26 Sentyabr 2025 08:00
5254
SİYASƏT
A- A+
İkinci Qarabağ müharibəsi: zəfərə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsi

İkinci Qarabağ müharibəsi: zəfərə gedən yolda şərəf və qəhrəmanlıq salnaməsi


Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli iş aparır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.


Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti


Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.

2020-ci ilin yanvarında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?" sualına cavab olaraq Prezident İlham Əliyevin "Bakıya" cavabı böyük önəm kəsb edir.

Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın region ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyə sadiqliyinə, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısının qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz. 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 20 ildən artıq müddətdə ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Nəticədə Azərbaycan yalnız regionda deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Bütün bunlarla yanaşı, 2003-cü ildən keçən dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, həmçinin Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı  və digər beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı.

İlk növbədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 4 qətnamə (822, 853, 874, 884) icra edilməli idi. 2021-ci il iyunun 26-da Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bildirdi ki, dövlətimiz Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etməli idi: "Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi".


Aprel döyüşləri - böyük hərbi Qələbənin başlanğıcı


Son 20 il ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə zəmin yaratdı. Azərbaycan Ordusu ən müasir silahlar və texnika ilə təchiz olundu. 2003-cü ildən keçən dövr ərzində hərbi xərclər 15 dəfədən çox artırılmışdır. Nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusunun dünyanın ən qüdrətli silahlı qüvvələrinin sırasına daxil olmasına imkan yaratdı.

2016-cı ilin Aprel döyüşləri - Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı və Ermənistanın "qüdrətli ordusu"nun yalnız mif olduğunun təsdiqi kimi tarixə düşdü. 2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə 4 günlük döyüşlərin beynəlxalq əks-sədası dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında 2 min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırmışdır. Bunun davamı olaraq, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülmüşdür. Beləliklə, minlərlə hektar torpaq işğalçılardan azad edilmiş, on minlərlə hektar ərazi Azərbaycanın nəzarətinə keçmişdi.

Ali Baş Komandan hərbi potensialımıza yüksək diqqət göstərdiyimizi və bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi xatırladaraq qeyd etmişdi ki, ordumuzun döyüş qabiliyyəti artmış, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut etmiş və bu əməliyyat nəticəsində Azərbaycan Ordusu strateji yüksəkliklərə sahib olmuşdur: "Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir".


"Valday"dan dünyaya bəyan edilən "Qarabağ Azərbaycandır və nida işarəsi"


Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistanın yürütdüyü siyasət, tutduğu mövqe tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın yürütdüyü faşist ideologiyasını, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

Diqqətə çəkək ki, "Valday" klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyərləndirilir və müasir dünya nizamının aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Bu baxımdan Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini tarixi və hüquqi əsaslarla ifşa edərək diqqətə çatdırdı ki, dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb və Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu bildirən dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini bildirərək dünyaya bəyan etdi: "Qarabağ Azərbaycandır və nida işarəsi". Prezident İlham Əliyevin münaqişənin həllinə dair hər zaman olduğu kimi qətiyyətli və prinsipial mövqeyi təkcə təcavüzkar Ermənistana deyil, eləcə də dünyaya bir mesaj oldu.

Eyni zamanda Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" devizi bir ildən sonra, xüsusilə  44 gün ərzində reallığa çevrildi.


İkinci Qarabağ müharibəsində hərbi-diplomatik uğurlar


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini işğaldan azad etmək hüququna əsaslanaraq uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Azərbaycan dövləti 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnamələrini özü icra etdi.

2020-ci il noyabrın 8-i isə Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini gerçəkləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirildi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı uğurlu əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı "yenilməzlik" mifologiyasına da son qoydu. 


İnformasiya məkanında Ermənistanın  işğalçılıq siyasətinin ifşası


Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələr 30 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri Azərbaycanın haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Hərbi-diplomatik uğurlarla yanaşı, Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi dövründə 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə Türkiyənin "TRT Haber", "CNN Türk", "Haber Global",  "Habertürk", "NTV", "A Haber" televiziya kanalları, Rusiyanın "Rossiya-1", "Pervıy Kanal", "RBK" televiziya kanallarının, TASS,  "İnterfax",   "Ria Novosti" agentliklərinin, Almaniyanın "ARD", Böyük  Britaniyanın "Sky  News", ABŞ-nin "Fox News", İspaniyanın  EFE televiziya kanallarının,   İtaliyanın "Rai1" televiziya kanalının və  "la Repubblica" qəzetinin, Fransanın "France 24"  televiziya kanalı və  "Le Figaro" qəzetinin, Yaponiyanın "Nikkei" qəzeti, o cümlədən nüfuzlu "Euronews",  CNN,  "BBC News", "Al Æazeera", "Al Arabiya" televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb etdi.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də "nida" işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: "Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir".  Hər zaman, xüsusilə Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Prezident İlham Əliyevin həm İkinci Qarabağ müharibəsinin gedişi dövründə, həm də 2021-ci il fevralın 26-da keçirilən geniş mətbuat konfransında tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanan məntiqli fikirləri dünyanın aparıcı KİV-də yayılaraq Azərbaycan, xüsusilə Qarabağ həqiqətlərini tutarlı faktlarla bütün dünyaya çatdırdı.

Nəticədə bu faktlar informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirdi ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.


Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və tarixi ədalətin bərpası


2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edildi.

Bununla yanaşı, 1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxışı zamanı demişdir: "XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin".

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da  yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və  müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən  (2023-cü il - E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi, istər hərbi müstəvidə, istərsə də ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu mühüm və əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Nəticədə bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni seperatçılarından təmizlənməsindən və tarixi ədalətin bərpasından  artıq iki il keçir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamda vurğulanır ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir: "Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 

Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".


Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri, siyasi elmlər doktoru, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!