28 Fevral 2025 08:10
2045
İQTİSADİYYAT
A- A+
Dayanıqlı inkişaf və rifah yolu

Dayanıqlı inkişaf və rifah yolu


Prezident İlham Əliyevin iqtisadi strategiyası Azərbaycanı regionda güc mərkəzinə çevirib


Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib Azərbaycan yeni dövrdə davamlı sabitlik və tərəqqi yolunda inamla irəliləyir. Çevik iqtisadi yanaşmalar, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, əlverişli biznes və investisiya mühiti və sair faktorlar ildən-ilə ölkəmizin iqtisadi uğurlarının artmasını təmin edir.

Yola saldığımız 2024-cü ildə də ölkəmizdə sabit iqtisadi artıma, qeyri-neft-qaz sektorunun davamlı inkişafına nail olunub. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib və ölkəmizi regionda iqtisadi güc mərkəzinə çevirib. 

Azərbaycan dünyada güclü iqtisadi potensialı olan nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınmaqdadır. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşan beynəlxalq və regional layihələr milli maraqlarımızın qorunması əsasında gerçəkliyə çevrilir. Qalib ölkə kimi arxada qoyduğumuz hər il qeyri-neft sektorunda önəmli irəliləyişlər, işğaldan azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası, enerji istiqaməti üzrə beynəlxalq mövqeyin güclənməsi və "yaşıl iqtisadiyyat"ın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərlə xarakterizə oluna bilər. 

Bütün bunlar isə Azərbaycanın milli iqtisadi inkişaf modelinin özünü doğrultduğunu bir daha sübut edir. Bu inkişaf modelində əsas diqqət Azərbaycan vətəndaşının rifahına və təhlükəsiz gələcəyinə yönəlib. 


Uğurlu sosial-iqtisadi inkişaf göstəriciləri


Aparılan sosial-iqtisadi islahatlar, müxtəlif sferalarda köklü dəyişikliklər, şəffaflığın artırılması və digər mühüm amillər inklüziv sosial-iqtisadi inkişafda həlledici önəm kəsb edir. Dövlətimiz iqtisadi imkanların sosial sferada ədalətli təcəssümü, vətəndaş məmnunluğunun daim yüksəldilməsi üçün bütün məqamlardan maksimum yararlanır. Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən siyasətdə Azərbaycan insanının yüksək rifahının təmin olunması, həyat keyfiyyətinin artırılması tədbirləri yeni uğurlarla davam etdirilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr isə on minlərlə vətəndaşın rifahının yaxşılaşmasına mühüm töhfələr verir.  

İqtisadiyyat Nazirliyinə ünvanladığımız sorğunun cavablarına uyğun olaraq sosial-iqtisadi sahədə əldə edilən uğurları konkret göstərici və rəqəmlərlə ifadə edək:

2024-cü ildə əvvəlki illə müqayisədə ÜDM-in real həcmi 4,1 faiz artıb. Bu, Beynəlxalq Valyuta Fondunun 2024-cü ildə dünya iqtisadiyyatı üzrə gözlənilən artım tempindən 1 faiz bəndi çoxdur. 

Son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25 faiz, qeyri-neft-qaz sənayesi isə 1,6 dəfə artıb. Qeyri-neft-qaz sektorunun ÜDM-də xüsusi çəkisi 60 faizdən çox olub. 2024-cü ildə sənaye zonalarında istehsal olunan qeyri-neft-qaz sənaye məhsullarının cəmi qeyri-neft-qaz sənaye buraxılışında xüsusi çəkisi 2019-cu illə müqayisədə 8,9 faiz bəndi artaraq 17,6 faiz olub.

 2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 3,7 faiz artaraq 71 milyard ABŞ dollarına çatıb ki, bu da ÜDM-in 95,5 faizinə bərabərdir və müvafiq qızıl idxalı istisna olmaqla, idxalın həcmini 4,0 dəfə üstələyir. 


