15 İyul 2026 08:55
406
CƏMİYYƏT
A- A+
Qaraqayada Sahib zirvəsi

Qaraqayada Sahib zirvəsi


Hər il  məktəblilərin yay tətili başlanan kimi atasından xahiş edərdi ki, onu kəndə əmisigilə yola salsın. Bütün yay boyu dupduru suları dağlardan süzülüb gələn Axınca çayında üzərək möhkəmlənər, Əyri dərənin kəklikotusunun, yarpızının rayihəsini ciyərlərinə çəkər, böyürtkən, moruq kollarından əlləri ilə dərib yediyi meyvələrlə qarşıdakı qışın şaxtasından, soyuqdəyməsindən sığortalanardı...

Bəzən kənd uşaqları ilə dağa-daşa dırmaşaraq  yorulanda,  lalələrdən sanki xalı şərmiş yamaca uzananda baxışları Qaraqayanın, Dolmatlının, Genqüzeyin zirvələrinə yönələrdi. Ən çox da qəlbi Qaraqaya dağının başına pərvazlanardı. Bir dəfə dostlarından kimsə zarafat elədi: "Alpinist olsaydın, çatdığın zirvəyə Sahib adı verərdik". Hamı güldü. Çünki  haqqında danışacağımız igidin adı Sahib idi.

Haqverdi kişi ailəsinin sonbeşiyinə bu adı min arzu-kamla vermişdi. Düşünmüşdü ki, digər övladları pərvazlanıb ev-eşik yiyəsi olandan sonra ata ocağına yurdçu kimi kiçik oğlu sahiblik edəcək. Bəlkə də heç ağlına gətirməmişdi ki, oğlunun qəlbində daha böyük və müqəddəs bir hiss - vətəninə, torpağına sahiblik hissi kök atacaq. Məqamı gələndə - yurda yağı basqın edəndə isə bu hisslə döyüşə atılacaq, onu qarşıda ölüm gözlədiyini bilə-bilə geriyə dönməyəcək...

Sahib özündən yaşca böyük olan üç bacısı və üç qardaşı kimi Bakının Binəqədi rayonundakı 115 nömrəli orta məktəbdə oxuyurdu. Ailə Bakıda yaşayırdı, soykökü isə Tovuz rayonunun Ağdam kəndindən idi. Sahib bu ata-baba kəndini çox sevirdi. Amma burada xoşuna gəlməyən bir məqam da var idi. Ağdam sərhəd kəndi olduğundan buraya ermənilər tez-tez gələrdi. Xüsusilə yay vaxtı bağ-bostanın tör-töküntülərini yığıb aparardılar. Özlərini çox mehriban göstərməyə çalışsalar da, Sahib hələ uşaqkən onların sifətindəki yaltaqlıq və riyakarlığı aydın görərdi...

Sahib Hüseynov orta təhsilini başa çatdırandan sonra Bakıdakı 25 nömrəli  texniki-peşə məktəbində oxudu. Təmirçi-çilingər peşəsinə yiyələndi. 1989-cu ildə onu keçmiş sovet ordusu sıralarına xidmətə çağırdılar. İki il Polşada xidmət etdikdən sonra Bakıya qayıtdı.

...1991-ci ilin sonu idi. Atası əsgəri xidmətini başa çatdırıb evə dönmüş Sahib üçün münasib iş yeri axtarırdı. O isə yenidən əsgər olmaq qərarına gəlmişdi. Bu dəfə öz yurdunun əsgəri olmaq, doğma Azərbaycanını müdafiə etmək istəyirdi. Anası Pərizal xanım oğlunun fikrini biləndə çox narahat oldu. Axı ananın gözü yollardan təzəcə yığılmışdı. 

- Narahat olma, ana, uzağa getmirəm. Xahiş etmişəm ki, məni Tovuza göndərsinlər, öz kəndimizə, - dedi.

1992-ci ilin fevralında Sahib könüllü olaraq ata-baba yurdunun imdadına tələsdi. Çətin vaxtlar idi. Düşmən dağların qoynuna sığınmış bu kəndə, onun əkin-biçinlə, heyvandarlıqla, quşçuluqla məşğul olan dinc sakinlərinə rahatlıq vermirdi. Məqsəd insanları bu gözəl məkandan pərən-pərən salmaq idi, amma onlarla bacara bilmirdi. Kənd vuruşur, şəhid verir, cavanlar canından-qanından keçir, camaat mərdliklə dözüb dayanırdı.

Sahib Ağdam kəndinə, bax, belə bir dövrdə gəlmişdi. Kəndi qoruyan igidlərlə birlikdə dağlara çəkilmişdi. Komandirlərinin tapşırıqlarını həmişə ləyaqətlə yerinə yetirirdi. Neçə dəfə düşmənlə göz-gözə dayanmış, qeyrətlə döyüşmüşdü.

