13 Yanvar 2026 08:40
1194
Təhsil
A- A+
Elm və təhsil siyasətinin strateji hədəfləri

Elm və təhsil siyasətinin strateji hədəfləri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə elm və təhsil sahəsində mövcud olan mühüm problemlərə toxunmuş və gələcəyə yönəlmiş mesajlar vermişdir. Cənab Prezident bu müsahibəsində irəli sürdüyü bir sıra müddəalarla, digər məsələlərlə birgə, ölkənin elm və təhsil siyasətinin strateji istiqamətlərini də göstərmişdir.

Prezidentin müsahibəsi mahiyyət etibarilə həm müəyyən bir dövrün yekunlarına həsr olunmuş siyasi hesabat, həm də ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən proqram xarakterli çıxışdır. Burada dövlətimizin başçısı xarici siyasətdən təhlükəsizliyə, regional kommunikasiyalardan sosial məsələlərə, müstəqillik və suverenlikdən Azərbaycan dilinin qorunması və inkişafına dövlət qayğısının vacibliyinə qədər geniş bir spektri əhatə edən fundamental mövqe ortaya qoymuşdur. Lakin xüsusi vurğulamaq lazımdır ki, müsahibənin ən strateji və uzunmüddətli təsir gücünə malik hissələrindən biri məhz elm, təhsil və insan kapitalının inkişafı ilə bağlı səsləndirilən fikirlərdir.

Prezident İlham Əliyevin müvafiq suala cavabında bir daha aydın şəkildə ifadə olunmuşdur ki, Azərbaycanın dayanıqlı inkişafı, milli gücü və qlobal rəqabət qabiliyyəti  yalnız təbii sərvətlərə deyil, zəka, bilik, elmi potensial və savadlı cəmiyyətin formalaşmasına söykənməlidir. Bu yanaşma müasir dünya inkişafının əsas qanunauyğunluqları ilə tam uzlaşır.

Bir neçə il əvvəl Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş "qara qızılı insan kapitalına çevirmək" konsepsiyası bu gün dövlət siyasətinin konkret istiqamətinə çevrilmişdir. Müsahibədə bu konsepsiyanın məntiqi davamı kimi elm və təhsilin prioritet sahə elan edilməsi təsadüfi deyildir.

Dünya təcrübəsi göstərir ki, təbii resurslara əsaslanan iqtisadiyyatlar uzunmüddətli perspektivdə ciddi risklərlə üz-üzə qalır. Neft və qaz gəlirləri müvəqqətidir və tükənmə riski daşıyır. Təhsil və elm sahəsinə yatırılan investisiyalar isə nəsillər boyu davamlı fayda verir, cəmiyyətin intellektual və innovativ potensialını gücləndirir. Norveç, Sinqapur, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrin təcrübəsi bunu aydın şəkildə göstərir: onlar təbii və maliyyə kapitalını vaxtında və məqsədyönlü şəkildə intellektual kapitala çevirməyi bacarmış, elm və təhsili milli inkişaf strategiyasının mərkəzi elementinə çevirmişlər. Bu təcrübə Azərbaycan üçün də anlamlı dərsdir və göstərir ki, dayanıqlı inkişaf yalnız bilik və elmin sistemli inkişafına əsaslanmaqla mümkündür. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi əsas mesajlardan biri də məhz budur: Azərbaycan öz gələcəyini onilliklər və yüzilliklər miqyasında planlaşdırmalıdır. Bu isə yalnız savadlı, düşünən, tənqidi təfəkkürə malik, elmi biliklərə söykənən cəmiyyətlə mümkündür.

Elm və Təhsil Nazirliyinin yaradılması, Prezident İlham Əliyevin vurğuladığı kimi, yalnız struktur dəyişikliyi məqsədilə atılmış addım deyildir, bu, həmçinin elmin təşkili baxımından konseptual yanaşmanın dəyişməsini ifadə edir. Uzun illər ərzində elm və təhsil institusional baxımdan ayrı fəaliyyət göstərmiş, bu təbii olaraq elmi nəticələrin tədris prosesinə, təhsil sahəsində qarşıya çıxan problemlərin isə elmi araşdırmalara tam inteqrasiyasına mane olmuşdur. Yeni struktura keçid, həm elm, həm də təhsilin birgə fəaliyyətini təmin etməklə, elmi biliklərin təhsildə tətbiqini gücləndirir və tədris prosesində yaranan çağırışlara akademik həll yollarının inteqrasiyasını mümkün edir ki, bu da Azərbaycanın elm və təhsil siyasətində strateji dönüşün əsasını təşkil edir.

