Ermənistanda da Azərbaycanın tələblərinin haqlı olduğunu anlamağa başlayıblar
Beş ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar gedir. Azərbaycan qalib ölkə kimi prosesə sadiqliyini dəfələrlə təsdiqləsə də, Hayastan məğlub ölkə olmasına baxmayaraq, dondan-dona girərək sülh sazişini imzlamaqdan yayınır.
Hətta müqavilənin imzalanmamasında Azərbaycanı günahkar çıxarmağa da cəhd edir. Bununla da rəsmi İrəvan beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışır. Anlamır ki, əgər Azərbaycan sülh tərəfdarı olmasaydı, onun şərtlərini hazırlayıb Ermənistana təqdim etməzdi, savaş istəsəydi, işğaldan azad etdiyi əraziləri yenidən qurub yurdundan-yuvasından didərgin düşən vətəndaşlarını ora göndərməzdi.
Amma deyəsən, vəziyyət düzəlir. Hər iki ölkə liderlərinin Əbu-Dabidəki görüşü ilə bağlı Ermənistanda qeyd edilir ki, tərəflər bəzi məsələlərin həllində razılığa gəliblər. Xüsusi olaraq vurğulanır ki, Ermənistan rəhbərliyi çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görür. Hətta Ermənistanın "Hraparak" nəşri iddia edib ki, Azərbaycanla müqavilə dekabrda imzalanacaq. Bildirilib ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq təşkilatlara verilməsinin əleyhinə deyil. Nəşrin yazdığına görə, müqavilə dekabrda imzalanacağı üçün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçərək "Daşnaksütyun" üzvlərini həbs edirlər və etiraz edə biləcək qüvvələri sıradan çıxarırlar.
Ekspertlər də qeyd edirlər ki, əslində sülh sazişinin həmin vaxt imzalanması mümkün variantdır. Amma bu görüşdə sazişin imzalanma tarixi barədə hər hansı məlumat verilməyib. Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub, indiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət kimi dəyərləndirilib.
Ermənistanın "4rd.am" nəşri isə yazıb ki, Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında danışıqların təxminən 5 saat davam etməsinə baxmayaraq, onun məzmunu ilə bağlı yayılan məlumatlar və "sızmalar" olduqca qısa və natamamdır: "Hər halda, görüşdən az sonra bir çox şərhçilər Ermənistanın xarici işlər nazirinin müavininin sonradan "təkzib və izahata ehtiyac duyan" açıqlamalarına əsaslanaraq qeyd ediblər ki, Zəngəzur dəhlizinin verilməsi məsələsi müzakirə olunub. Bu barədə çoxsaylı müzakirələr, şərhlər və fikirlər səslənib".
Siyasi ekspert Levon Minasyan deyib ki, Nikol Paşinyan və komandası artıq beş ildir israrla bildirirlər ki, Zəngəzur dəhlizi olmayacaq, bunu daim inkar edirlər. Qeyd edib ki, lakin ötən gün keçirilən mətbuat konfransının əsas məqsədi dəhliz anlayışı ilə bağlı manipulyativ fikirlər yaymaq idi: "Bu səbəbdən deyilib ki, dəhliz termini beynəlxalq xarakter daşıyır, əgər dəhliz verdiyimizi oxusanız və ya eşitsəniz, inanmayın, bu, sadəcə bir yoldur, çünki 2020-ci il noyabrın 10-dan sonra "dəhliz" sözü bizim üçün mənfi, allergik kontekstdə səslənir".
Medianın məlumatına görə, Paşinyan deyib: "Çox vaxt beynəlxalq tərəfdaşlarımız dəhliz deyəndə, biz bir az diksinirik. Onlar da təəccüblənirlər ki, biz nə dedik ki? Halbuki bütün dünya hər yerdə dəhliz axtarır və s. İndi hər dəfə dəhliz deyəndə, problem yaranır, bəs onlar hansı dəhlizi nəzərdə tuturlar, bu dəhlizi, yoxsa o birini? Məsələn, Ermənistanın Şimal-Cənub yolu necə adlanır, bilirsinizmi? Ermənistanın rəsmi sənədlərində bu yol "Şimal-Cənub nəqliyyat dəhlizi" adlandırılır".
Paşinyan ABŞ və Avropa İttifaqından yolun idarə edilməsi ilə bağlı təkliflər aldığını da təkzib etməyib və bildirib ki, dəhliz məsələsində razılıq verib, lakin kimə tapşırılacağı hələ müəyyən edilməyib. O, "Zvartnots" hava limanı, Cənubi Qafqaz Dəmir Yolu, su təsərrüfatı və "HayPost" şirkətini misal göstərərək qeyd edib ki, bunlar idarəetməyə verilib, amma Ermənistanın mülkiyyəti olaraq qalırlar.
Türkiyədəki ABŞ səfirinin yolun icarəyə verilməsi ilə bağlı dediklərinə cavab olaraq N.Paşinyan bildirib: "Bizim qanunvericilikdə bu, "inşa hüququ" adlanır və həmin hüquqla qoyulan investisiyalar müəyyən şərtlərlə müqavilə müddəti bitdikdən sonra ya Ermənistanın mülkiyyətində qalır, ya da Ermənistan mülkiyyətinə keçir".
Elçin CƏFƏROV,
"Azərbaycan"