"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!"
Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi münasibətilə 8 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətini sevinc və qürur dolu bu sözlərlə bitirmişdi.
Müraciətdə həmçinin Azərbaycan Prezidentinin Qarabağın gözü sayılan Şuşaya verdiyi dəyər də əksini tapmışdır:
"Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.
Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir".
Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi bütün vədlər kimi, bu vədini də şərəflə, ləyaqətlə yerinə yetirdi!
Özünün qurduğu ordu ilə Şuşanı düşmən işğalından azad edərək göstərdiyi möcüzələri bərpa və quruculuq meydanında yenidən təkrar etdi.
Murdar düşmən tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilən bu şəhər çox qısa bir müddətdə yenidən tikilib qurularaq əvvəlkindən də gözəl olur.
Müharibədən sonrakı Şuşanı görənlər bu gün yenidən oraya qayıdanda heyrət, təəccüb və vurğunluqlarını gizlədə bilmirlər.
İstər Azərbaycan vətəndaşı olsun, istərsə də əcnəbi qonaq.
Şuşa təkcə zahiri görkəmini dəyişməyib!..
Artıq dünyanın mədəniyyət mərkəzinə çevrilib!
Şuşa həm də bir-birindən maraqlı tarixi hadisələrin baş verdiyi məkandır.
Müharibə başa çatandan az sonra tarixlərə şahidlik etmiş bu şəhərdə dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan-Türkiyə qardaşlığının, əsrlərin sınağından şərəflə çıxmış dostluğun, doğmalığın artıq həm də strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalandı.
Şuşa ilə bağlı cənab İlham Əliyevin, habelə bir sıra beynəlxalq qurum və təşkilatların xüsusi qərarları da olmuşdur.
MƏSƏLƏN:
* Prezident İlham Əliyev 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib;
* 2021-ci ilin may ayında Milli Məclis "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun qəbul edib. Qanun Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir;
* Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan olunub;
* 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib;
* 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilib;
* 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" seçilib.
***
Azərbaycan Prezidenti cənab İlham Əliyev Şuşanı həm də beyin mərkəzinə çevirib.
Burada bir-birinin ardınca dünyada gedən proseslərin müzakirə olunduğu və dəyərləndirildiyi tədbirlər baş tutur, dünyanın görkəmli siyasi xadimləri, dövlət başçıları, beyin mərkəzlərinin nümayəndələri söz, fikir səsləndirir, baş verən hadisə və proseslərə yanaşma və münasibətlərini açıqlayırlar.
Şuşada keçirilməsi ənənəyə çevrilmiş bir sıra beynəlxalq tədbirlər də var.
Onlardan biri Şuşa Qlobal Media Forumudur.
Artıq dördüncü dəfədir ki, baş tutan bu tədbirə dünyanın hər tərəfindən, bütün dövlətlərdən insanlar toplaşır.
Əksəriyyəti jurnalistlərdən və siyasətçilərdən ibarət olan bu insanlar onları düşündürən, narahat edən, planetimizin bu günü və gələcəyi ilə bağlı suallarını Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə ünvanlayırlar.
Bir neçə saat davam edən belə görüşlərdə bütün sualları Azərbaycan Prezidenti cənab İlham Əliyev konkret fakt və rəqəmlər əsasında cavablandırır, özünün fikir və münasibətlərilə yanaşı, Azərbaycan dövlətinin mövqeyini ortaya qoyur.
İyulun 13-də açılışı olan IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuşdu.
Yeri gəlmişkən, budəfəki forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat iştirak edirdi.
Bir faktı da qeyd edək ki, son 4 ildə forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir.
***
Bəs görəsən Şuşa Qlobal Media Forumunu bu qədər maraqlı və cəlbedici edən nədir?
Şübhəsiz, cənab İlham Əliyevin suallara verdiyi, konkret faktlara, rəqəmlərə, tarixi hadisələrə söykənən dolğun və dəqiq cavabları, obyektiv və dərin qiymətləndirmələri və daim özünü doğruldan proqnozları.
