03 Noyabr 2023 09:00
42858
SİYASƏT
A- A+

“Dəmir yumruğ"un polad sipəri

 

Müzəffər Komandanın qəhrəman əsgərləri olan daxili işlər orqanlarının əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təminində böyük rəşadət göstərdilər

 

Birinci Qarabağ müharibəsi...
Yeganə silahlı asayiş keşikçiləri kimi savaşa ilk qatılan cəsur igidlər oldular… 
Ağdamdan Şuşaya, Ağdərədən Qubadlıya, Kəlbəcərdən Zəngilanadək savaşın getdiyi bütün ərazilərdə şərəflə döyüşdülər... 
Sıralarından 932 qəhrəmanı şəhid verdilər... 
İkinci Qarabağ müharibəsi...
Vətən savaşının ilk dəqiqələrindən silaha sarıldılar, 44 gün ərzində erməni işğalçılarının başını əzdilər, belini qırdılar, Şuşada ucaltdıqları bayrağın timsalında örnək, qəhrəmanlıq nümunələri yaratdılar... 
66 şəhidlə ölməzlik dastanı yazdılar... 
Tarixi Zəfər paradında Müzəffər Ali Baş Komandanın önündən keçərək qələbə raportunu verdilər, həm də böyük himayədarları olan Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında daşıdıqları borcu ləyaqətlə ödədilər...
19-20 sentyabr 2023-cü il…
23 saatlıq antiterror tədbirlərində rəşadətlə savaşaraq, minlərlə hərbi qulluqçusunun qəhrəmanlığı və 20 şəhidinin müqəddəs qanı ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmininə şərəfli möhürlərini vurdular…
Onlar Azərbaycanın savaş qəhrəmanlarıdır, dövlətçiliyimizə qarşı qəsdləri zərərsizləşdirən vətənpərvərlərdir, ictimai asayişin təminində canlarından keçən igidlərdir...
Onlar şanlı Daxili İşlər Nazirliyimizin fədakar əməkdaşlarıdırlar…

 

Vətən savaşının igid fədailəri

 

Daxili işlər orqanlarının 105 illik şərəfli tarixi və bu tarixin qürurlu tərkib hissəsi kimi dövlətçiliyə, xalqa sədaqətli xidmətin yüz minlərlə nümunəsi var. İstiqlalımızın polad sipərlərindən, sabitliyin və təhlükəsiz həyatın əsas təminatçılarından olan Azərbaycan polisi hansı siyasi quruluşda, ictimai formasiyada çalışmasından asılı olmayaraq, daim vətəndaşının etibarlı mühafizi, onun güvənc yeri olmuşdur.
Elə müstəqillik tariximizin bütün keşməkeşli, çətin mərhələlərində, tarixi məqamların hər birinin mahiyyətində daxili işlər orqanlarının şərəfli, sədaqətli və peşəkar fəaliyyəti əlahiddə iz qoyub. Son illərdə isə Böyük zəfərə verdiyi töhfələri, cinayətkarlığa qarşı mübarizədə davamlı nailiyyətləri və pandemiya dövründəki fədakarlıqları ilə şanlı missiyalarına nə qədər sədaqətlə bağlı olduqlarını əyani nümayiş etdirdilər.
Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar fonunda Azərbaycan Respublikası Cənubi Qafqazın yeni təhlükəsizlik sisteminin yaradıcısı kimi Avrasiya məkanında da etibarlı sülh və möhkəm asayiş arxitekturasının formalaşmasına mühüm töhfə verir. Bu kontekstdə daxili işlər orqanlarının ictimai asayişin qorunması, kriminogen duruma nəzarət, cinayətkarlığa qarşı uğurlu mübarizə sahəsində müstəsna xidməti diqqəti xüsusilə cəlb edir. 
Hüquq-mühafizə, xüsusən də daxili işlər orqanlarının böyük əzmkarlığı sayəsində Azərbaycan uzun illərdir sabitlik, təhlükəsizlik adasına çevrilib. Vətən savaşında əldə edilən Zəfərlə bu əmin-amanlıq dövlət başçımızın səyi ilə artıq bütün bölgəyə yayılır. Azərbaycanın ərazi bütövlüyünün təmini, separatizm və təcavüz elementlərinin məhv edilməsi bütünlüklə regionun ictimai ab-havasına müsbət təsir göstərir. 
Xalqımızın misilsiz bayramına, böyük iftixarına çevrilən Azərbaycanın böyük Zəfərinin üçüncü ildönümü daxili işlər orqanlarının əməkdaşları üçün də müqəddəs dəyər kimi qəbul edilir. Qarabağın və Şərqi Zəngəzurun hər bir bölgəsində, məntəqəsində artıq öz vəzifələrini böyük ləyaqətlə həyata keçirən daxili işlər orqanlarının şəxsi heyəti Zəfərin ildönümünü indi Xankəndidən Ali Baş Komandana verilən raportun qüruru ilə daha coşqulu qeyd edir. 
Zəfərdən bizi artıq üç il vaxt ayırır. Bu müddət xalqımızın böyük qələbəsini tam mahiyyəti ilə təhlil etməyə və onun nəticələrinə real qiymət verməyə kifayət edir. "Dəmir yumruğ"u ilə 32 illik amansız müharibəyə qətiyyətlə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfər Azərbaycan tarixinin dönüş mərhələsidir. İkiəsrlik ədalətsizliyi aradan qaldıran, Ulu Öndərin müqəddəs vəsiyyətini yerinə yetirən, Qafqaz regionunun bundan sonrakı iqtisadi, geosiyasi vəziyyətini, hərbi müqəddəratını və asayişini dəyişdirən tarixi Zəfər Silahlı Qüvvələrimizin, habelə daxili işlər orqanlarının mükəmməl gücə çevrildiyini təsdiqlədi. 

