qürurumuzun qaytarıldığı, qalib millətə və dövlətə çevrildiyimiz gündür!
Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!

***
Ağdamı küllükdən dirçəldən ən əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən savaşında qazandığı hərb, diplomatiya və informasiya sahəsindəki tarixi qələbədir!
Ağdamı dirçəldən həm də:
* Qüdrətli Azərbaycan Ordusu, rəşadətli əsgər və zabitlərimizdir!
* Qızıl qanları ilə qələbəmizi təmin edən şəhidlərimizdir!
* Düşmənin canına vic-vicə salan xüsusi təyinatlılarımız, qazilərimizdir!
* Xalqımızın sarsılmaz birliyi, düşmənə qarşı mübarizədə "dəmir yumruğ"a çevrilməsidir!
* Azərbaycanın iqtisadi gücü, tükənməz imkanlarıdır!
* Ən nəhayət, Heydər Əliyev siyasi kursuna sədaqətimiz, bu yolla daim qələbələrə doğru irəliləməyimizdir!
Çox keçmədən bütün dünya "Qafqazın Xirosiması"nın yerində cənnət Qarabağın müasir, əvvəlkindən də gözəl Ağdamını görəcəkdir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video