Cənab İlham Əliyev isə artıq ənənəyə çevrilən forumun yaşarlılığını, qarşısında duran vəzifələri belə dəyərləndirir:
"Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il forumun mövzusu, sadəcə, cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir".
***
Şuşa Qlobal Media Forumunda cənab İlham Əliyevə ünvanlanan sualları şərti olaraq iki qrupa ayırmaq olar:
Birincisi, ölkənin daxili həyatı, Azərbaycanın reallaşdırdığı layihələr, digər dövlətlərlə əməkdaşlıq və dünyaya verdiyi töhfələr;
İkincisi, müasir dünyada gedən ziddiyyətli proseslər, Azərbaycanın həmin proseslərdə iştirakı və mövqeyi, beynəlxalq qurum və təşkilatlarla bağlı problemlər, habelə Azərbaycanın atdığı addımlar, ayrı-ayrı dövlətlər və siyasətçilər barədə verilən sualların cavablandırılması və digər məsələlər.
Bəs Azərbaycan Prezidenti İlham Əliyevin cavabları mətbuat nümayəndələri və forumun iştirakçıları üçün niyə bu qədər maraq doğurur?
Belə bir suala da cavab verməyə çalışaq.
Əvvəla, bu, cənab Prezidentin şəxsiyyəti ilə bağlıdır.
* İlham Əliyev son 80 ildə dünyanın heç bir dövlət başçısının bacarmadığı möhtəşəm hərbi qələbəyə nail olmuşdir!
* İlham Əliyev 30 illik işğala və ikiəsrlik Qarabağ münaqişəsinə "dəmir yumruğ"u ilə son qoymuş, Azərbaycanı qalib dövlətə çevirmişdir!
* İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmişdir!
* İlham Əliyev Azərbaycanı həm də ərazisində bir nəfər də olsun separatçı və əcnəbi əsgər olmayan ölkəyə çevirmişdir!
* İlham Əliyev II Qarabağ müharibəsini tam və qəti qələbə ilə başa çatdırdıqdan sonra qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etmişdir.
* İlham Əliyev bu gün dünyanın ən çox qəbul edilən, hörmətlə qarşılanan, beynəlxalq tədbirlərə həvəslə dəvət olunaraq çıxışına şərait yaradılan siyasi liderlərindəndir!
* İlham Əliyev dünyaya böyük fayda gətirən transmilli layihələr müəllifidir, bu gün bir çox dövlətin ciddi ehtiyac duyduğu Orta dəhlizin yaradıcılarındandır!
İkincisi, indiyədək cənab İlham Əliyevin verdiyi bir çox proqnoz özünü tamamilə doğrultmuş, Azərbaycan dünyada ən etibarlı tərəfdaş, İlham Əliyev isə sözü ilə imzası bir olan dövlət rəhbəri kimi hörmət qazanmışdır.
***
Onu da deyək ki, forumda verilən suallarla bağlı heç bir məhdudiyyət yox idi.
İrəlicədən adı siyahıya düşmüş şəxs mikrofonu götürərək sərbəst şəkildə sualını səsləndirirdi.
Odur ki, üç saatadək davam edən forumda təkcə Azərbaycanla bağlı deyil, dünyada gedən proseslər, baş verən hadisələr barədə suallar səsləndirildi.
Azərbaycanın Avropa İttifaqı, Avropa Komissiyası, AŞPA ilə münasibətlərinə, əlaqələrin gələcəyi ilə bağlı məsələlərə toxunuldu.
Bir yazıda bütün bunların hamısı barədə danışmaq mümkünsüzdür. Odur ki, biz bəzi məqamlardan söhbət açacağıq.
***
Bu gün dünya kataklizmlər içərisindədir.
Bir tərəfdən zəlzələlər, sunamilər, selbasmalar və meşə yanğınları, digər tərəfdən isə dağıdıcı müharibələr...
