15 Yanvar 2026 09:15
677
Mədəniyyət
A- A+
Daşlara həkk edilmiş salnamələrin tədqiqatçısı

Daşlara həkk edilmiş salnamələrin tədqiqatçısı


Görkəmli alim, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Məşədixanım Nemət 1924-cü il yanvar ayının 5-də Bakının II Zabrat kəndində dünyaya göz açıb. Uşaq vaxtlarında taleyi üzünə gülməyib. Valideynlərini itirən Məşədixanım böyük çətinliklər çəkməli olub.

Ömrünün o ağır və keşməkeşli illəri xatirələrində belə iz salmışdı: "Valideynlərimi erkən itirmişəm, həyatın çox çətinliklərindən keçmişəm. 1936-cı ildə kolxozlar yaradılarkən atamın əmlakını alıb kolxoza verdilər. Atam bu haqsızlığa dözməyərək vəfat etdi. Buna qədər anam da dünyasını dəyişmişdi. Böyük qardaşımın himayəsində böyüdük. Çox ağır dövr idi. Çətinliklərə baxmayaraq, məktəbdən qalmırdım. Qardaşım hər səhər məni məktəbə aparar, özü isə zavoda işə gedərdi. 8 nəfərlik ailəni qardaşım tək saxlayırdı". Ancaq həyat yenə də onu çox ağır sınağa çəkib. Dünyanı lərzəyə salan müharibənin fəlakəti onları yasa batırıb. Otuz bir yaşlı qardaşı müharibəyə gedib. Cəbhədə həlak olub. Ailənin yükünü Məşədixanım öz zərif çiyinlərinə götürməli olub. 

Həmin illərdə çox ağrı-acılar çəkməli olublar. Ancaq gördüyü məhrumiyyətlər Məşədixanımı ruhdan sala bilməyib. Təhsildən uzaqlaşmayıb. Böyük ümidlə, tükənməz arzularla gələcəyə üz tutub.

O, 1941-ci ildə orta məktəbi başa vurub. Yolunda maneəyə çevrilmiş çətinlikləri aşaraq ali təhsil almağa səy göstərib. Nəhayət, istəyinə çatıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nin) Filologiya fakültəsinə daxil olub. Məşədixanım Nemət müsahibələrinin birində həmin günləri belə xatırlayıb: "1943-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Sonra yeni açılan Şərqşünaslıq fakültəsindən xoşum gəldiyi üçün müəllimimiz Mir Cəlal Paşayevdən xahiş etdim ki, məni həmin fakültəyə keçirsin. Həm oxuyurdum, həm də işləyirdim. İlk iş yerim tikiş fabriki olub. O vaxt artel deyərdilər. Tələbəlik illərimdə isə müəllimlərimin köməyi ilə Azərbaycan Radiosunun fars dili şöbəsində tərcüməçi kimi çalışmağa başladım. O vaxt makinada da yazırdım. Müharibədən sonra vəziyyətimiz yaxşılaşdı". 

Məşədixanım 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Daim oxumağa, yeni biliklər öyrənməyə meyilli olan gənc həyatını elmə həsr etmək qərarına gəlib. Bu məqsədlə Azərbaycan SSR Elmlər Akademiyasının (EA) Tarix İnstitutunun aspiranturasına daxil olub. 1948-1953-cü illərdə həmin institutun aspirantı olub və  elm yolunda ilk, qətiyyətli addımlarını atıb. 

Məşədixanım Nemət 1954-cü ildə namizədlik, 1968-də isə doktorluq dissertasiyasını müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilib.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Məşədixanım Nemət Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə, "Şöhrət" ordeninə layiq görülüb.

O, elmi fəaliyyəti boyunca çox çətinliklərdən keçməli olub. Çünki asan yol seçməyib, tarixin ən çətin, ən mürəkkəb elm sahələrindən biri - epiqrafika üzrə nəinki ölkəmizdə, bütün dünyada nadir mütəxəssislərdən biri olub.  Görkəmli alim mənalı həyatını bu sahəyə həsr edib.

