Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl iştirakçılar Akademiyada yerləşən “Heydər Əliyev guşəsi”ni ziyarət edib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.
Döyüş Bayrağının mərasim yerinə gətirilməsindən sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin sərhəd mühafizəsi sisteminin davamlı inkişaf etdiyini, DSX Akademiyasında isə peşəkar və hərtərəfli hazırlığa malik zabit kadrlarının yetişdirilməsi üçün zəruri şəraitin yaradıldığını, bu sahəyə daim böyük önəm verildiyini vurğulayıblar.
Bildirilib ki, Akademiyanın magistratura pilləsinin məzunları təhsil müddəti ərzində nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnərək peşəkar sərhədçi zabit kimi formalaşıb, dövlət sərhədlərinin etibarlı mühafizəsi işinə öz töhfələrini verməyə hazır olduqlarını nümayiş etdiriblər.
Çıxışlardan sonra magistratura pilləsini müvəffəqiyyətlə başa vuran 7 məzuna diplomları təqdim olunub. Onlardan 5 nəfəri tədrisi fərqlənmə ilə bitirərək yüksək hazırlıq səviyyəsi göstəriblər.
Məzunlar göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərinin keşiyində şərəflə dayanacaqlarına əminlik ifadə ediblər.