Azərbaycanın Avropa üçün strateji və iqtisadi əhəmiyyətinin artması Cənubi Qafqaz regionunun gələcək inkişafı, iqtisadi inteqrasiyası və regional əməkdaşlığın genişlənməsi baxımından mühüm imkanlar yaradır. Avropanın enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması istiqamətində Azərbaycanın rolunun güclənməsi regionun beynəlxalq əhəmiyyətini də artırır.
Bunu AZƏRTAC-a açıqlamasında türk iqtisadçı-ekspert İlhan İşbaş bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsi yalnız ölkənin iqtisadi və siyasi mövqelərinin möhkəmlənməsi ilə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqaz dövlətləri üçün yeni əməkdaşlıq imkanlarının formalaşmasına da zəmin yaradır. "Azərbaycanın enerji resursları, əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və beynəlxalq tərəfdaşlarla qurduğu münasibətlər ölkəni Avropa ilə Asiya arasında mühüm bağlantı mərkəzinə çevirir. Bu amillər regionun tranzit potensialının artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və yeni investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Avropanın enerji təhlükəsizliyi məsələsinə artan diqqəti Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Azərbaycan qazının Avropa bazarlarına çatdırılması, enerji infrastrukturlarının inkişafı və alternativ enerji sahəsində əməkdaşlıq imkanları tərəflər arasında uzunmüddətli iqtisadi münasibətlərin formalaşmasına xidmət edir. Bu əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz ölkələri üçün də yeni iqtisadi dividendlər və inkişaf imkanları yarada bilər. Azərbaycanın tranzit və logistika imkanlarının genişlənməsi region ölkələrinin beynəlxalq ticarət sisteminə daha fəal inteqrasiyasına şərait yaradır. Xüsusilə Orta dəhlizin inkişafı, dəmir yolu və avtomobil nəqliyyatı bağlantılarının gücləndirilməsi, liman infrastrukturlarının modernləşdirilməsi Cənubi Qafqazın Avropa və Asiya arasında mühüm iqtisadi qovşağa çevrilməsini sürətləndirə bilər", - deyə ekspert qeyd edib.
İlhan İşbaşın fikrincə, regionda davamlı sülh və sabitliyin təmin olunması bu perspektivlərin reallaşmasında əsas şərtlərdən biridir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, kommunikasiya xətlərinin açılması və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı Cənubi Qafqazda yeni iqtisadi mühit formalaşdıra bilər: "Bu proses yalnız iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına, ticarət dövriyyəsinin artmasına və investisiya mühitinin yaxşılaşmasına müsbət təsir göstərə bilər. Gələcəkdə Cənubi Qafqazın əsas üstünlüklərindən biri enerji, nəqliyyat, turizm, sənaye və rəqəmsal iqtisadiyyat sahələrində regional əməkdaşlığın genişləndirilməsi olacaq. Azərbaycanın Avropa ilə əlaqələrinin güclənməsi digər region ölkələri üçün də yeni bazarlara çıxış, iqtisadi tərəfdaşlıq və beynəlxalq layihələrdə iştirak imkanlarını artırır".
İlhan İşbaşın sözlərinə görə, Azərbaycanın artan beynəlxalq nüfuzu və Avropa ilə strateji əməkdaşlığı Cənubi Qafqazın geoiqtisadi mövqeyini gücləndirən mühüm amildir. Regionda sülh, qarşılıqlı etimad və iqtisadi inteqrasiya istiqamətində atılacaq addımlar Cənubi Qafqazı gələcəkdə daha rəqabətqabiliyyətli, investisiyalar üçün cəlbedici və beynəlxalq iqtisadi sistemdə daha mühüm mövqeyə malik regiona çevirə bilər.