Dünya bazarına mayeləşdirilmiş təbii qazın (LNG) ixracı 10 gündən sonra tamamilə dayana bilər və bunun səbəbi ABŞ ilə İran arasında mümkün müharibə fonunda Hörmüz boğazının bağlanması deyil.
AZƏRTAC xəbər verir ki, bunun əsas səbəbi Qətərdə yerləşən “Ras-Laffan” mayeləşdirilmiş qaz istehsalı zavodunun raket zərbəsinə məruz qalmasıdır.
Bununla əlaqədar olaraq dünya bazarında qazın 1 kubmetrinin qiyməti 800 dollara kimi yüksəlib. Asiya və Avropa bazarlarında qiymətlərin yüksəlməsi dövlətlərin iqtisadiyyatına çox mənfi təsir göstərir. İdxalçı ölkələr qaz almaq üçün alternativ yollar axtarırlar. Asiyada daha çox əziyyət çəkən Pakistan və Banqladeşdir. Bu ölkələrdə artıq qənaət rejimi işə salınıb və elektrik enerjisi istehsalı üçün mazutdan istifadə etmək qərarına gəliblər ki, bu da daha baha başa gəlir. Çünki hazırda mazutun 1 barelinin qiyməti 147 dollardır. Bu isə LNG və dizelin qiymətindən iki dəfə bahadır.
Dünya bazarının LNG-yə olan tələbatının 20 faizini ödəyən Qətərin energetika naziri Səəid ƏlKaabi “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, Hörmüz boğazı açıq olsa belə Qətər yaxın zamanlarda dünya bazarına lazım olan həcmdə qaz ixrac edə bilməyəcək. Onun sözlərinə görə Qətərin sıxılmış qaz istehsalı infrastrukturunun 17 faizi 5 il ərzində istismar edilə bilməz. Nazir bunu həmin infrastruktur obyektlərin raket zərbələrinə məruz qalması ilə əlaqələndirib: “Fors-major vəziyyəti yaranıb və Qətər uzunmüddətli müqavilələr üzrə sifarişləri yerinə yetirərək istehsal etdiyi qazı idxalçılara çatdıra bilməyəcək. İnfrastruktur və nəqliyyat sisteminin bərpası həm vaxt, həm də milyardlarla dollar vəsait tələb edir”.
Beynəlxalq Enerji Agentliyi hesab edir ki, İranın Yaxın Şərq ölkələrinin enerji infrastrukturunu raket zərbəsinə tutması Avropa və Asiyada enerji böhranı yaradıb. Bu isə dünya iqtisadiyyatına böyük zərbə vurur. Agentlik qazın qiymətinin artmasını ərzaq çatışmazlığı yaradacaq qədər təhlükəli hesab edir.
“Pickering Energy Partners” investisiya fondunun analitiki Den Pikerinqin sözlərinə görə, qazın qiyməti o qədər yüksələ bilər ki, insanlar ondan istifadəni dayandıracaq və bu da milli iqtisadiyyatlarda durğunluğa səbəb olacaq. Onun fikrincə, təbii qaz hasil edən ölkələr dünya bazarına daha çox qaz ixrac etməyə çalışacaqlar.
Hazırda ABŞ dünya bazarına gündəlik 430 milyon kubmetr LNG çıxarsa da, bu, bazarın tələbatını ödəmir.
Niderlandın TTF habında qazın 1 kubmetrinin qiyməti 800 dollar ətrafında cərəyan edir ki, bu da çox yüksək qiymətdir.