İnkişaf etmiş ölkələrin təcrübəsində elm və ona aid strukturlar əsasən universitetlər ətrafında formalaşır. ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya kimi ölkələrdə aparıcı elmi tədqiqatlar ali təhsil müəssisələri ilə sıx bağlıdır. Bu model elmi biliklərin həm istehsalını, həm də sürətli tətbiqini təmin edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan da məhz bu modeli seçmişdir və bu seçim strateji baxımdan son dərəcə düzgündür.

Müsahibədə toxunulan mühüm məqamlardan biri də elmi-tədqiqat institutlarında aparılan struktur və kadr islahatlarıdır. Bu proses bəzən cəmiyyətdə müxtəlif reaksiyalar doğursa da, dövlət başçısının vurğuladığı kimi, məqsəd elmi işçiləri sadəcə işlə təmin etmək deyil, elmin real inkişafını təmin etməkdir.

Müasir dünyada elmi fəaliyyətin qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş aydın və obyektiv meyarlar mövcuddur. Bunlara  beynəlxalq indeksli, impakt faktoru yüksək olan nüfuzlu jurnallarda dərc olunan elmi məqalələr, H-indeksi və i10-indeksi kimi istinad göstəriciləri, aparılan tədqiqatların praktik və tətbiqi əhəmiyyəti, eləcə də qlobal elmi diskursda fəal iştirak daxildir. Məhz bu meyarlar elmi potensialın real səviyyəsini müəyyənləşdirir və elmin formal deyil, məzmunlu inkişafını təmin edir. Bu göstəricilər nəzərə alınmadan elmin tərəqqisindən danışmaq mümkün deyil. Prezidentin bu məsələyə açıq, prinsipial və tələbkar münasibəti elmi ictimaiyyət üçün son dərəcə ciddi və aydın bir mesajdır: keyfiyyət olmadan inkişaf mümkün deyildir. Dövlət başçısının səsləndirdiyi bu mövqe, əslində, Azərbaycanın dünya elmi məkanında mövqelərinin möhkəmləndirilməsinə, müvafiq beynəlxalq reytinqlərdə layiqli yer tutmasına yönəlmiş strateji çağırışdır. Bu baxımdan, ölkənin elmi ictimaiyyəti qarşısında böyük məsuliyyət dayanır və problemlərin həlli dərin düşüncə, yenilənmə və qlobal standartlara uyğunlaşma tələb edir.

Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsinin yaradılması, onların bir qisminin dünyanın aparıcı universitetləri ilə birgə fəaliyyət göstərməsi dövlətin təhsilə verdiyi mühüm əhəmiyyətin aydın göstəricisidir. Bu ali məktəblər təkcə kadr hazırlığı funksiyasını yerinə yetirmir, eyni zamanda beynəlxalq akademik standartların, müasir tədris metodologiyalarının və elmi-tədqiqat mədəniyyətinin ölkəyə transferində mühüm rol oynayır. Xankəndi Universitetinin yaradılması isə prosesin xüsusi mərhələsidir; bu ali təhsil müəssisəsi həm milli suverenliyin və dövlətçilik iradəsinin təzahürü, həm də azad edilmiş ərazilərin elmi-intellektual məkana çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xankəndidə universitetin fəaliyyətə başlaması regionun sosial-iqtisadi dirçəlişinə, insan kapitalının formalaşmasına və elmin ölkənin bütün coğrafiyasını əhatə edən inkişaf modelinə keçidinə xidmət edir.

Beynəlxalq tərəfdaşlıqlar yalnız diplomların qarşılıqlı tanınması ilə məhdudlaşmır. Bu əməkdaşlıqlar, eyni zamanda akademik mədəniyyətin formalaşması, tədqiqat etikası prinsiplərinin mənimsənilməsi, müasir tədris və qiymətləndirmə metodologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Belə tərəfdaşlıqlar vasitəsilə Azərbaycanın ali məktəbləri qlobal elmi standartlara daha sürətlə inteqrasiya olunur, elmi-tədqiqat prosesində şəffaflıq və keyfiyyət meyarları möhkəmlənir. Nəticə etibarilə, ali təhsil müəssisələrimizin beynəlxalq elm məkanına fəal qoşulması uzunmüddətli perspektivdə ölkənin nüfuzunun artmasına, tədqiqat məhsullarının qlobal rəqabət qabiliyyətinin yüksəlməsinə və Azərbaycanın dünyanın elm xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Prezident İlham Əliyevin xüsusi vurğuladığı ən mühüm məsələlərdən biri cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəldilməsidir. Tarixi təcrübə açıq şəkildə göstərir ki, ayrı-ayrı istedadlı və parlaq şəxsiyyətlər təsadüfən formalaşmır, onlar yüksək bilik səviyyəsinə, elmi və mədəni mühitə malik cəmiyyətin yetirmələri olurlar. Güclü elmi məktəblər, yaradıcı və tənqidi düşüncəni təşviq edən mühit, azad fikir mübadiləsi və sağlam rəqabət mühiti olmadan fundamental elmi nailiyyətlərə və davamlı inkişaf nəticələrinə nail olmaq mümkün deyil.

