Azərbaycan
Respublikasının prioritetlərindən biri də uğurlu gənclər siyasətidir. Bu siyasətin
əsası hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur. Ümummilli
Lider hər zaman gənclərin təhsili və bacarıqları ilə maraqlanmış, onların xaricdə
təhsil almalarına önəm vermiş, belə gəncləri diqqətdə saxlamış və onların dövlətimizin
mənafeyi naminə çalışmaları üçün lazımi imkan yaratmışdır. Bu gün də Prezident İlham
Əliyev gənclər siyasətini uğurla davam etdirir. Dövlət idarəçiliyində həyata keçirilən
gəncləşdirmə siyasəti buna bariz nümunədir.
Ölkəmizdə
gənclərə dövlət dəstəyi ildən-ilə gücləndirilir, onlara diqqət və qayğı göstərilir.
Müasir gəncliyimiz cəmiyyətin inkişafında ciddi addımlar atan fəal sosial təbəqəyə çevrilib.
2018-ci il
prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev söylədi ki, qarşımızdakı
illərdə Azərbaycanda bütün sahələrdə, xüsusilə dövlət idarəçiliyində geniş islahatlar
aparılacaq. Ötən bir il ərzində çox mühüm və ciddi islahatlar həyata keçirildi.
Biz indi də uğurlu dəyişikliklərin şahidiyik.
Gənc kadrlara
yüksək etimad göstərilməsi yalnız mərkəzi dövlət strukturlarında reallaşdırılmır,
regionlarda da həyata keçirilir. Respublikamızda demək olar ki, əksər rayon icra
hakimiyyəti başçılarının müavinləri gənclərdir. Təyinatlara baxdıqda görünür ki,
yaxşı təhsil almış, fəaliyyət göstərdiyi sahədə özünü təsdiqləmiş intellektual gənclərə
yüksək etimad göstərilir və onlar irəli çəkilirlər.
Dövlət qayğısı
gənclərin dövlət işlərinə irəli çəkilməsi ilə məhdudlaşmır. Buna misal olaraq Gənclər
Fondunun yaradılmasını, Prezidentin Gənclər mükafatının təsis edilməsini də göstərə
bilərik.
Dövlət başçısının xüsusi diqqətinin nəticəsidir ki, respublikamızda
son illərdə könüllülük fəaliyyəti geniş yayılmaqdadır. Cəmiyyətin əsas göstəricilərindən
olan könüllülük hərəkatı dövlət idarəçilik sisteminin bütün istiqamətlərini əhatə
etməklə istedadlı gənclərin inkişafı üçün əlavə imkanlardır. Bir vaxtlar universitetlərdə
nəzəriyyəni öyrənən gənclərin təcrübəsi olmurdu və iş yerlərində adaptasiya problemləri
yaşayırdılar. Hazırda könüllülük hərəkatına qoşulan gənclər öyrəndikləri nəzəriyyəni
tətbiq edərək təcrübə qazanırlar. Əlbəttə ki, gənclərimizin gələcək fəaliyyətləri
üçün bu, çox vacibdir. Ölkəmizdə yalnız ali və orta ixtisas məktəblərində 23 mindən
çox könüllü var. Bu, könüllülüyün Azərbaycanda geniş vüsət almasının göstəricisidir.
Ölkəmizdə
könüllülər hərəkatı "ASAN xidmət”dən başlamışdır. Prezident İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilən "ASAN xidmət” könüllüləri gəncliyimizə bir nümunə oldular.
"ASAN xidmət”dən sonra nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları yaradıldı.
Prezident İlham Əliyev özəl şirkətlərə də könüllüləri işə cəlb etmələrini məsləhət
bilmişdir. İndi ölkəmizdə könüllülük gənclərimiz üçün böyük bir təcrübə məktəbinə
çevrilib.
Misirxan HƏSƏNOV,
"Azərkitab”
Kitab Mərkəzinin direktoru, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr
müavini