15 İyul 2026 08:00
516
SİYASƏT
A- A+
XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab


Həqiqətə söykənən informasiya siyasəti, əməkdaşlıq, etimad və sülh 


Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, bu şəhər artıq tarixi Zəfərimizin simvolu olmaqla yanaşı, həm də qlobal siyasi, informasiya və media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Bunu növbəti dəfə sübut edən "Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif regionlarından media rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini, analitikləri və ekspertləri yenə bir araya gətirmişdi.

Forumda 53 ölkədən 160 nümayəndə, 30 beynəlxalq xəbər agentliyi, 60-dan artıq media qurumu və 10 beynəlxalq təşkilat iştirak edirdi. Son dörd ildə isə bu platforma 81 ölkədən 600-ə yaxın media nümayəndəsini qəbul edib. Bu statistika Şuşa Forumunun beynəlxalq media təqvimində artıq nə qədər mühüm və özünəməxsus yer tutduğunu göstərir.

Forumun ən mühüm hissəsi Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı media nümayəndələrinin suallarını açıq formatda cavablandırması oldu. Bir neçə saat davam edən dialoq zamanı dövlətimızın başçısı Azərbaycanın xarici siyasəti, regional təhlükəsizlik, enerji diplomatiyası, ABŞ, Avropa İttifaqı, Türkiyə, Yaxın Şərq, Orta dəhliz, süni intellekt, media, qlobal geosiyasi proseslər və s. barədə ətraflı fikirlərini bölüşdü.


Həqiqətin nümayiş etdirildiyi beynəlxalq tribuna


Prezident İlham Əliyev forumun əhəmiyyətini izah edərkən qeyd etdi ki, əsas məqsəd müxtəlif ölkələrdən gələn media nümayəndələrinin Qarabağda aparılan bərpa-quruculuq işlərini öz gözləri ilə görməsi, reallığı olduğu kimi dünyaya çatdırmasıdır. Əgər ilk forumlarda iştirak edən qonaqlar dağıdılmış şəhərlərlə tanış olurdularsa, bu gün artıq yeni yaşayış məhəllələrini, məktəbləri, yolları və doğma torpaqlarına qayıdan sakinləri görürlər. Bu, Azərbaycanın uzun illər ərzində qarşılaşdığı dezinformasiyaya ən tutarlı cavablardandır. Qarabağ haqqında həqiqət artıq təkcə Azərbaycanın təqdim etdiyi məlumatlarla deyil, dünyanın nüfuzlu media qurumlarının öz müşahidələri ilə beynəlxalq auditoriyaya çatdırılır.

Forumda verilən ilk suallardan biri Azərbaycanın Avrasiya nəqliyyat sistemində rolu barədə oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan son onillikdə məqsədyönlü şəkildə fiziki infrastruktur yaradıb, qonşularla etibarlı münasibətlər qurub və bunun nəticəsində Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib.

Bu gün Yaxın Şərqdə və digər regionlarda baş verən böhranlar fonunda Azərbaycanın coğrafi mövqeyi strateji xarakter alıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, gəmiqayırma sənayesinin inkişafı, Orta dəhlizin gücləndirilməsi və Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin genişlənməsi ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır.

Azərbaycan Prezidenti bildirdi ki, hazırda biz öz imkanlarımızı artırırıq: "Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq. Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir".

Bu yanaşma Azərbaycanın artıq yalnız enerji ixrac edən dövlət deyil, həm də Avrasiyanın logistika və kommunikasiya qovşaqlarından biri kimi çıxış etdiyini göstərir.


Regional sabitliyin əsas dayağı


Azərbaycan-Türkiyə münasibətlərinə dair suala cavabında Azərbaycan Prezidenti ölkələrimiz arasındakı münasibətləri dünyada analoqu olmayan əməkdaşlıq modeli kimi xarakterizə etdi. 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi münasibətləri keyfiyyətcə yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəldib. Türkiyə və Azərbaycan bu gün yalnız dost və qardaş deyil, həm də bir-birinin təhlükəsizliyinə zəmanət verən strateji müttəfiqlərdir. Prezident bu modeli region ölkələri üçün nümunə kimi qiymətləndirdi. "Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır..."

Forumda Avropa İttifaqı ilə münasibətlər də geniş müzakirə olundu. Prezident İlham Əliyev bildirdi ki, əvvəlki Avropa Komissiyası dövründə münasibətlərdə müəyyən problemlər yaşansa da, təzə rəhbərliklə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu il Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri bunun göstəricisidir.

Eyni zamanda Prezident Avropa Şurası Parlament Assambleyası ilə bağlı Azərbaycanın mövqeyini ətraflı izah etdi. Vurğuladı ki, Azərbaycanın nümayəndə heyətinə qarşı tətbiq olunan məhdudiyyətlər ədalətsiz idi və münasibətlərin normallaşması üçün ilk addımı məhz həmin təşkilat atmalıdır: "İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq.

Lakin Avropa Şurasının baş katibi cənab Alen Berse mənə yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın və mən bunu hələlik dayandırdım. Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir". 

Cənab İlham Əliyev söylədi ki, AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir. "Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!"

Dövlətimizin başçısı onu da qeyd etdi ki, biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. "Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir", - deyə Prezident İlham Əliyev bildirdi.


ABŞ ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib


Forumun ən diqqətçəkən mövzularından biri isə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı oldu. Cənab İlham Əliyev 907-ci düzəlişin artıq tamamilə köhnəldiyini bildirərək onun tam ləğvinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan artıq Ermənistanla bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb, hətta bu ölkəyə enerji məhsullarının ixracına başlayıb və belə şəraitdə həmin düzəlişin saxlanılması məntiqsizdir.

