Azərbaycan dövlətinin xarici siyasəti dünyada sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, ölkələrin və xalqların xoşbəxt həyatının təmin edilməsinə xidmət edir və bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət, beynəlxalq hüquq normalarına sədaqət prinsipi əsasında formalaşan siyasətimiz respublikamızın beynəlxalq aləmdə böyük nüfuz qazanmasına, söz sahibi olmasına, ən mötəbər tribunalardan fikir və təkliflərimizin səsləndirilməsinə zəmin yaratmış, həm də dövlətimizin bəşəri dəyərlərə sadiqliyini təsdiq etmişdir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin səmərəli və düşünülmüş fəaliyyəti nəticəsində formalaşan və uğur qazanan xarici siyasətimiz bu gün dünya əhəmiyyətli çox vacib məsələlərin - sülh, insan azadlığı, humanizm, münaqişələrin aradan qaldırılması, imkansız ölkələrə humanitar yardım məsələlərinin həllində aparıcı rolunu göstərir və əksər hallarda öz istəyinə nail olur: "Dövlətimizin rəhbəri fəaliyyətinin bütün dövründə sülhə, əməkdaşlığa sadiq olduğunu sözdə yox, əməli işdə nümayiş etdirib. Xarici ölkələrə son səfərlər - Münxen Təhlükəsizlik Konfransı, Serbiya görüşü bunu bir daha sübut etdi. Bu səfər və çoxsaylı görüşlərdə cənab İlham Əliyev danılmaz bir həqiqəti ortaya qoydu və bildirdi ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi üçün dövlət rəhbərlərinin, siyasətçilərin qərəzsiz mövqeyi, onların bir araya gəlmələri, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması lazımdır və bu, bəşəriyyətin gələcəyi, iqtisadi inkişaf üçün çox vacibdir".
Deputat qeyd edib ki, Prezidentin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "France 24" telekanalına verdiyi müsahibə də bu baxımdan xarakterikdir və dünyada çox böyük əks-səda yaradıb. Sabiq Fransa prezidentləri Æak Şirakın, Nikol Sarkozinin və Fransua Ollandın dövrlərində Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədə olub, hətta şəhərlərimiz arasında qardaşlıq əlaqələri yaradılıb. Bu dostluq və qardaşlıq münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və sonrakı dövrlərdə bu siyasi xətti Prezident İlham Əliyev uğurla davam etdirib. Ancaq Emmanuel Makronun prezidentlik fəaliyyəti dövründə sağlam münasibətlərin üzərindən qara xətt çəkilmiş və bütün hallarda Fransa rəsmiləri Azərbaycana qarşı düşmən mövqeyindən çıxış etmişlər. Bu gün də bu münasibət davam edir.
T.Rzayev bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə xatırlatdığı kimi, Azərbaycanın Fransa ilə dövlət olaraq heç bir problemi yoxdur və mövcud vəziyyət, yaradılan gərginlik Makron hakimiyyətinin yürütdüyü qərəzli, ermənipərəst və beynəlxalq hüququn prinsiplərinə zidd siyasətinin nəticəsidir: "Əlbəttə ki, bu zidd siyasət əyani faktlarda, siyasi gedişlərdə, dövlətimizə və xalqımıza qarşı barışmaz mövqedə əksini tapır. Fransa Prezidenti və əksər rəsmiləri daimi olaraq Azərbaycana qarşı böhtan və şantaj kampaniyası aparıb, uğurlarımıza kölgə salmağa, beynəlxalq aləmdə imicimizə zərbə vurmağa çalışmışlar. Prezidentimizin müsahibəsində bu amillər geniş əksini tapıb və bir daha prinsipial mövqe ortaya qoyularaq Azərbaycanın heç bir təzyiqə, şantaja tabe olmayacağı, diktə ilə işləməyəcəyi, milli mənafeyi daim əsas tutacağı fikri gündəmə gətirilib, soyuqluğun yaranmasının səbəbkarının Fransa olduğu bildirilib".
Komitə sədri vurğulayıb ki, Azərbaycan Fransa ilə həmişə faydalı əməkdaşlıq etmək, münasibətləri yaxşılaşdırmaq, əlaqələri möhkəmləndirmək fikrində olsa da, qarşısında bunun əksini görüb və öz siyasətində dəyişikliklər etməyə məcbur olub. Cənab İlham Əliyevin "Fransa ilə problemlərin kökü bizdən gəlmir" ifadəsi hadisələrin mahiyyətini özündə aydın əks etdirməklə, gələcəyə hesablanmış bir mesajdır. Yəni Fransa öz siyasətini dəyişərsə, Azərbaycan münasibətləri yaxşılaşdırmağa hazırdır. Ancaq əməkdaşlığın nizamlanması real görünmür, çünki dünyanın onlarca ölkəsini uzun illər öz müstəmləkəsi altında saxlayan, milyonlarla insanın qətlinə səbəb olan və bu gün də mürtəce siyasətini davam etdirən Fransa hakimiyyəti yenə də Azərbaycana qarşı yanlış mövqe sərgiləyir. Təcavüzkar dövlət ikili standartlar siyasətini davam etdirməkdədir.