Qeyri-neft-qaz sektorunda davamlı inkişaf, əldə olunan nəticələr


Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qeyri-neft-qaz sektorunun inkişafı strategiyasının əsas məqsədi iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın minimuma endirilməsi, inkişafın davamlılığının təmin edilməsidir. Bu sahədə əldə olunan nəticələrə diqqət edək: 

2024-cü ildə qeyri-neft-qaz sektorunun ixracı əvvəlki illə müqayisədə 0,3 faiz artaraq  3.356,5 milyon ABŞ dolları olub. Ötən il qeyri-neft-qaz sektorunun ixracında sənaye məhsullarının payı (kənd təsərrüfatı məhsullarının emalı daxil olmaqla) 72,1 faiz təşkil edib. 2024-cü ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 16,2 faiz və ya 184,7 milyon ABŞ dolları artaraq 1,3 milyard ABŞ dollarına çatıb. Xarici ticarət saldosu müsbət 5,5 milyard ABŞ dolları, müvafiq qızıl idxalı istisna olmaqla isə 8,8 milyard ABŞ dolları olub. 


Sənaye zonalarına indiyədək 6,9 milyard manat ümumi investisiya yatırılıb


Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişafı dayanıqlı iqtisadi artımda önəmli faktordur. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Bu istiqamətdə mühüm tədbirlər icra edilir, yeni istehsal müəssisələri və iş yerləri yaradılır, sənayenin yeni üsul və texnologiyalarla inkişafına, əhalinin məşğulluq səviyyəsinin və rifahının yüksəldilməsinə əhəmiyyətli töhfələr verilir.  

Dövlət başçısının təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin sayının artırılmasına yeni imkanlar açır. Ölkədə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.

Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. 

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.

Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri açılıb.


Ötən il sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib


2015-ci ildən 2025-ci ilin yanvar ayının 1-dək sənaye zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında isə 26 faiz təşkil edib.  

Uğurlu müqavilə-hüquq bazası beynəlxalq iqtisadi əməkdaşlıqda önəmli amillərdəndir. Hazırda Azərbaycanın 10 ölkə ilə sərbəst ticarət sazişləri qüvvədədir. Müəyyən məhsullar üzrə Türkiyə bazarlarına güzəştli şərtlərlə giriş imkanı verən qardaş ölkə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilib və Azərbaycan mənşəli 15 adda yeni məhsulun Türkiyəyə ixracına gömrük rüsumu güzəştləri əldə edilib.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ötən ilin iyulunda Pakistan Hökuməti ilə də Preferensial Ticarət Sazişi imzalanıb. 

Hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Saziş çərçivəsində qarşılıqlı ticarətdə əksər məhsullar üzrə preferensial rejimin tətbiqi müzakirə olunur. İxracın artırılması və şaxələndirilməsi məqsədilə digər ölkələrlə də preferensial və sərbəst ticarət sazişlərinin bağlanması imkanları araşdırılır.

Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və "Made in Azerbaijan" brendinin xaricdə tanıdılmasına dəstək tədbirləri də ixracın artımını stimullaşdırır. Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının təqdim olunduğu 12 ticarət evimiz, eləcə də 5 ticarət nümayəndəliyimiz fəaliyyət göstərir. 

 "Made in Azerbaijan" brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizm mövcuddur. Bu mexanizmlərin siyahısına ixrac və alıcı missiyalarının təşkili, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, bazar araşdırmalarının aparılması, həmçinin sahibkarlara beynəlxalq sertifikatların alınmasına kömək göstərilməsi, tədqiqat-inkişaf proqramlarının icrası və sair daxildir.

Ötən il ixracatçılarımız ümumilikdə 10 beynəlxalq sərgidə iştirak ediblər. Sərgilərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın yerli şirkət təmsil olunub və ixrac əməliyyatları üzrə dəyəri 18 milyon ABŞ dollarınadək müqavilələr imzalanıb.

Dünya və regionda bir sıra mühüm enerji və nəqliyyat dəhlizlərinin təşəbbüsçüsü və iştirakçısı olan Azərbaycanda digər mühüm layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Liman tranzit potensialının artırılması baxımından böyük önəm kəsb edir. Ələt azad iqtisadi zonası isə yerli və xarici investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmət istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. 