Bu kontekstdə müəllimlərin sosial təminatının yaxşılaşdırılması, onların peşəkar inkişafının dəstəklənməsi, təhsilin keyfiyyətinin sistemli şəkildə artırılması, eləcə də test və qiymətləndirmə mexanizmlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi sadəcə texniki tədbirlər kimi deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas komponentləri kimi qiymətləndirilməlidir. Məhz bu amillər cəmiyyətin intellektual potensialının formalaşmasına, insan kapitalının güclənməsinə və ölkənin gələcək rəqabət qabiliyyətinin təmin olunmasına xidmət edir. 

Müsahibədə gənclərlə bağlı səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində insan amili, xüsusilə də bilikli, təşəbbüskar və müasir dünyagörüşünə malik gənclər dayanır. Xaricdə təhsil almış gənc mütəxəssislərin ölkəyə qayıdaraq dövlət və özəl sektorda səmərəli fəaliyyət göstərməsi artıq konkret və müsbət nəticələr verməkdədir; bu proses idarəetmədə yeni yanaşmaların formalaşmasına, innovativ düşüncənin tətbiqinə və institusional səmərəliliyin artmasına şərait yaradır. "Yüksəliş" proqramı isə gənclərin potensialının üzə çıxarılması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və gələcək idarəçi kadrlar kimi formalaşması baxımından mühüm və sistemli platforma rolunu oynayır.

Prezident İlham Əliyevin 22 illik dövlət idarəçiliyi təcrübəsinə əsaslanan müşahidələri göstərir ki, savadlı, peşəkar və müasir düşüncəyə malik kadrların məsul vəzifələrə irəli çəkilməsi idarəetmənin keyfiyyətini köklü şəkildə dəyişir, qərar qəbuletmə prosesində rasional yanaşmanı gücləndirir və ümumilikdə dövlət idarəçiliyinin effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Müasir dünyada elm və təhsil artıq sadəcə iqtisadi və sosial inkişaf amili olmaqla kifayətlənmir, onlar həm də milli təhlükəsizlik və dövlətin suverenliyinin qorunması baxımından həlledici əhəmiyyət kəsb edir. Yüksək texnologiyalar, süni intellekt, biotexnologiya, enerji səmərəliliyi və digər qabaqcıl sahələrdə geri qalmaq yalnız iqtisadi itkilərə yol açmır, eyni zamanda dövlətin təhlükəsizlik və geosiyasi mövqeyinə ciddi risklər yaradır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan bu reallığı tam dərk edir və inkişaf strategiyasını ona uyğun qurur. Aparılan struktur və kadr islahatları, elm və təhsil sahəsində yeniliklər çətin, bəzən ağrılı proseslər tələb edə bilər, lakin bu islahatlar alternativsizdir və ölkənin uzunmüddətli dayanıqlı inkişafı, intellektual potensialının möhkəmləndirilməsi və qlobal rəqabət qabiliyyətinin artırılması üçün zəruridir.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız qısamüddətli iqtisadi və siyasi uğurların deyil, uzunmüddətli, davamlı və strateji inkişafın tərəfdarıdır. Bu inkişaf yolunda elm və təhsil ölkənin əsas dayağı, dayanıqlı inkişaf proqramının mərkəzi amilidir. Əgər aparılan struktur və kadr islahatları, təhsil və elmin inteqrasiyası istiqamətində atılan addımlar ardıcıl, prinsipial və məqsədyönlü şəkildə davam etdirilərsə, Azərbaycan təkcə ətraf regionun deyil, daha geniş coğrafiyanın elmi, intellektual və innovativ mərkəzlərindən birinə çevrilə bilər. 

Bu yol çətin, mürəkkəb və bəzən ağrılı proseslər tələb edir, lakin eyni zamanda ölkənin gələcək sabitliyini və dayanıqlı inkişafını təmin edən yeganə doğru yoldur.


İradə HÜSEYNOVA,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!