Bu sahədə çalışan tədqiqatçının "elmi laboratoriyası" rahat kabinetlər deyil, açıq səma altındakı tarixi məkanlardır. Həmin məkanlara çatmaq, orada bəzən günlərlə, aylarla tədqiqat aparmaq üçün o, çox vaxt təhlükəli, uçurumlu dağ cığırlarından keçib. Ot basmış, ilanlı Orta əsr qəbiristanlıqlarında, qızmar günəş altında saatlarla ara vermədən çalışıb. Məşədixanım Nemət heç kəsin oxuya bilmədiyi, əsrlərin şahidi olan daşlarla "dil tapıb".

Daş kitabələrimizi oxumaq üçün epiqraf tədqiqatçıdan yalnız ərəb və fars dillərini mükəmməl bilmək tələb olunmur. Eyni zamanda kitabələrin aid olduğu müxtəlif elm sahələrini, onların problemlərini dərindən bilməlisən ki, yüzlərlə məzar daşı arasından elmi baxımdan dəyərli olanları seçməyi bacarasan. Belə bir mütəxəssisi heç bir ali məktəb yetişdirmir - bu sahənin adamları fitri istedad və böyük fədakarlıq sayəsində formalaşırlar. Elə bu səbəbdəndir ki, dünyada bu sahə üzrə alimlərin sayı çox azdır.

Məşədixanım Nemət altmış illik elmi fəaliyyəti boyunca Azərbaycanın bütün tarixi ərazilərini dolaşaraq ərəb qrafikasının müxtəlif xətlərlə yazılmış ərəb, fars və türk dillərində kitabələri oxuyub, daşlara həkk edilmiş tarixi salnamələri məsuliyyətlə araşdırıb. Onun tədqiqatları nəticəsində ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq və sənətşünaslıq, filologiya, islam fəlsəfəsi və sufizm, toponimika, etnoqenez kimi sahələr üzrə çoxlu sayda son dərəcə dəqiq tarixi məlumatlar əldə olunub. 

Yorulmaz tədqiqatçı Məşədixanım Nemət uzun illər Ermənistanın işğalında qalan torpaqlarımızın epiqrafik irsinin Azərbaycan xalqına məxsusluğunu danılmaz faktlarla təsdiqləyib. Görkəmli alimin araşdırmaları nəticəsində bir sıra memarlıq abidələrinin təyinatı və tarixi dəqiqləşdirilib. 

Tədqiqatçı ümumilikdə 2500-dən artıq epiqrafik abidəni toplayaraq oxumuş, onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Bu zəngin elmi fəaliyyətin nəticəsi olaraq Məşədixanım Nemət 12-dən çox monoqrafiyanın, 200-dən artıq elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu" fundamental nəşrinin müəllifidir.

Məşədixanım Nemət epiqrafikanı Azərbaycanda ayrıca elmi fənn kimi formalaşdırıb. Onun fəaliyyəti yalnız kitabələrin aşkar edilməsi, oxunması və nəşri ilə məhdudlaşmayıb. Alimin uzun illik tədqiqatları nəticəsində əldə edilən epiqrafik materiallar Azərbaycan tarixinin bir çox konseptual problemlərinin araşdırılmasında mühüm mənbə rolunu oynayır.

Məşədixanım Nemət 2016-cı il dekabrın 27-də 92 yaşında dünyasını dəyişib. Zabrat qəbiristanlığında dəfn olunub.

Ömrünü xalqının tarixi yaddaşını qorumağa həsr etmiş görkəmli alimin özündən sonra da əsərləri tarix elmimizə əvəzsiz xidmət edir. Daşlara həkk olunmuş tariximizi oxumuş Məşədixanım Nemətin adı Azərbaycan elminin yaddaşına əbədi həkk olunub.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!