04 Aprel 2024 10:05
3407
Səhiyyə
A- A+

Gözünüzü qoruyun

 

Yaz özü ilə səhhətlə bağlı müəyyən problemlər də gətirir

 

Soyuq qış günlərinin bitməsi, baharın gəlişi hər bir insanda xoş əhvali-ruhiyyə yaradır. Lakin yaz özü ilə səhhətlə bağlı müəyyən problemlər də gətirir. Bunlardan ən geniş yayılanı göz xəstəlikləridir.
Mart, aprel və may aylarında daha çox rast gəlinən göz allergiyaları ağacların çiçəkləmə dövründə tozlanma nəticəsində yaranır və insanlarda asqırma, burun axması, göz qaşınması və qızartı kimi şikayətlərə səbəb olur. 

 

Göz xəstəlikləri düzgün müalicə edilmədikdə xroniki formaya keçir

 

Mövzu ilə bağlı qəzetimizə danışan Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Ülkər Həsənova deyir ki, ən çox yayılan göz xəstəliyi olan gözün konyuktiva qişasının iltihablı xəstəliyidir: "Allergik konyuktivitlə yaz aylarında daha çox rastlaşırıq. Bunun səbəbi ağacların çiçəkləməsi, günəş şüalarının və ultrabənövşəyi şüaların təsirinin artmasıdır. Konyuktiva göz almasını əhatə edən selikli qişadır. Hansı ki, ətraf mühitlə daha çox təmasda olur. Buna görə də bu xəstəliklə daha çox rastlaşırıq. Konyuktivitlər allergik, virus və ya bakterial mənşəli olurlar. Xəstəliyin simptomları göz qapaqlarında şişkinlik, qızartı, qaşınma, yanma, sulanma və selikli ifrazatdır. Bu zaman insanlarda tez-tez gözlərini ovmaq istəyi, işığa qarşı həssaslıq yaranır".
Ü.Həsənova qeyd edir ki, konyuktivitə yoluxmuş xəstələrə mümkün qədər gözlərinə toxunmamaq tövsiyə edilir. Çünki bu zaman gözə yeni infeksiya keçə, hətta mexaniki travma və astiqmatizm kimi daha ağır fəsadlar yarana bilər. Mütəxəssisin sözlərinə görə, gözü hər dəfə ovuşduranda onun ön hissəsində yerləşən buynuz qişa incəlməyə başlayır. Bu da gözün ön seqmentinin deformasiyasına və tədricən astiqmatizm yaranmasına səbəb olur.
"Mövsümi göz xəstəlikləri ilə bağlı hər yaş kateqoriyasından olan insanlar müraciət etsələr də, daha çox  yetkinlik yaşına çatmayan uşaqlarda buna rast gəlinir. Konyuktivitin əlamətləri aşkarlanan kimi mütəxəssisə müraciət etmək lazımdır. Yoluxucu olan bu xəstəliyi zamanında düzgün müalicə etmədikdə o, xroniki formaya keçir. Bəlli aralıqla təkrarlanan xroniki konyuktivitlərdə preparatlara qarşı dözümlülük yarandığı üçün onu müalicə etmək olduqca çətinləşir", - deyə oftalmoloq bildirir.

 

Quru göz sindromu zamanı göz yaşarır, sulanır, dumanlı və bulanıq görmələr başlayır

 

Ülkər Həsənovanın sözlərinə görə, son illər xəstələr daha çox quru göz sindromu ilə müraciət edirlər: "Texnologiyanın inkişafı ilə birbaşa əlaqəli olan göz quruluğu əsrimizin problemidir. Gündən-günə inkişaf edən texnoloji cihazlar həyatımızı nə qədər yüngülləşdirirsə, səhhətimizə də bir o qədər mənfi təsir edir. Gözü zərərli xarici faktorlara qarşı qorumaq xüsusiyyəti daşıyan göz qapaqları bir dəqiqə ərzində 19-21 dəfə yumulub açılır. Kompüterə, planşet və telefona baxarkən diqqətimizi ekrana o qədər yönləndiririk ki, göz qırpmalarımızın sayı və gözün üzərini örtən maye qatı azalır, nəticədə quru göz sindromu yaranır".
Oftalmoloq qeyd edir ki, quru göz sindromu zamanı göz yaşarır, sulanır, qıcıqlanır, dumanlı və bulanıq görmələr başlayır: "Göz quruluğuna kompüter və telefon istifadəçiləri ilə yanaşı, hipertoniya, şəkər kimi xroniki xəstəliyi olan insanlarda da rast gəlinir. Həmin insanların daimi olaraq qəbul etdiyi bəzi dərmanlar buna səbəb olur. Quru göz sindromunun səbəblərindən biri də qapalı məkanlarda istifadə edilən qızdırıcı, kondisioner, qaz peçi və havalandırmalardır. Göz quruluğunun qarşısını yalnız süni göz yaşları ilə almaq olar. Bu problemlə rastlaşanlara mütəmadi olaraq müvafiq göz damcıları tövsiyə edilir. Bununla birlikdə ehtiyac olmadıqca texnoloji cihazlardan uzaq durmaq, bol su içmək, açıq havada gəzmək və günəş eynəyindən istifadə etmək məsləhət görülür".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video