 

Murovdan Xankəndiyədək Zəfər yolu

 

Xüsusi vurğulanmalıdır ki, hər iki Qarabağ savaşının hərbi salnaməsi daxili işlər orqanları şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq, cəsurluq, şücaət faktları ilə zəngindir.
Silahlı Qüvvələrimizin tərkib hissəsi olan daxili işlər orqanları Vətən savaşının ilk dəqiqələrindən Ali Baş Komandanın müsəlləh əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar. Qeyd edək ki, hələ Birinci Qarabağ savaşı dönəmində ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti rəşadətlə döyüşmüş, böyük qəhrəmanlıq örnəyi yaratmışdır. Öncəki savaşda 932 əməkdaş şəhid olmuş, 681 nəfər yaralanmışdır. 
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında Silahlı Qüvvələrimizin tərkibində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini verdilər. Ön cəbhənin bütün istiqamətlərində şəxsi heyət düşmənə qarşı igidliklə döyüşərək, torpaqlarımızın azad olunması tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirdi. Yüksək vətənpərvərlik, peşəkarlıq və müasir döyüşaparma qabiliyyəti nümayiş etdirərək "dəmir yumruq"la erməni işğalçıların başını əzdi. 
Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 66 nəfərin şəhid olması, 346 nəfərin isə yaralanması həm ağrılı və kədərli, həm də qürurlu və şərəfli salnamədir. Cənab Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür.
 Vətən müharibəsi dövründə daxili işlər orqanlarının maddi-texniki təminat, tibb xidmətlərinin hərbi qulluqçuları da döyüş bölgəsinə ezam olundular, öz sahələri üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Səfərbərliyə cəlb edilənlər sırasında bir qrup ehtiyatda olan hərbi qulluqçu da vardı. Övladları və yaxın qohumları döyüşlərdə şəhidlik zirvəsinə ucalan, habelə qazi olan veteranlar da yetərincə idi.
Ən nəhayət, 23 saatlıq antiterror tədbirləri çərçivəsində Qarabağ bölgəsinin nəzarətsiz qalan ərazilərinin erməni silahlı birləşmələrindən birdəfəlik təmizlənməsi prosesində də Daxili İşlər Nazirliyinin şəxsi heyəti böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirdi. Sıralarından verdikləri şəhidlərin intiqamı Azərbaycanın ərazi bütövlüyünün tam təmini ilə döyüş meydanında alındı. Xankəndidə, Xocalıda, Xocavənddə Prezident İlham Əliyevin ucaltdığı müqəddəs bayrağımız Silahlı Qüvvələrin, o cümlədən daxili işlər orqanları şəxsi heyətinin Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğ"u ətrafında son qələbə naminə sıx səfərbərliyinin təntənəsi idi.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov son kollegiya iclasında ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu vurğulayaraq Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi Şəhər Polis Şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini söylədi. Nazir işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdə çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi. Bütövlükdə polisin və Daxili Qoşunların Qarabağın bütün ərazisində xidməti vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükəsizliyi qoruduğunu, bu prosesin davamlı olacağını vurğuladı. 