İqtisadiyyatda və əmək bazarında şəffaflaşmanın artım və inkişafa önəmli təsirləri 


Dövlət iqtisadiyyatın şəffaflaşması, sahibkarlığın güclənməsi və dayanıqlı gəlirlər sisteminin formalaşması ilə iqtisadiyyatın böyüməsində maraqlıdır. Son illərdə aparılan vergi siyasəti iqtisadi tənzimləmənin başlıca alətlərindən biri olaraq müsbət dəyişikliklərə, "kölgə" iqtisadiyyatını ağartmağa yönəlib. 

Mikro sahibkarlıq kiçik biznesə, kiçik sahibkarlıq isə orta biznesə çevrilərsə, iqtisadiyyatda keyfiyyət dəyişiklikləri daha da arta bilər. İnvestisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiqi, həmçinin "kölgə" iqtisadiyyatının miqyasının kiçildilməsi məqsədilə vergidə rəqəmsallaşmanın genişləndirilməsi önəmlidir. Bu istiqamətdə nəticəyönümlü işlər davam etdirilir. 2024-cü ilin daxilolmaları üzrə dinamikaya nəzər salanda, xüsusilə qeyri-neft-qaz sektorunda mühüm artım müşahidə olunur. 

2024-cü ildə bu rəqəm 11 milyard manatdan çox olub və bu sektor üzrə vergi daxilolmalarının artım dinamikası əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz təşkil edir. Qeyri-neft-qaz sektoru üzrə daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi  69,8 faiz təşkil edib və əvvəlki illə müqayisədə təxminən 9 faizdən çox artım müşahidə olunub. 2024-cü ildə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının büdcənin qeyri-neft gəlirlərində payı 57,4 faiz təşkil edib. 

 

İşğaldan azad edilmiş ərazilərin reinteqrasiyası iqtisadi artıma əlavə imkanlar açıb


Azad edilmiş torpaqlarımızın reinteqrasiyası ölkənin iqtisadi potensialının artmasına, dayanıqlı inkişafa geniş imkanlar vəd edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bu istiqamətdə investisiya cəlbi ilə biznes fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. 

Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. Burada istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. 

Sahibkarlığın İnkişafı Fondu (SİF) "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir. 

Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları mədənçıxarma, kənd təsərrüfatı, "yaşıl enerji" və digər sahələrin inkişafı üçün böyük potensiala malikdir. Bölgədə biznes üçün güzəşt və azadolmalar, həmçinin güzəştli kredit, kredit-zəmanət və subsidiya mexanizmləri, digər dəstək tədbirləri tətbiq edilir. Eyni zamanda bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılmış Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları bölgənin sənayeləşməsində mühüm faktora çevrilməkdədir. Ağdam Sənaye Parkı yaradıldığı qısa müddət ərzində rezident sayına görə ölkəmizdəki sənaye parkları arasında ikinci yerə yüksəlib. Sənaye parkında 29 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir. Sənaye parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında indiyədək sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub. Bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının investisiya portfeli 130 milyon manatdan çox 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Parkda 1 müəssisə fəaliyyət göstərir, 6 müəssisənin isə tikintisi aparılır.

Ötən il dekabrın 1-dək işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının rezindentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 82 təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında müəssisələr tərəfindən təqribən 5,6 milyon manat dəyərində vergi və rüsumlardan azadolma tətbiq olunub.

Sosial-iqtisadi münasibətləri daha səmərəli etmək, sakinlərin xidmət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün dövlət başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyası həyata keçirilməkdədir. İlk "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində Zəngilan rayonunda Prezident İlham Əliyev tərəfindən qoyulub, kənd hazırda məskunlaşıb. Həmçinin dövlət başçısı tərəfindən 2021-ci ilin oktyabr ayında ikinci "Ağıllı kənd" konsepsiyası əsasında Füzuli rayonunda bir neçə kəndi birləşdirən Dövlətyarlı kəndinin təməli qoyulub. Kənddə "yaşıl" və alternativ enerjidən istifadə, "ağıllı idarəetmə" sistemi tətbiq ediləcək və "Ağıllı kənd" təsərrüfatı sahəsi fəaliyyət göstərəcək. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!