27 Aprel 2024 18:34
275
CƏMİYYƏT
A- A+

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər

 

Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təntənəli mərasimdə müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Ordusunun və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri tədbirdə çıxış edərək bacarıqlı və peşəkar hərbi kadrların yetişdirilməsində belə kursların və təlimlərin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Azərbaycan və Qazaxıstan dəniz piyadalarının birgə təlimlərdə iştirakı və yüksək peşəkarlıq nümayiş etdirməsi müsbət qiymətləndirilib. Bildirilib ki, cari ildə Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Birləşdik–2024” əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Ordusunun bütün qoşun növlərindən bir qrup hərbi qulluqçu, həmçinin aviasiya vasitələri və hərbi gəmiləri iştirak edəcək.

Hərbi Dəniz Qüvvələrinin dəniz poliqonu və treninq mərkəzində azərbaycanlı və türkiyəli təlimatçılar tərəfindən keçirilən hərbi qulluqçuların xüsusi hazırlıq dərsləri təqdirəlayiq hesab edilib.

General-polkovnik K.Vəliyev kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə peşəkar təlimatçılara təşəkkürünü bildirib, kursu uğurla bitirən məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub, məzunlara sertifikatlar təqdim edilib, habelə fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı mükafatlandırılıb.

Rəsmi hissə başa çatandan sonra dəniz piyadaları və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri nümayiş etdirilib.

Sonra dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri, həmçinin sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları izlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video