"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bu dəfə də Bakıda toplaşdı. Bu mötəbər toplantılar üçün paytaxtımızın dəyişməz ev sahibi olması bir sıra səbəblərdən irəli gəlir. Əvvəla, Avropanın enerji xəritəsini dəyişdirən möhtəşəm "Cənub qaz dəhlizi" layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olub. "Yaşıl enerji" hədəflərimiz də hamıya bəllidir və dünya tərəfindən dəstəklənir. Ən başlıca səbəblərdən biri də dövlətimizin başçısı İlham Əliyevin dünyada qazandığı nüfuzdan, kəsərli söz sahibi olmasından, Azərbaycana etibarlı tərəfdaş imici qazandırmasından qaynaqlanır.
"Cənub qaz dəhlizi" kimi qlobal layihənin gerçəkləşməsində Məşvərət Şurası iclaslarının mühüm rolu olub. Belə ki, hər Məşvərət Şurası ilboyu görülən işlərə yekun vurur, qarşıdakı işləri müəyyənləşdirir. Doğrudur, "Cənub qaz dəhlizi" 2018-ci ilin mayında istifadəyə verilib, onun son seqmenti isə 2020-ci ilin dekabrında işə salınıb. Bununla belə, Məşvərət Şurası yenə də hər il Bakıda toplaşır. Çünki zaman qarşıya yeni tələblər, yeni vəzifələr qoyur. Azərbaycan qazına tələbat artır. Azərbaycandan qaz idxal edən ölkələrin sayı getdikcə çoxalır. Buna görə də dəhlizin ayrı-ayrı seqmentlərinin genişləndirilməsi, yeni interkonnektorların çəkilməsi üçün zərurət yaranır. Prezident İlham Əliyev hələ bir neçə il bundan əvvəl belə deyib: "Cənub qaz dəhlizi" layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik".
Azərbaycanın Avropaya "yaşıl enerji" dəhlizi də çəkmək məqsədi var. Belə ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qazaxıstan və Özbəkistan da qərara gəliblər ki, Azərbaycan üzərindən bu dəhlizə özlərinin istehsal etdikləri bərpaolunun enerjini qoşsunlar. Bununla ölkəmiz "yaşıl enerji"nin həm də tranzitini həyata keçirəcək. Bu barədə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri saziş də imzalayıblar.
Bərpaolunan enerji ilə bağlı görüləcək işlər çoxdur. Hələ 2020-ci ildə ölkəmiz növbəti 10 ildə, yəni 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin (BOEM) payını 30 faizə çatdırmağı hədəfləyib. Gələn il BOEM-in payının artıq 25 faizə çatdırılacağı nəzərdə tutulur. Bunun reallaşması üçün ölkəmizin quruda 135 və dənizdə 157 qiqavat "yaşıl enerji" potensialı, eləcə də götürdüyü uğurlu start zəmin yaradır. İşğaldan azad edilmiş ərazilərimiz və Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan edilib.
Qarabağ və Şərqi Zəngəzurda su-elektrik stansiyalarının sayı 40-a çatıb. İndi bu ərazilərdə daha böyük bərpaolunan enerji layihələri icra olunmaqdadır. Bakıda COP29-un davam etdiyi günlərdə Cəbrayıl rayonunda BP şirkəti ilə birlikdə tikiləcək 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyulub və hazırda işlər nəzərdə tutulan plana uyğun aparılır.
Ümumiyyətlə isə "yaşıl enerji" layihələri artıq digər şəhər və bölgələrimizi də əhatə etməyə başlayıb. 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Bu yaxınlarda investoru Səudiyyə Ərəbistanının "ACWA Power", tikintisinin baş podratçısı Çinin "Power China" şirkətləri olan 240 meqavat gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası istismara daxil olub. Abşeronda, Neftçalada, Biləsuvarda da növbəti bərpaolunan enerji stansiyaları layihələri öz icrasının müxtəlif mərhələlərindədir. Bir sözlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.
Bütün bunlar barədə dünən keçirilən tədbirdə bir daha ətraflı bəhs olunub. Prezident İlham Əliyevin toplantının açılışında iştirak etməsi və çıxış etməsi tədbirin önəminə bir daha diqqət çəkir. Dövlətimizin başçısı istər qaz hasilatı və ixracı, istərsə də "yaşıl enerji" layihələrindən ətraflı danışaraq qazıntı yanacağı və bərpaolunan enerjinin vəhdəti məsələsinə də toxunub: "Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin eyni zamanda biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, biz yaxşı həll yolları tapacağıq".
Yeri gəlmişkən, qeyd edək ki, dövlətimizin başçısı tədbirdə iştirak etmək üçün Bakıya gələn Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dan Yorgensen Prezident İlham Əliyevin çıxışının onlarda dərin təəssürat hissi yaratdığını bildirib. Tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizlə tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini deyib və onu genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb, əməkdaşlığa görə minnətdarlıq edib.
Dövlətimizin başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun ötən il ölkəmizə səfərlərinə toxunaraq heyətlərimizin fəal işləməsini enerji və bağlılıq məsələlərində əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfdə olan iradənin göstəricisi kimi qiymətləndirib.
Söhbət zamanı Azərbaycanın xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, "yaşıl enerji" ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, budəfəki toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edib. Toplantının açılışından sonra nazirlər sessiyası və plenar sessiyalar, "dəyirmi masa" keçirilib.
Flora SADIQLI,
"Azərbaycan"