Deputat qeyd edib ki, Fransa Milli Assambleyasının və Senatın Azərbaycan haqqında 10-dan çox saxta, reallıqları əks etdirməyən qətnamələr qəbul etməsi, dövlətimizə qarşı sanksiyaların qəbuluna cəhdlər, Ermənistanın belə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımadığı halda, onu tanıması, təcavüzkarları silahlandırması, erməni təcavüzkarlarına daim dəstək verilməsi real faktlardır və təkzib oluna bilməz. Bu gün dünyada neokolonializm siyasəti yürüdən, Yeni Kaledoniya, Korsika, digər dənizaşırı və kiçik ölkələrdə xalqların azadlığını silah gücünə boğan Fransanın təcavüzkar əməllərinin, törətdiyi faciələrin Azərbaycan, dövlətimizin rəhbəri tərəfindən ifşa olunması bəşəri dəyərlərə, insanlığa sadiqlikdir, ədalətin bərpa edilməsinə göstərilən təşəbbüsdür. Bunun münaqişə yaratmaq, hansısa dövləti qızışdırmaq kimi qələmə verilməsi və Azərbaycanın ittiham edilməsi yanlışlıqdır, diplomatiyaya ziddir və siyasi oyunbazlıqdır. "Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə bildirib ki, Fransanın ölkəmizə qarşı sərgilədiyi mövqe, yürütdüyü siyasət, Ermənistanı müdafiə etməsi və təcavüzkarları münaqişəyə qızışdırması sülhə maneədir, Cənubi Qafqazda təhlükəsizliyimizin, sabitliyin bərqərar olunmasına xidmət etmir, əslində, yeni bir müharibəyə cəhddir. Bildirildiyi kimi, münasibətlərin öz məcrasına qayıtması, sağlamlaşdırılması üçün Fransanın, ilk növbədə, Azərbaycanın suverenliyinə hörmət etməsi, Ermənistanı müharibəyə, qarşıdurmaya təhrik edən siyasətindən əl çəkməsi və Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları qəbul etməsi çox vacibdir. Əks təqdirdə, Azərbaycan onunla diktə dilində danışan, düşmən mövqeyi ortaya qoyan bir dövlətlə heç bir yaxşı münasibət qura bilməz", - deyə o əlavə edib.
Komitə sədri Azərbaycanın 30 ildən sonra suverenliyini tam bərpa etdiyini, erməni faşistlərinin ayaqlarını torpaqlarımızdan kəsdiyini xatırladaraq bildirib ki, haqq-ədalət qələbə çalıb, faşist ermənilərinin başı əzilib. Qarabağ torpaqları artıq azaddır və bu azadlığı, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu Ermənistan qəbul etdiyi halda Fransanın guya Qarabağ ermənilərinə təcavüz edilməsini, terror, soyqırımı törədilməsini vaxtaşırı səsləndirməsi ölkəmizə qarşı xəyanətdən, beynəlxalq hüquq normalarına hörmətsizlikdən, ara qarışdırmaqdan başqa bir şey deyil.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev müsahibəsində bu hallara qarşı kəskin münasibətini bildirərək, jurnalistin təxribat xarakterli suallarına real faktlarla cavab verərək Fransa dövlətinin qərəzli siyasətini bir daha ifşa edib: "Verilən cavablar Azərbaycanın həm sülhə, demokratiyaya, əməkdaşlığa sadiq olduğunu, həm də bu yoldan heç zaman dönməyəcəyini nümayiş etdirir. Digər tərəfdən Azərbaycanın gücü və imkanları ortaya qoyulub. Bildirilib ki, Azərbaycan güclü, beynəlxalq aləmdə tanınan, xalqına və birliyinə arxalanan dövlətdir. Dövlətimiz milli mənafeyini qorumağa və bütün mənfi təsirləri dəf etməyə qadirdir. İqtisadi cəhətdən inkişaf edən, qalib və güclü orduya, qəhrəman xalqa, mətanətli, uzaqgörən liderə malik olan bir ölkə ilə sülh, əməkdaşlıq münasibətləri qurmaq, sağlam əlaqələr yaratmaq daha əhəmiyyətlidir və bu, bütün tərəflər üçün vacibdir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"