1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunanda Sahib artıq iki ildən çox idi ki, doğma torpağın müdafiəsində dayanmışdı. Yenə də dağlardan kəndə keşik çəkirdilər. 

Artıq 1994-cü ilin ortaları idi. Komandiri iyulun 14-də Sahibin ad günü olduğunu eşidib o ərəfədə onu yaxınlıqda yaşayan əmisi Teymur kişigilə  göndərir. Bu icazə Sahibə, əlbəttə ki, mərd döyüşçü olduğu üçün verilir.

Əmisinin evinə çatar-çatmaz yolda atəş səsləri eşidən Sahib ayaq saxlayır. Ürəyində "namərdlər atəşkəsi pozdular", - deyir və dərhal geriyə dönməyi qərara alır. Döyüşə atılır... və bu onun son döyüşü olur.

Sahib bu ali məqama elə zirvədə, kəndi əhatə edən dağlardan birinin - Qaraqayanın başında  çatır. Bir vaxtlar ətəyində dayanıb zirvəsinə həsrətlə baxdığı Qaraqayanın…

İllər keçsə də, Vətən öz igid övladını unutmur. Prezident İlham Əliyevin 24 iyun 2010-cu il tarixli sərəncamı ilə Sahib Hüseynov "Hərbi xidmətlərə görə" medalına layiq görülüb. Bakının Rəsulzadə qəsəbəsində Sahib Hüseynov küçəsi   var. 

23 yaşı tamam olan gün əbədiyyətə qovuşan şəhidimiz yaşasaydı, indi 55 yaşını qeyd edərdi. Doğmaları, dostları, döyüş yoldaşları, həmkəndliləri bu günü unutmayıblar. Sahib Hüseynovun eyni zamanda şəhidliyinin 32 ili tamam olur.

32 il. Bu illər ərzində Sahibin vuruşduğu yerlərdə nələr oldu, igidlər düşmənlə neçə döyüşə atıldı, neçə oğul həyatından, neçəsi sağlamlığından keçdi... 2020-ci ilin məlum Tovuz hadisələri də məhz bu məkanda baş vermişdi.  Xalqımızın ən yeni tarixinin qəhrəmanlıqlarından biri bu dağlarda göstərilmişdi. 

Tovuzun Ağdam kəndinin Şəhidlər xiyabanında 1990-cı illərin əvvəlində yurdun müdafiəsinə qalxan igidlərlə yanaşı, 2020-ci ilin iyul hadisələrində və 44 günlük Vətən müharibəsində fədakarlıq göstərən oğullar uyuyur. 32 il əvvəl Sahibin də son mənzilinin uğrunda həyatından keçdiyi kənddə olmasına camaat özü qərar vermişdi. Bura kənd sakinlərinin hər gün gül-çiçəyə qərq etdiyi qürur yeridir.   


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Milli Məclisdə olub

18:55
15 İyul

Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

18:16
15 İyul

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

17:58
15 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:43
15 İyul

Əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

17:31
15 İyul

Yarım ildə ölkədə 65,2 milyard manatlıq ÜDM istehsal edilib

17:13
15 İyul

Slovakiya Milli Bankı ilə institusional əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb

16:48
15 İyul

DSMF: Birinci yarımildə 1 milyondan çox şəxsə 1,1 milyard manatdan çox müavinət və təqaüd ödənilib

16:37
15 İyul

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiyanın Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi anlaşma memorandumu imzalayıb

16:34
15 İyul

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

16:17
15 İyul

Bakı OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclasına ev sahibliyi edib

16:02
15 İyul

Qazaxıstanla Azərbaycan arasında ticarət həcmi 5 ay ərzində 150 milyon dolları keçib

15:53
15 İyul

XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib

15:49
15 İyul

DSX Akademiyasının magistratura pilləsini 5 nəfər fərqlənmə diplomu ilə bitirib

15:41
15 İyul

Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb

15:29
15 İyul

Baş nazir Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

15:21
15 İyul

Vəkillər Kollegiyası: Bir vəkil xaric edilib, bir vəkilə xəbərdarlıq olunub

15:14
15 İyul

Türk dövlətləri imtahan və qiymətləndirmə sahəsində əməkdaşlığı genişləndirirlər

15:06
15 İyul

Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb - operativ məlumat

14:17
15 İyul

Azərbaycanın “orta güc”ə çevrilməsinin əsas meyarları

14:15
15 İyul

Slovakiya mediası Prezident Peter Pelleqrinin Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb

14:14
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!