18 Aprel 2024 09:20
199
Mədəniyyət
A- A+

İkiminarəli  Muxtarov məscidi

 

Murtuza Muxtarov Bakı milyonçuları olan Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbaycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsidir. Onun adı daha çox Bakıda neftçıxarma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində o zaman neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar yox idi. O, 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 
Neft sahibkarı Murtuza Muxtarov da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən neft milyonçusu səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. "Qara qızıl" fontanları, nəhayət, bu insanın da əlini milyonlara çatdırmışdır. 
M. Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox əzəmətli tikililər onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində inşa etdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. Məşhur memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi ilə tikilən bu məscid Azərbaycan memarlığının ən gözəl incilərindən biri kimi UNESCO-nun qorunan tarixi abidələr siyahısına salınmışdır.
İnşa tarixinə gəlincə mənbələrdə göstərilir ki, 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan onu başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Kənd camaatı yardım üçün milyonçu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Belə ki, məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası Mirzə Məlik Abbasquludur.
Muxtarovun tikdirdiyi əzəmətli məscid nadir memarlıq üslubuna malik tarixi tikililərdəndir. Məscidin 47 metr hündürlüyündə olan 2 minarəsi o dövrdə digər məscid minarələrindən fərqlənirdi. Hər iki minarənin birinci şərəfəsinin aşağısında ərəbcə "Kəlmeyi-teyyibə" yazılıb. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. Məscidin hər 2 qülləsindən müəzzinlər azan vermək üçün istifadə edirdilər. 
Murtuza Muxtar məscidinin giriş qapısının sol tərəfində "Murtuza Muxtar məscidi", sağ tərəfində isə həmin sözlər ərəb əlifbası ilə yazılıb. Mehrabının hündürlüyü 9 metrdir. Məscid dörd nəhəng tağ üzərində dayanıb. Divarlarının qalınlığı 1 metrdir. Məscidin giriş qapısının hündürlüyü 6 metrdir. Qapıdan 3 metr yuxarıda mərmər üzərində iki kitabə həkk olunub. Orada belə yazılıb: "h.q.1317..." (XIX əsrin sonu - XX əsrin əvvəli) Məscidin həyətində Muxtarov Murtuza Muxtar oğlunun (1855-1920) qəbri yerləşib. Məscidin sağ və sol tərəflərində peyğəmbərlərə salam yeganə olaraq burada ərəb dilində həkk olunub. Mehrabın yuxarısındakı dairə isə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə 12 imama işarədir. 1908-ci ildə məscidin açılışında əmircanlı axund Əbu Turab minbərə qalxaraq ilk xütbəni oxuyub. Məscid 2 giriş qapısı ilə əhatələnib. Qapı və pəncərələrin üzərindəki şəbəkə göz oxşayır. Qapı üzərində 4 təsvir - 4 müqəddəs kitabı, 4 ünsürü göstərir. Məscidin 1 günbəzi, 16 pəncərəsi var.
Bir çox məscidlər kimi Murtuza Muxtar məscidi də sovet dövründə bağlanmışdır. Məsciddən toxuculuq emalatxanası, 1985-1988-ci illərdə Azərbaycanın məşhur rəssamı S.Bəhlulzadənin sərgi salonu kimi istifadə olunmuşdur. 1989-cu ildən məscid yerli sakinlərin ixtiyarına verilmişdir.
Murtuza Muxtarov bu məscidi neftdən qazandığı halal pulu ilə tikdirib. O illərdə daima məscidə gələn milyonçunun özü namaz qılar, dualar edərdi. Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs Qurani-Kərimi hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanmışdı. Deyilənə görə, həmin Quran 25 kq ağırlığındadır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Quranda Allah kəlmələri bütünlüklə qızıl suyu ilə həkk olunub.

 

Səadət sarayı və ya Muxtarovun evi

 

Bakının ən gözəl abidə binalarından biri də milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelizaveta xanım Tuqanova üçün inşa etdirdiyi saraydır. Sarayın layihə müəllifi memar İosif Ploşkodur. 
1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadının binanın qapısında qulluqçuların onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin hədd-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinə 3 nəfər rus zabitinin soxulduğunu görən Muxtarov bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü güllələyir.
Bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.
Planlaşdırma nöqteyi-nəzərindən də saray maraqlı formada işlənmişdir. Xüsusən ikinci mərtəbədə altıguşəli formalı zal diqqəti cəlb edir. Oradan foyeyə üçmarşlı giriş pilləkənləri açılır. Böyük zaldan başlayaraq fasadın qərb hissəsinin bəzəyi olan dəbdəbəli qotik tağlı lociyalara malik orta böyüklükdə zallar antilada sistemi ilə düzülmüşdür. Bu saray əzəməti, gözəlliyi ilə hamını valeh edir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video