Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya Respublikasının Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, qanunverici və elmi metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi və uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi tərəflər arasında keyfiyyət infrastrukturu sahəsində institusional əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
Sənədi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma və metrologiya sahələrində informasiya mübadiləsinin aparılması, həmçinin mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə birgə seminar, konfrans, elmi-texniki layihə və təlimlərin təşkili nəzərdə tutulur.
Sənəd, həmçinin metrologiya sahəsində kalibrləmə və ölçmə imkanlarının inkişafı məqsədilə akkreditasiya olunmuş və akkreditasiya prosesində olan laboratoriyaların sınaq səriştəlilik proqramlarında və beynəlxalq laboratoriyalararası müqayisələrdə iştirakının təşviqini, akkreditə olunmuş uyğunluğun qiymətləndirilməsi qurumlarının sınaq nəticələrinin qarşılıqlı tanınmasının asanlaşdırılmasını, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini ehtiva edir.