Müharibələr təkcə çoxsaylı insan tələfatına səbəb olmur, həm də dünya iqtisadiyyatına mənfi təsir göstərir, sosial problemlərə, o cümlədən qiymət artımına gətirib çıxarır.
Hörmüz boğazında baş verən proseslərin neftin qiymətinin qalxmasına, Rusiya-Ukrayna müharibəsinin isə yanacaq qıtlığı yaratmasına səbəb olduğunu xatırlatmaq kifayətdir.
Təbii ki, böyük müharibə təcrübəsi olan cənab İlham Əliyevə bu mövzuda da suallar verilməli idi və verildi də!
İlham Əliyevin cavablarında isə həm də Azərbaycanın daim sülh istəyində olduğu öz əksini tapırdı:
"Əlbəttə, biz istərdik ki, cənubumuzda da, şimalımızda da mümkün qədər tez sülh bərqərar olsun. Lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüquqa əsaslanmalı, hər hansı bir tərəfin ambisiyaları və ya gündəliyi üzərində qurulmamalıdır. Beynəlxalq hüquq istənilən sülh üçün universal platformadır".
"Sülh nail olunmalı olan ən ali məqsəddir. Buna görə də hesab edirəm ki, burada çoxlu psixoloji və emosional amillər, cavab vermək, qisas almaq istəyi olacaq. Mənim qonşularımıza mesajım məsuliyyətli olmaq, mümkün qədər tez dayanmaq, münasibətləri normallaşdırmağa çalışmaq və bu prosesi qlobal münaqişəyə çevriləcək səviyyəyədək eskalasiya etdirməməkdir. Bu, çox böyük təhlükədir və mən hər kəsi məsuliyyətli olmağa çağırıram".
***
Dünyanı ən çox maraqlandıran məsələlərdən biri BMT-nin gələcəyi, onun dövlətlərə təsir gücünün artırılması, bu ali qurumda islahatların nə vaxt və necə keçiriləcəyi ilə bağlıdır.
Cənab İlham Əliyev həm BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi dövründə iclasa rəhbərlik edərkən, həm də müxtəlif məqamlarda artıq BMT-də islahatların vaxtının çatdığını dəfələrlə söyləmişdir.
Bu dəfə də sualı cavabsız qoymadı və öz təkliflərini açıq şəkildə səsləndirdi:
"Bildiyiniz kimi, islahatlarla bağlı bu məsələ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında vaxtaşırı müzakirə olunur. Lakin indiyədək hər hansı nəzərəçarpacaq irəliləyiş əldə edilməyib. Azərbaycanın bu məsələ ilə bağlı öz mövqeyi var və olub. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə biz Təhlükəsizlik Şurasında islahatlarla bağlı öz təklifimizi irəli sürmüşük. Çünki hesab edirik ki, bu islahat inklüziv və təmsilçilik prinsipinə əsaslanmalıdır".
"Biz bilirik ki, bəzi ölkələr Təhlükəsizlik Şurasına üzv olmaq istəyirlər. Lakin əgər nə vaxtsa islahat həyata keçirilərsə, onda nə üçün digərinin deyil, məhz bu ölkənin üzv seçilməli olduğunu müəyyən edən meyarların tapılması olduqca çətin olacaq. Nə əhalinin sayı, nə də iqtisadi potensial belə meyar ola bilməz. Ona görə də bizim təklifimiz ilk növbədə inklüzivlik prinsipinə əsaslanır. Bu, rotasiya prinsipi ilə həyata keçirilə bilər. Necə ki hazırda Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti rotasiya prinsipi əsasında seçilir. Lakin bu halda həmin yer veto hüququna malik olmalıdır.
Bu, mütləq baş verməlidir. Əks təqdirdə Birləşmiş Millətlər Təşkilatı öz nüfuzunu, potensialını və təsir imkanlarını itirməkdə davam edəcək, münaqişələrin həlli və beynəlxalq münasibətlərin tənzimlənməsi sahəsində digər güc mərkəzlərinin kölgəsində qalacaq".
