05 Oktyabr 2025 08:10
1161
SİYASƏT
A- A+
Dövlətin fəaliyyətini tənzimləyən Əsas Qanun

Dövlətin fəaliyyətini tənzimləyən Əsas Qanun


Hər bir ölkənin konstitusiyası xalqın hüquqlarını qoruyan, dövlətin fəaliyyətini tənzimləyən və ədalətli cəmiyyətin qurulmasına təminat yaradan ən ali sənəd - Əsas Qanundur. Onun xalqın gündəlik həyatında, cəmiyyətin strateji varlığında əhəmiyyəti çox böyükdür. Bu qanun dövlətin əsas hüquqi təməlini təşkil edir. 

Müstəqil dövlət qədər ədalətli cəmiyyətin əsas istinad yeri kimi konstitusiyaya da malik olmaq istənilən xalq üçün tarixin və taleyin çox böyük hadisəsidir. 


Xalqın və dövlətin maraqlarını qoruyan ali sənəd


Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın iradəsinin ifadəsi kimi onun suverenliyini, dövlətin necə idarə olunduğunu müəyyənləşdirir. Yəni dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu təsdiqləyir. Əsas Qanunumuz hüquq və azadlıqların əsas təminatçısıdır. Hər bir Azərbaycan vətəndaşının hüquqları və azadlıqları konstitusiyada təsbit olunur, bu, insanları xaosdan, anarxiyadan, özbaşınalıqdan qoruyur. 

Əsas Qanunumuz ölkənin idarəçilik qaydalarını tənzimləyir, dövlət hakimiyyətinin qanunverici, icraedici və məhkəmə hakimiyyəti qolları üzrə bölünməsini təsbit edir, onların qarşılıqlı münasibətlərini, aralarındakı balansı formalaşdırır. 

İstənilən ölkədə konstitusiya sabotaj və ədalətsizliyə qarşı etibarlı müdafiəçidir. O, hüquqi əsas olduğuna görə, heç bir qanun və ya qərar bu sənədin müddəalarına zidd ola bilməz, bu da xalqın maraqlarını mühafizə edir. 

Əsas Qanunumuz həmçinin milli birliyin və sabitliyin təməlidir. O, dövlətin quruluşunu, ərazi bütövlüyünü, vətəndaşların bərabərliyini təsdiqləməklə, cəmiyyətdə həmrəyliyi və sabit, dayanıqlı inkişafı möhkəmləndirir. Eyni zamanda gələcək üçün hüquqi təməl yaradır. İctimai, siyasi və iqtisadi islahatlar konstitusiyanın prinsiplərinə əsaslanır. Bu isə xalqın rifahına və dövlətin tərəqqisinə zəmanət verir.

Əsas Qanunumuz suverenliyi həm xalqın, həm də dövlətin əsas prinsipi kimi müəyyənləşdirir. Xalqın suverenliyi vətəndaşların iradəsi və seçki hüququ ilə ifadə olunur. Dövlət suverenliyi isə müstəqillik, ərazi bütövlüyü və beynəlxalq aləmdə bərabərhüquqlu mövqedə olmaqla təmin edilir.


Dövlətin əsas prinsipi


Hər bir ölkə suverenliyə, müstəqil dövlətini quraraq inkişaf etdirməyə can atır. Tarix boyu bu nailiyyət çox az xalqlara nəsib olub. İndi biz qürur duyuruq ki, dünyanın müstəqil dövlətə malik xalqları sırasında Azərbaycan xalqı da var. Ötən əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik respublikası kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra itirilmiş müstəqilliyimizi əsrin sonuna doğru bərpa etdik. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində Azərbaycan inkişaf yollarında irəliləyərək böyük uğurlara nail oldu. Ulu Öndərin strateji inkişaf kursunu əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürütdüyü məqsədyönlü daxili və xarici siyasətlə, reallaşdırdığı proqramlarla ölkəmizi dövrün ən qüdrətli mərhələsinə yetirdi.

Əsas Qanunumuzda aydın şəkildə göstərilir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. O, öz suveren hüquqlarını ümumxalq səsverməsi, yəni referendumlar, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Suverenlik ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə və normalarına uyğun reallaşdıra bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır.  Konstitusiyanın ikinci maddəsində deyilir: "Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur". 

Xalqımızın suverenliyi Azərbaycanın demokratik dövlət quruluşunun bünövrəsidir. Dövlət hakimiyyətinin bütün qolları (qanunverici, icra və məhkəmə) xalqın adından fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq münasibətlərdəki mövqeyi xalqın ümumi iradəsini əks etdirir və göstərir ki, dövlət məhz xalq üçün mövcuddur, xalq isə dövlətin sahibi və ali hakimiyyətin daşıyıcısıdır.

 

Ən böyük tarixi nailiyyət


1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi əsasında qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması respublikanın əsas məqsədlərindən biri kimi təsbit olunmuşdur. Bununla belə o dönəmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin təqribən 20 faizi uzun müddət - 30 ilə yaxın işğal altında qalmış, bununla da dövlətin suveren hüquqlarının həmin bölgələrdə tətbiqi mümkün olmamışdır. Ərazi bütövlüyü - dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipidir. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində müvafiq şəkildə əks olunub. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur.

Ermənistan Respublikası isə 1990-cı illərin əvvəllərindən başlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. 

Azərbaycan uzun illər sülh danışıqlarına sadiqlik göstərərək məsələnin dinc yolla, insan itkilərinə yol vermədən həllinə çalışsa da, buna müyəssər olmamışdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması barədə 4 qətnaməsi havadan asılı qalmışdı.