 

Qarabağda və Şərqi Zəngəzurda xidməti fəaliyyətin yeni mərhələsi

 

Daxili işlər orqanları əməkdaşlarının qəhrəmanlıq missiyası heç də zəfərin əldə edilməsi ilə bitmədi. Onlar son üç ildir işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına da cavabdehdirlər. 
Xatırladaq ki, üç il öncə Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 22 şəhər və rayonda komendant saatı tətbiq edilmişdi. 2020-ci il sentyabrın 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə daxili işlər orqanları yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublika üzrə səfərbər oldular. 
Hələ Ermənistan təslimçilik aktını imzalamamış və savaş bitməmiş Prezident böyük müdriklik və uzaqgörənliklə "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərman imzaladı. 29 oktyabr 2020-ci il tarixli həmin fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qərara alındı. Fərman imzalandıqdan dərhal sonra bütün ərazilər üzrə komendantlıqlar yaradıldı, müvəqqəti komendantlar təyin olundu. Daxili İşlər Nazirliyinin və digər dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə ərazi komendantlıqları işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqindən başlayaraq bütün digər istiqamətlər üzrə mühüm vəzifələri icra etdilər. 
Nəzərə alaq ki, bu bölgədə təhlükəsizlik tədbirləri görülmədən bərpa-yenidənqurma işlərinin aparılması, dinc həyatın bərqərar olması, vətəndaşlarımızın məskunlaşması mümkün olmazdı. Daxili İşlər Nazirliyinin şəxsi heyəti işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Xocavənd, Xocalı, Tərtər rayonlarının, eləcə də Şuşa və Xankəndi şəhərinin ərazilərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat və digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiqi üzrə xidməti tapşırıqları yerinə yetirir. Gündəlik olaraq, qeyd olunan istiqamətlərdə stasionar postlar və piyada marşrutlarında əməkdaşlar komendant xidmətinin aparılmasına cəlb edilirlər.
Şəxsi heyətin işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti çoxşaxəli olmaqla yüksək peşəkarlıq, sayıqlıq, qətiyyət və əzmkarlıq tələb edir. Öz növbəsində daxili işlər orqanlarının əməkdaşları qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirir, Ali Baş Komandanın etimadını ləyaqətlə doğruldurlar.
İşğaldan azad edilmiş ərazilərdə polis orqanlarının idarə və şöbələrinin fəaliyyəti təşkil olunub, əməkdaşlar, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Qarabağda və Şərqi Zəngəzurda müvafiq postlar qurulub, təhlükəsizliyə tam nəzarət olunur. 
Müzəffər Ali Baş Komandanın "Qarabağa, tarixi torpaqlarımıza onun sahibləri, biz qayıtmışıq. Bu torpaqlardan bir də heç vaxt çıxmayacağıq" bəyanatı da daxili işlər orqanlarının əməkdaşları üçün Qarabağ və Şərqi Zəngəzur bölgəsində xidmətin əsas məramı, məqsədi və hədəfidir.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda xidməti fəaliyyət Azərbaycan Daxili İşlər Nazirliyinin şərəf salnaməsidir.

 

Vətənin etibarlı keşiyində

 