***
Ən çox diqqət çəkən məsələlərdən biri Azərbaycan ilə ABŞ arasındakı münasibətlər oldu.
Məlumdur ki, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan keçmiş Minsk qrupunun həmsədr dövlətlərindən biridir.
Eyni zamanda ABŞ-də güclü erməni diasporu və lobbisi fəaliyyət göstərir.
Odur ki, işğalın davam etdiyi dövrdə ABŞ nəinki güclü və söz sahibi olaraq münaqişənin həllinə töhfə verdi, əksinə, ədalətsiz addımlar atdı.
İşğalçı dövlət Ermənistan olduğu halda Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi.
Prezident Baydenin dövründə münasibətlərimiz daha da gərginləşdi.
Hazırda isə ABŞ-Azərbaycan əməkdaşlığı yeni dövrünü yaşayır və cənab İlham Əliyev bu barədə verilən sualı cavablandırarkən dedi:
"Prezident Trampın yanaşması isə tamamilə fərqli idi. O, sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakterini, baxışlarını və siyasətini əks etdirir.
Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu".
"Prezident Bayden senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün müəlliflərindən biri idi və onun regiona baxışı da məhz belə idi. Onun yanaşmasına görə, region parçalanmış, münaqişələr və qarşıdurmalar şəraitində qalmalı idi. Belə vəziyyətdə məqsədlərinə nail olmaq daha asan olurdu. Prezident Tramp isə tamamilə fərqli şəxsdir və fərqli baxışlara malikdir. O, sülhü arzulayır və sülhü yeni imkanlar yaradan bir amil kimi görür. Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib - TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq. Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Bizim buna böyük ehtiyacımız var. Eyni zamanda bu, Cənubi Qafqazda qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək".
***
Ukraynanın "Media Gordon Ukraine"in təsisçisi və jurnalist-bloqçu Dmitri Qordon ilə Azərbaycan Prezidenti arasında maraqlı mükalimə oldu.
"Hörmətli cənab Prezident, icazə verin, əvvəlcə milyonlarla ukraynalının adından Rusiyanın günahı ucbatından gözəl Ukraynanın məruz qaldığı qorxulu faciəyə göstərdiyiniz şəfqət və sırf insani münasibətə görə dost Azərbaycan xalqına və şəxsən Sizə minnətdarlığımı bildirim. Düz bir il əvvəl bu salonda Sizdən soruşdum: Ukraynaya nə məsləhət görərdiniz? Siz isə cavab verdiniz: "İşğalı heç vaxt qəbul etməyin". Bir il keçdi və çox şey dəyişdi".
Azərbaycan Prezidenti cənab İlham Əliyev:
"Fikrimcə, bu müharibəni dayandırmağın və həm də dərhal dayandırmağın lazım olduğu çoxdan başa düşülməli idi. Bu, Azərbaycanın mövqeyidir və mənim də sırf insani mövqeyimdir. Bu, işğal altında olan ərazilərini azad edən bir ölkəyə rəhbərlik edən və rəhbərlik etməkdə davam edən bir insanın mövqeyidir. Düşünürəm ki, bu təcrübə tarixdə olduqca nadirdir, çünki həm işğal, həm də kobud desək, Qarabağı təhvil verməyə məcbur etmək cəhdləri ilə bağlı təcrübəmiz var. Mən bunu dəfələrlə demişəm: ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi bu Minsk qrupu yalnız Qarabağı, yəni təkcə Qarabağı deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini deyil, həm də Laçın və Kəlbəcər rayonlarının bütün ərazisini əlimizdən alıb Ermənistana vermək istəyirdi ki, biz buna razı olaq. Bunun müqabilində bizə olduğumuz yerdən şərqə doğru beş rayonun qaytarılması vəd edilirdi. Amma nə mən, nə də Azərbaycanda heç kim buna razı olmazdı. Lakin bu, üç aparıcı ölkənin konsolidasiya olunmuş mövqeyi idi".
