“Ötənilki konfransdan bəri ABŞ-Azərbaycan münasibətləri ağlasığmaz şəkildə dəyişib və bu dəyişikliklər Prezident Trampın Prezident İlham Əliyevlə 8 avqustda keçirdiyi tarixi Sülh Sammiti sayəsində mümkün olub”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, bildirib ki, bu görüş 30 illik Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasına gətirib çıxarıb və yeni sabitlik, təhlükəsizlik və rifah dövrünü açıb.
“Cənubi Qafqazda sülhün açarlarından biri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun yaradılması idi. TRIPP onilliklər ərzində ilk dəfə olaraq Azərbaycanı Naxçıvanla yenidən birləşdirəcək inqilabi, unikal bir layihədir. Bu, uzun müddət bağlı olan regional ticarət yollarını bərpa edəcək”,- deyə o əlavə edib.
O, vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalandığını deyərək bunun rəsmi olaraq ikitərəfli münasibətləri görünməmiş bir səviyyəyə qaldırdığını vurğulayıb.
“Bu, ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin başlanğıcını qoydu. Xartiyaya əsasən, enerji, ticarət və ikitərəfli investisiya sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir. Mövzular arasında süni intellekt, rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə də olacaq”,-deyə departament rəsmisi əlavə edib.