Prezident ABŞ lideri Donald Tramp administrasiyası ilə münasibətləri tarixdə ən yüksək səviyyə kimi qiymətləndirdi. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması, iqtisadiyyat, rəqəmsal transformasiya, enerji təhlükəsizliyi və müdafiə sahələrində yaradılan birgə işçi qrupları iki ölkə arasında münasibətlərin yeni mərhələsini formalaşdırır. Bu gün Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal işləyir.

Hazırda Azərbaycan "orta güc" mövqeyinə malikdir və belə bir anlayış yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Bura milli maraqları qorumaq, hərbi gücə malik olmaq, regional proseslərə təsir göstərmək, beynəlxalq gündəliyin formalaşmasına töhfə vermək, məsuliyyətli siyasət yürütmək daxildir. Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi imkanları artıq bu statusu əsaslandırır. Dövlətimizin başçısı dedi: "Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir".

Verilən suallarda enerji təhlükəsizliyi məsələləri də xüsusi yer tutdu. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan artıq boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz ixrac edir və onların 14-ü Avropa dövlətidir. Almaniya və Avstriyanın da bu sıraya qoşulması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır. Bundan əlavə, 2032-ci ilə qədər ölkədə 8 giqavat bərpaolunan enerji istehsalı planlaşdırılır. Bu isə daxili qaz istehlakını azaltmaqla ixrac imkanlarını daha da genişləndirəcək. Sual-cavabda həmçinin Avropa ilə uzunmüddətli müqavilələrin və yeni qaz nəqli infrastrukturunun yaradılmasının vacibliyi vurğulandı.


Regional sülh və əməkdaşlıq Azərbaycanın əsas çağırışlarıdır


Tədbir zamanı Azərbaycan Prezidenti ölkəmizin bütün qonşularla sülh şəraitində yaşamaq istəyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan 30 il müharibə yaşamış ölkə kimi sülhün qiymətini yaxşı bilir. Onun sözlərinə görə, istənilən münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalıdır və silahlı qarşıdurmalar vaxtında dayandırılmalıdır.

Prezident İlham Əliyevin forumda Azərbaycan xalqına müraciətləri də səsləndi.  Dövlətimizin başçısı dedi ki, işğal dövründə müraciətim keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında ondan ibarət idi ki, onlar ümidlərini itirməsinlər: "Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan", - deyə Prezident İlham Əliyev vurğuladı.

Forumun əsas mövzusu olan medianın rolu da ölkə liderinin suallara cavablarında xüsusi yer tutdu. Dövlətimizin başçısı bildirdi ki, informasiya müharibələrinin geniş vüsət aldığı dövrdə media yalnız xəbərləri çatdırmaqla kifayətlənməməli, həqiqətin bərpasına, etimadın yaradılmasına və xalqlar arasında dialoqun inkişafına xidmət etməlidir. Bu baxımdan Şuşa Qlobal Media Forumu müxtəlif baxışların müzakirə olunduğu, qarşılıqlı etimadın möhkəmləndiyi, ən mühümü isə həqiqətlərin axtarıldığı beynəlxalq platforma kimi də son dərəcə əhəmiyyətlidir. 

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumu çərçivəsində suallara verdiyi əhatəli cavablar Azərbaycanın xarici siyasət prioritetlərini, regional liderlik iddialarını, enerji və nəqliyyat strategiyasını, sülh gündəliyini və beynəlxalq münasibətlərə baxışını bir daha aydın şəkildə ortaya qoydu. Ölkə rəhbərinin irəli sürdüyü tezislər göstərdi ki, Azərbaycan yeni geosiyasi reallıqlarda təkcə regionun deyil, Avrasiya məkanının əsas aktorlarından biri kimi çıxış edir.

Şuşadan dünyaya ünvanlanan mesaj aydındır: həqiqətə söykənən informasiya siyasəti, beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və sülh XXI əsrin ən mühüm çağırışlarına verilə biləcək ən doğru cavabdır. Məhz buna görə IV Şuşa Qlobal Media Forumu Azərbaycanın qlobal dialoq və əməkdaşlıq strategiyasının növbəti mühüm mərhələsi kimi tarixə düşəcək.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Milli Məclisdə olub

18:55
15 İyul

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:16
15 İyul

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

17:58
15 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:43
15 İyul

Əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

17:31
15 İyul

Yarım ildə ölkədə 65,2 milyard manatlıq ÜDM istehsal edilib

17:13
15 İyul

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb

16:48
15 İyul

DSMF: Birinci yarımildə 1 milyondan çox şəxsə 1,1 milyard manatdan çox müavinət və təqaüd ödənilib

16:37
15 İyul

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiyanın Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi anlaşma memorandumu imzalayıb

16:34
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

16:17
15 İyul

Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

16:02
15 İyul

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

15:53
15 İyul

XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib

15:49
15 İyul

DSX Akademiyasının magistratura pilləsini 5 nəfər fərqlənmə diplomu ilə bitirib

15:41
15 İyul

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

15:29
15 İyul

Baş nazir Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

15:21
15 İyul

Vəkillər Kollegiyası: Bir vəkil xaric edilib, bir vəkilə xəbərdarlıq olunub

15:14
15 İyul

Türk dövlətləri imtahan və qiymətləndirmə sahəsində əməkdaşlığı genişləndirirlər

15:06
15 İyul

Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb - operativ məlumat

14:17
15 İyul

Azərbaycanın “orta güc”ə çevrilməsinin əsas meyarları

14:15
15 İyul

Slovakiya mediası Prezident Peter Pelleqrinin Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb

14:14
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!