Birinci Qarabağ müharibəsində, Vətən savaşında və antiterror tədbirlərində şəhid olan əməkdaşlar Daxili İşlər Nazirliyi tərəfindən daim böyük ehtiram və minnətdarlıqla anılırlar. Onların şanlı irsi yaşadılmaqla yanaşı, ailələri, doğmaları da daim nazirliyin himayəsindədir. Həmçinin döyüşlərdə yaralanmış və iştirak etmiş əməkdaşlar və hərbi qulluqçular qayğı, diqqətlə əhatə olunublar.
DİN tərəfindən Vətən savaşında iştirak etmiş və polis orqanlarında fəaliyyət göstərmək arzusunda olan gənclərə də xüsusi şərait yaradılır. Fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü müvafiq tələblərə cavab verdiyi təqdirdə onlar xidmətə qəbul edilirlər. İndiyədək bu kateqoriyadan, eləcə də şəhid ailələrindən yüzlərlə gənc xidmətə qəbul edilib.
Daxili İşlər Nazirliyinin şəxsi heyətinin ön cəbhəylə yanaşı, arxa cəbhədə də şərəfli xidməti xalqımız tərəfindən yüksək qiymətləndirilir. Koronavirus pandemiyası ilə mübarizə dövründə polis və Daxili Qoşunlar böyük fədakarlıq və əzmkarlıqla ən yüksək səviyyədə fəaliyyətləri ilə seçildilər. Əhalinin sağlamlığının qorunması üçün gecəli-gündüzlü xidmət apararaq pandemiya ilə mübarizədə ön sırada addımladılar. 
Şübhəsiz ki, nümunəvi fəaliyyət və qazanılan bütün uğurlar Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Dövlət başçısının daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali himayədarlıq, fəaliyyətinə verdiyi böyük dəyər və etimadı şəxsi heyət tərəfindən minnətdarlıqla qarşılanır. 
İndiyədək Azərbaycan Prezidenti dəfələrlə Daxili İşlər Nazirliyinin müxtəlif struktur qurumlarında, xüsusən də Daxili Qoşunların hərbi hissələrində olub. Müzəffər Komandan şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, sosial-məişət şəraiti ilə də yaxından tanış olur, onların maddi-texniki təminatı ilə maraqlanır ki, bunlar da nəticə etibarilə əməkdaşların fəaliyyətində səmərəliliyi yüksəldir. Hər bir səfər həm də yeni sosial, hərbi obyektin açılışı ilə əlamətdar olur. Mərhələlərlə və ardıcıl həyata keçirilən hərtərəfli quruculuq işləri nəticəsində Daxili İşlər Nazirliyi qarşısına qoyulmuş istənilən mürəkkəb tapşırığı yerinə yetirməyə qadir olan, dövlətimizin etibarlı dayaqlarından birinə çevrilib.
Daxili Qoşunların inkişafı və döyüş hazırlığı səviyyəsini artırması Ali Baş Komandan tərəfindən daim yüksək qiymətləndirilib. "Son illər ərzində Daxili Qoşunlar sürətli inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq, vətənpərvərlik var. Bu bizim üçün çox böyük nailiyyətdir", - söyləyən Prezident İlham Əliyev onu da qeyd edib ki, "Azərbaycan dövləti, dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi üçün Daxili Qoşunların xidməti yüksək səviyyədədir və məni qane edir".
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov da şərəfli xidmət yolu keçən, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət və qəhrəmanlıq göstərmiş Daxili Qoşunların Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq dövlətçiliyin sütunlarından birinə çevrildiyini vurğulayıb: "Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu gün davamlı inkişafda olan Daxili Qoşunların döyüş hazırlığı, təchizatı, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi yüksək səviyyədədir. Öz andına sadiq olan hərbçilərimizin respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, bütövlükdə, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında professionallığı və qətiyyəti özünü Vətən müharibəsi dövründə bir daha təsdiqləmişdir".
Ümumən Daxili İşlər Nazirliyinin, onun təşkilati strukturları olan polisin və Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, onlar həmişə xalqın əmin-amanlığının, daxili sabitliyin sadiq keşikçisi olaraq respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak ediblər. Torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində indi də yüksək peşəkarlıq göstərir, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlirlər. 
Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun etibarlı icraçısı olan Azərbaycan polisi asayişin, daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanır, respublikamızın daha da çiçəklənməsi və qüdrətlənməsi naminə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Vətənə, xalqa, Ulu Öndərin irsinə, möhtərəm Prezidentin siyasətinə sədaqət andına daim sadiq qalır. 
Müzəffər Sərkərdəmizin qazandığı Zəfərin müstəqilliyimiz kimi əbədi olması naminə daxili işlər orqanlarının hər bir əməkdaşı qətiyyətlə, fədakarlıqla xidmət edir. Əlbəttə ki, başqa cür ola da bilməz! 

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video