Goranboyda kənd təsərrüfatının strateji sahələrindən olan pambıqçılığın inkişafı, o cümlədən əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması və müasir aqrotexniki üsulların tətbiqi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Nəticədə hər il rayonda bu sahə üzrə uğurlu göstəricilərə nail olunur.
Xatırladaq ki, keçən il rayonda 1983,3 hektardan 6029,61 ton məhsul tədarük edilmiş, orta məhsuldarlıq 30,4 sentner təşkil etmişdir. Cari il isə bu sahədə fəaliyyət göstərən təsərrüfatlar və fermerlər ümumilikdə 1492,6 hektar sahədə pambıq əkini aparmışlar. Əkin sahələrinin 615,6 hektarı "Azərpambıq", 426,5 hektarı "Prime Cotton", 304 hektarı "EDEN Aqro", 146,5 hektarı "Goran-Cotton" MMC-lərin payına düşür. Bundan əlavə, Quşçular kənd sakinləri Şəhriyar Həmidov 49 və Etibar Həmidov 21, Balakürd kənd sakini Səyavuş Abbasov 17, Boluslu kənd sakini Fərrux Hüseynov 23, Goranboy şəhər sakini Müşfiq Mustafayev 20, Sarov kənd sakini Elmdar Məmmədov 50 hektarda pambıq əkmişlər.
Cari mövsüm pambıqçılıqda müasir suvarma sistemlərinin tətbiqinə xüsusi diqqət yetirilmişdir. Belə ki, rayon üzrə əkin sahələrinin 304 hektarı müasir suvarma sistemləri ilə təchiz edilmişdir. Bunun da sayəsində su ehtiyatlarından səmərəli istifadə olunmaqla əkin sahələrinin su təminatı yaxşılaşmışdır ki, nəticədə məhsuldarlığı artırmaq mümkün olmuşdur. Son məlumata görə, 1181 hektardan 4231 ton pambıq toplanmışdır ki, bu da orta hesabla 35,8 sentner məhsuldarlıq deməkdir.
Rayonda qabaqcıl pambıqçılar çoxdur. Onlardan biri də fermer Şəhriyar Həmidovdur. O, başçılıq etdiyi təsərrüfatda məhsuldarlığı 55 sentnerə, ümumi məhsul istehsalını isə 412,5 tona çatdırmağı qarşısına məqsəd qoymuşdur.
S.YUNİSOĞLU,
"Azərbaycan"