 Ermənistanın işğal siyasətinin dayandırılması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın milli ideyasının mərkəzi hədəfinə çevrilmiş, bu istiqamətdə cəmiyyətin bütün potensialı və resursları səfərbər edilmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə, həmçinin 2023-cü ildə həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində respublikanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün bölgələrimizdə təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə 20 sentyabr tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir. Uzun illərin haqq mübarizəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi xalqımızın, dövlətimizin son əsrlərdəki ən böyük tarixi nailiyyətidir. 


Böyük hədəflərə doğru


Müasir mərhələdə Azərbaycan Respublikası milli maraqları rəhbər prinsip kimi qəbul edərək, formalaşmış yeni geosiyasi reallıqlar fonunda müstəqil siyasətini daha prinsipial və qətiyyətli şəkildə davam etdirir. Dövlət konstitusiyanın müddəalarına və suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji məqsədlərin reallaşdırılması istiqamətində ardıcıl və inamlı addımlarla irəliləyir. Cəmiyyətimizdə milli həmrəylik daha da güclənərək sarsılmaz şəkil alır. Eyni zamanda vətəndaş-dövlət münasibətləri möhkəmlənir, hər bir insanın məsuliyyəti artır, Ana Qanunda müəyyən edilmiş hüquq və vəzifələrlə bağlı maarifçilik səviyyəsi yüksəlir. 

Bütün bunlar ölkəmizin öz strateji hədəflərinə çatması üçün çox mühümdür. Çünki hər bir dövlətin nailiyyətləri bir çox amillərlə yanaşı, həmçinin vətəndaşların məsuliyyətli davranışından, dövlətçilik dəyərlərinə, konstitusiyaya və qanunlara hörmətindən, Vətənə sədaqətindən çox asılıdır.

Konstitusion vəzifələr yalnız dövlətin maraqlarını deyil, həm də cəmiyyətin və hər bir fərdin təhlükəsizliyini, rifahını, gələcəyini qorumağa xidmət edir. Onlar vətəndaşların hüquqları ilə qarşılıqlı balans yaradır. Hüququn olduğu hər məqamda onun təminatı üçün vəzifə də müəyyənləşdirilir. 

Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların bütün istiqamətlər üzrə geniş hüquqları kimi əsas vəzifələri də təsbit olunmuşdur. Bu vəzifələr vətəndaşın dövlət, cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini ifadə edir.

Qanunlara riayət bu vəzifələrin ən mühümlərindəndir. Hər bir vətəndaş ölkə konstitusiyasına və qanunlarına əməl etməlidir. Bu, hüquqi dövlətin əsas prinsipidir. 

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı da hər bir vətəndaşımızın əsas vəzifələrindən biri kimi müəyyənləşdirir. İnsanlarımız Azərbaycanın dövlətçiliyinə hörmət etməli, onun müstəqilliyini və sərhədlərinin toxunulmazlığını müdafiə etməlidirlər. Vətəni müdafiə etmək Azərbaycan vətəndaşlarının konstitusion vəzifələrinə daxildir. Onlar dövlətin təhlükəsizliyini qorumalı, lazım gəldikdə hərbi xidmətə cəlb olunmalıdırlar.

Ölkənin iqtisadi əsaslarının möhkəmləndirilməsi üçün vətəndaşlar müəyyən edilmiş qaydada vergiləri və digər dövlət ödənişlərini də həyata keçirməlidirlər. Bundan başqa, hər bir kəs ətraf mühitin mühafizəsinə, təbii sərvətlərin qorunmasına və səmərəli istifadəsinə borcludur. Vətəndaş başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, öz hüquqlarını həyata keçirərkən digər insanların hüquq və azadlıqlarını pozmamalıdır. Dövlətin, cəmiyyətin inkişafı mükəmməl təhsil almış savadlı vətəndaşdan başlanır. Azərbaycan Konstitusiyasında da təhsil həm vətəndaşların hüququ, həm də vəzifəsi kimi müəyyənləşdirilmişdir. Belə ki, ölkəmizdə orta ümumtəhsil məcburidir və hər bir kəs bu vəzifəni yerinə yetirməlidir.


Vətənə sədaqət


Bütün bunlar həm də Azərbaycan Respublikası vətəndaşının Vətənə sədaqətini müəyyən edir. Əsas Qanunumuzda Vətənə sədaqət prinsipi də birbaşa təsbit olunmuş əsas dəyərlərdəndir. Bu, vətəndaşların dövlətə və onun müstəqilliyinə münasibətini müəyyənləşdirən konstitusion öhdəlik kimi ifadə olunub. Vətənə sədaqət yalnız hüquqi öhdəlik deyil, həm də konstitusiyanın əsas ruhunu təşkil edən mənəvi dəyərdir. Bu, vətəndaşların dövlətin varlığına, onun dəyərlərinə, suverenliyinə sadiq qalmasını nəzərdə tutur.

Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə tamamlanmış tarixi Zəfərimiz Azərbaycan Konstitusiyasında təsbit olunmuş Vətənə sədaqət prinsipinin yalnız hüquqi öhdəlik deyil, həm də dərin milli dəyər olduğunu bir daha göstərdi. Vətəndaşlarımız 44 günlük Vətən müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə bu vəzifəni layiqincə yerinə yetirərək dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü naminə canlarını belə əsirgəmədilər. Hər ilin 27 sentyabrında - Anım Günündə böyük ehtiram və sevgimizlə yad etdiyimiz şəhidlərimizin əbədi xatirəsi, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlığını qurban vermis qazilərimizin əzmi Vətənə sədaqətin canlı abidəsidir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!