Daha bir maraqlı yanaşmanı isə qlobal kommunikasiya şirkəti "Yurovich Communications"ın baş icraçı direktoru, eyni zamanda Soxmet-Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri cənab Romen Yuroviç göstərdi:
"Mənim sualım bundan ibarətdir: Azərbaycanın torpağında, siyasi mədəniyyətində və rəhbərliyində mövcud olan nədir ki, o, ölkəyə ən mürəkkəb məsələlərin - bir-birinə etibar etməyən, lakin nədənsə Azərbaycana etibar edən ölkələrə təsir edən məsələlərin həlli üçün tanınmış beynəlxalq mərkəzə çevrilmək gücü verir?"
Cənab İlham Əliyev bu sualı da səmimiyyətlə cavablandırdı:
"Biz həmişə bacardığımız yerdə səmimiyyətlə kömək etmək istəmişik.
Bu, bir növ dövlətimizin davranış xəttidir və kifayət qədər dayanıqlı olub. Kömək etmək imkanı varsa, etməliyik. Əgər yoxdursa, yox deməliyik. Bir vaxtlar kömək etmək imkanımız yox idi, amma indi var - həm maddi, həm siyasi və həm də digər formalarda.
Buna görə də düşünürəm ki, etibar birinci yerdədir, məxfi məlumatların sızmayacağı və heç bir yerə sızmadığı - hər halda, sızsa belə bunun bizdən olmayacağı fikridir".
"İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub".
"İnsanlar bizə dürüstlüyümüzə və necə deyərlər, bizdə belə bir söz var - "ağzıbütöv" olmağımıza görə etibar edirlər - elədir? Bunu rus dilinə necə tərcümə edəcəyimi bilmirəm, elə deyilmi? Ağzına qıfıl vurmaq - eləmi? Düşünürəm ki, buna görə də bizə belə münasibət var".
***
Nəhayət, sualvermə növbəsi Azərbaycan jurnalisti Mirşahin Ağayevə çatdı:
"Mənim indi verəcəyim sual belə olacaq: Azərbaycan Respublikasının, yeganə qalib respublika olan Azərbaycanın, Prezident İlham Əliyevin, yeganə qalib Prezident İlham Əliyevin Şuşada, bax, bugünkü forumda bəşəriyyətə yeni tarixi dönəm üçün müraciəti və səslənişi".
Prezident İlham Əliyev azərbaycanlı jurnalistin fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, sualı özünəxas tərzdə - açıq və səmimiyyətlə cavablandırdı.
Verilən cavab - müraciətdən bir neçə məqama diqqət çəkirik:
"Ancaq özümüzə güvənməliyik və dövlətə güvənməliyik. Birlik heç vaxt sarsılmamalıdır. Nə üçün mən bunu deyirəm? Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq".
"Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün".
"Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan".
"Bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun".
***
Şuşada keçirilən daha bir beynəlxalq media forumu tarixə çevrildi.
Həm də yaddaşlarda yaşayan tarixə!
Bu tarix işğaldan azad olunduqdan sonra xarabalıqlar üzərində yenidən ucalan Şuşanın və külli-Qarabağın hər tərəfində yaşanır.
Bu tarixi 44 günlük Zəfər müharibəsində Azərbaycan xalqına şərəfli qələbə, Qarabağa və Şərqi Zəngəzura isə yeni intibah yaşadan İlham Əliyev yaradır! Dostlarımız hər dəfə bu diyara gələndə baş verən dəyişiklikləri görərək heyrət, sevinc və fərəhlərini gizlətmirlər.
Azərbaycan xalqı isə daim xilaskar oğlu, möcüzələr ustası İlham Əliyevlə sonsuz qürur və fərəh hissi duyur!
Şuşadan dünyaya baxanda isə İlham Əliyev möcüzələri daha aydın və parlaq görünür!
Bəxtiyar SADIQOV